Məhkəmə qərarları › İş №8(103)-395/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-395/2021

05.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-395/2021 05.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Tələbkarın nümayəndəsi X2 iştirakı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-175/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Şəhram Şəmmədli sözügedən qətnamənin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(008)-4981/2019 saylı qətnaməsi 28.12.2020-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək borclunun icra vərəqəsində göstərilən ünvanına göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə 26.01.2021-ci il tarixə məcburi icra təyin olunsa da, evdə başqa şəxslərin yaşaması və evin mülkiyyətçisinin başqası olması ilə bağlı çıxarışın təqdim olunması səbəbi ilə icra sənədinin icrası mümkün olmamışdır. İcra sənədinə əsasən tələbkarın köçürülməli olduğu ev Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi. Savalan massivi, ev 1, mənzil 19B qeyd olunsa da, tələbkarın göstəridiyi evin həmin ev olmadığı müəyyən edilmişdir. Evin dəqiq ünvanını müəyyən etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş və mütəxəssisin iştirakı ilə əmlaka yenidən baxış keçirilmişdir. Baxış zamanı həmin evin mülkiyyətçisinin Maraqlı şəxs olması və həmin ünvanın Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivi, 2-ci kvartal, ev 615 olması müəyyən edilmiş və bu barədə akt tərtib edilmişdir. Qeyd olunanlara əsasən Sabunçu Rayon Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(008)-4981/2019 saylı icra sənədi üzrə Tələbkar hansı mənzilə köçürülməsi və icra sənədinin icrası ilə bağlı hansı hərəkətlərin edilməsi barədə izah verilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20.09.2019-cu il tarixli, 2(008)-4981/2019 saylı qətnaməsinə izah verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan Borclu şikayət verərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı iddiası təmin edilmiş, onun ünvan 2 ünvana köçürülməsi qət edilmişdir. Qətnamə icra olunması üçün Sabunçu rayon İcra və Probasiya Şöbəsnin icra məmuru Şəhram Şəmmədliyə verilmişdir. İcra vərəqəsi icra olunan zaman ünvan 2 ünvanı mövcud deyildir və həmin ünvanda faktki olaraq ünvan 4 yerləşir ki, bu evin mülkiyyətçisi də Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Çixarışa əsasən Maraqlı şəxs adlı şəxsdir. Bu səbəbdən ica məmuru məhkəməyə izah edilməsi üçün 18.02.2-21-ci il tarixdə ərizə ilə müraciət etmişdir. ünvan 2 ünvanı mövcud deyildir. Həmin ünvanda faktki olaraq ünvan 4 yerləşir ki, bu evin mülkiyyətçisi də Maraqlı şəxs adlı şəxsdir. Göründüyü kimi, Maraqlı şəxs mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşdiyi halda Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ünvan 2 ünvana köçürülməsi qət edilmişdir. Bunlar ayrı ünvanlardır. İddiaçı Tələbkar mənzilə köçürülməsinin başqa bir şəxsin evinə heç bir aidiyyatı yoxdur. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 20.09.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ona qarşı iddiasının təmin edilməsinə dair hissəsində ünvan 7 ünvana köçürülməsi qət edilmiş evin, ünvan 4 yerləşən fərdi yaşayış evi deyildir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı tələbkarın nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, icra məmurunun vermiş olduğu təqdimatın məzmunundan görünür ki, icra məmuru tələbkar V.C.Cəfərzadənin ünvan 7 ünvana köçürülməsi istiqamətində müəyyən icra hərəkətləri həyata keçirmiş, lakin bu zaman həmin evdə başqa şəxslərin yaşaması və evin Maraqlı şəxs adlı şəxsin xüsusi mülkiyyətində olması müəyyən edilmişdir. İcra məmuru məhz bu səbəbdən hazırkı təqdimatla məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi, məhkəmə icra məmurunun ərizəsi əsasında yalnız məhkəmənin çıxarmış olduğu qərarın izah olunmasını xahiş edə, məhkəmə isə zərurət olduqda, həmin qərarın məzmununu dəyişmədən onu izah edir. Lakin ərizədən görünür ki, icra məmuru qətnamənin izahı ilə bağlı deyil, icra sənədi üzrə hansı icra hərəkətlərinin aparılmalı olması ilə bağlı məhkəməyə müraciət etmiş, işə baxan birinci intsansiya məhkəməsinin hakimi həmin təqdimatı göstərilən əsaslarla ərizəni təmin etməmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə vurğulayır ki, ədalət mühakiməsinin məqsədlərinə nail olunması üçün məhkəmə qərarlarının qanunla müəyyən edilmiş müddətdə və tam icrası zəruridir. Odur ki, məhkəmə qərarının icrası Azərbaycan Respublikasının da qoşulduğu «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında həmin Məhkəmə göstərmişdir ki, “Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, “məhkəmə hüququnu” ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması “araşdırmanın” ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir”. Avropa Məhkəməsi «Əfəndiyeva Azərbaycana qarşı» və “Tarıverdiyev Azərbaycana qarşı” qərarlarında vurğulamışdır ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun aynlmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Məhkəmənin mövqeyi belə olmuşdur ki, dövlətin daxili hüquq sistemi qüvvəyə minmiş və hüquqi cəhətdən məcburi olan məhkəmə qərarlarının tərəflərdən birinin ziyanına icra olunmamış qalmasına imkan verirsə, o halda ədalətli məhkəmə araşdırması hüququ yalnız kağız üzərində qalır”. Qeyd olunanlar ona dəlalət edir ki, qətnamənin məzmununda izahla aydınlaşdırılmalı olan qeyri-müəyyən ifadələr və ya hallar mövcud deyil. Məhkəmə kollegiyası iş üzrə borclu tərəfindən verilmiş şikayətin dəlillərini əsassız hesab edir və bir daha xatırladır ki, qanunvericiliyin tələblərinə görə məhkəmə icra sənədinin verilməsi üçün əsas olmuş qərarına yalnız onun məzmununu dəyişmədən izah verməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hakiminin qərardadından verilmiş şikayəti əsassız hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı : Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-175/2021 saylı, 15 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar