Məhkəmə qərarları › İş №8(103)-395/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-395/2020

29.09.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-395/2020 29.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Tələbkar LPO “xxxxxxxxx” ASC-nin nümayəndəsi X1, Borclu İlman oğlunun, onun nümayəndəsi X3, Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)- 1185/2013 saylı qərardadından Borclu İlman oğlu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(006)- 205/2012 saylı qətnaməsi ilə cavabdeh Borclu İlman oğlu ilə “xxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxx 2009-cu il tarixli 301 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdeh Borclu İlman oğlundan “xxxxxxxxx” ASC-nin xeyrinə əsas kredit borcuna görə 259376,97 manat, faiz borcuna görə 63274,19 manat, dəbbə puluna görə 5000 manat, cəmi 327651,16 manat pulun tutulması qət edilmişdir. Qətnamə icra olunması üçün Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə göndərilmiş, xx.xx.2013-cü il tarixli qərarla iş üzrə icraata başlanmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 8(006)-1185/2013 saylı qərardadı ilə xx.xx.2013-cü il tarixli 2(006)-205/2012 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu İlman oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı təmin edilmişdir. Borclu İlman oğlu ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 8 (006)-1185/2013 saylı qərardadının ləğv edilməsini, icra sənədi üzrə ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, o, qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığına görə qətnaməni, icraata başlamaq haqqında qərarı və bildirişi almamışdır. Buna baxmayaraq, icra məmurunun təqdimatı əsasında Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 8(006)-1185/2013 saylı qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İcra məmuru təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin və “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2.1, 2.2.2, 2.2.3, 2.5-ci bəndlərinin tələblərinə riayət etməmişdir. O uzun müddətdir ürəyində yaranmış problemlə bağlı Türkiyə Cümhuriyyətində müalicə almışdır. Bakıda aldığı müalicə onun xəstəliyinə müsbət təsir göstərmir, xəstəliyi getdikcə kəskinləşir. Bu səbəbdən müalicə məqsədi ilə Türkiyə Cümhuriyyətinə getmək istəyərkən onun ölkədən getmək hüququnun məhdudlaşdırıldığı barədə məlumat almışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 8(006)-1185/2013 saylı qərardadını o, xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon İcra və Probasiya Şöbəsindən almışdır. Bu günə kimi həmin qərardad barədə məlumatı olmamışdır. Buna görə də qərardadın ləğv edilməsini və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)- 1185/2013 saylı qərardadı ilə borclunun şikayəti təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)- 1185/2013 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Borclu İlman oğlu və onun nümayəndəsi Abıyev X8 ayrı-ayrılıqda məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Borclu izahatına əlavə olaraq bildirdi ki, icra şöbəsindən bildiriş gəldiyi vaxt o, Azərbaycan Respublikasında olmamış, səhhəti ilə əlaqədar olaraq Türkiyə Cümhuriyyətində olmuşdur. İcra işindən onun xəbəri olmamış, təqdimatın təmin edildiyi məhkəmə iclasında iştirak edə bilməmişdir. Onun ölkədən getmə hüququnun məhdudlaşdırılması səhhətində ciddi problem yarada bilər. Bundan əlavə o, əleyhinə çıxan qətnamədən də apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti icraata götürülmüşdür. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Nəsimi rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X4 izahatında bildirdi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(006)-205/2012 saylı icra sənədi Nəsimi rayon icra şöbəsinin xx xxxxxx 2016-cı il tarixli 17/70-688/7 saylı qərarı ilə icrası mümkün olmayan icra sənədi kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən məhkəməyə geri qaytarılmışdır. İcra sənədinin qaytarılmasına səbəb isə qərarda da göstərildiyi kimi icra tədbirləri nəticəsində borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəlirin aşkar edilməməsidir. İcra sənədinin geri qaytarılmasına dair qərar tərəflərə göndərilmiş, lakin həmin qərardan şikayət verilməmiş və müvafiq məhkəmə qərarına əsasən də ləğv edilməmişdir. İcra məmuru tərəfindən qəbul edilmiş həmin qərar hal-hazırda qüvvədə olduğu üçün məcburi icra hərəkətlərinin aparılması mümkün deyil. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, Borclu İlman oğlunun şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(006)-1185/2013 saylı qərardadı ləğv edilməli, Borclu İlman oğlunun ölkədən getmə hüquqlarının məhdudlaşdırılmasına dair təqdimat rədd edilməli, bu barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 8(006)-1185/2013 saylı qərardadı ləğv edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından göründüyü kimi, Borclu xx.xx.2013-cü il tarixli 2(006)-205/2012 saylı icra işindən məlumatlı olmamış, icra məmuru tərəfindən göndərilmiş bildiriş və qərarın surəti borclunun ünvanına göndərilsə də, qəbzlərdən göründüyü kimi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Borclunun özünün də bildirdiyinə görə həmin vaxtlarda o, Azərbaycan Respublikasında olmamış, uzun müddət müalicəsi ilə əlaqədar olaraq Türkiyə Cumhuriyyətində yaşamışdır. Beləliklə, Borclu icra sənədinin icrasından boyun qaçırması təsdiq olunmamışdır. Buna görə də onun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas olmamışdır. Bundan əlavə, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(006)-205/2012 saylı qətnaməsindən cavabdeh Borclu tərəfindən Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilmiş, apelyasiya mümkün hesab edilərək apelyasiya baxışına təyin edilmişdir. Bundan əlavə, həmin icra sənədi Nəsimi rayon icra şöbəsinin xx xxxxxx 2016-cı il tarixli 17/70-688/7 saylı qərarı ilə məhkəməyə geri qaytarılmışdır. Yəni borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına əsas verən icra işi artıq mövcud deyildir. İcra məmuru tərəfindən borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı əmlak və gəliri aşkar edilməməsi səbəbindən icra sənədinin geri qaytarılmasına dair qərar qəbul edilmiş və həmin qərardan şikayət verilmədiyinə görə hal-hazırda qüvvədədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.2 və 23.1.3-cü maddələrinə əsasən borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclu İlman oğlunun şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli 8(006)- 1185/2013 saylı qərardadı və həmin qərardadın qüvvədə saxlanılması barədə xx xxxxxx 2020-ci il tarixli 8(006)-1185/2013 saylı qərardadı ləğv edilsin. Borclu İlman oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinin təqdimatı təmin olunmasın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar