Məhkəmə qərarları › İş №8(103)-395/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-395/2024

06.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-395/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)-293/2024 saylı qərardadından X1nın verdiyi şikayəti üzrə (Açar sözlər: qətnamənin hissə-hissə icra olunması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)-293/2024 nömrəli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, X3 "xxxx" MMC-nin xeyrinə xx.xx.2020ci il tarixli müqavilə üzrə 3198,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3815 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 7073,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,78 manat tutularaq “ABC-Telecom" MMC-yə ödənilməsi qət edilmişdir. X1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 saylı icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı Tələbkar MMC ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********33261 olan iPhone 11 Pro markalı telefon üçün 3198,6 manat ödənilməmiş hissə, 690,4 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********63985 olan iPhone 11 Pro Max markalı telefon üçün 3815 manat ödənilməmiş hissə, 874 manat dəbbə pulu, ümumilikdə 8578 manat borcun və 105,78 manat dövlət rüsumunun əvəzinin, ondan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(007)-357/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və ondan "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3198,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3815 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 7073,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,78 manat tutularaq Tələbkar MMC-yə ödənilməsi qət edilmişdir. O, oğurlanmış telefonların kreditini ödəyir, həmin telefonlar polis əməkdaşları tərəfindən lombardda tapılmışdır. O, 7179,38 manat olan borcdan 3394,38 manatı ödəmiş, 2 telefondan birinin satışı edilib və ödəniş edib, lakin digər telefonun İEMİ kodu “Kontakt Home” tərəfindən bağlayaraq ondan aylıq ödəniş tələb edilir. O, Paşa Holdingdə işləyir və əmək haqqı 2500 manat təşil edir. Onun himayəsində bir azyaşlı uşağı var, özü də kirayədə yaşayır, kredit öhdəlikləri də var. Birbaşa 3394,38 manat pulu ödəməyə imkanı yoxdur, lakin o, pulu ödəməkdən imtina etmir. Hər ay mütamadi olaraq 150 manat ödəyə bilər. Nizami rayon İcra şöbəsinin icra məmuru həmin məbləğin tam ödənilməsini ondan tələb edir. Qeyd edilənlərə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(007)-357/2022 saylı qətnaməsi üzrə iddiaçı "xxxx" MMC-yə borclu olduğu 3394,38 manatın hissə-hissə olaraq hər ay 150 manat ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X5 ərizənin təmin edilməməsini xahiş edərək hazırda icra sənədi üzrə borclunun 3779,38 manat borcunun olmasını, müqavilə bağlandığı vaxtdan artıq dörd il keçməsini, borcun ödənilməməsini, borclunun işləyərək aylıq əmək haqqının 2500 manat olmasını göstərmişdir. Məhkəmə iclasında X1 ərizənin dəlillələrinə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş edərək, 6 aydır ki, işləməsini, kredit ödənişlərini etsə də, bağlandığından telefondan istifadə edə bilməməsini, kirayə mənzildə yaşamasını, himayəsində azyaşlı övladının olmasını, başqa öhdəliklərinin olmasını göstərmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(007)-293/2024 saylı qərardadı ilə X1nın Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 saylı qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)-357/2022 saylı icra sənədinə əsasən iddia qismən təmin edilərək, X3 "xxxx" MMC-nin xeyrinə xx.xx.2020ci il tarixli müqavilə üzrə 3198,6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3815 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla, cəmi 7073,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,78 manat tutularaq “ABC-Telecom" MMC-yə ödənilməsi qət edilmişdir. Sözügedən icra sənədi xx.xx.2022-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraya yönəldilmişdir. Lakin borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddətində icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməmişdir. Tərəflərin vermiş olduğu izahatlara əsasən hazırda icra sənədi üzrə ödənilməmiş borcun miqdarı 3779,38 manatdır. Elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışa əsasən borclu "xxxx" MMC-də bölmə rəhbəri vəzifəsində işləyir və aylıq əmək haqqı məbləği 2842 manat təşkil edir. Borclu qətnamənin hissə-hissə icra olunması üçün Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin borclunun əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə haqlı olması ilə bağlı qənaətə gəlməsini əsaslı edə biləcək mötəbər sübutunu ərizəsinə əlavə etməmiş və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X1nın hazırkı ərizəsində qeyd etdikləri qətnaməni hissə-hissə icra etməsi ilə bağlı qərar qəbul edilməsinə əsas ola bilməz. Belə ki, məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, borclunun hazırkı mövqeyi, yəni borcun hər ay 150 manat ödənilməsi qətnamənin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə qərar çıxarılmış tələbkarın isə hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, X1nın qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəsinin təmin edilməsi üçün heç bir əsas olmadığından ərizə təmin edilməməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(007)-293/2024 saylı qərardaddan narazı qalan X1 şikayət verərək qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-357/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddaçı "xxxx" MMC-nin tələbinə əsasən, iddia qismən təmin edilmiş və cavabdeh tərəfindən iddiaçı "xxxx" MMC-nin xeyrinə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3198.6 manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3815 manat manat ödənilməmiş hissə, 30 manat dəbbə pulu olmaqla ümumilikdə 7073.6 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105.78 manatın tutulması qət olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-357/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi icra olunmaq üçün icra vərəqəsi ilə birlikdə Maraqlı şəxsnə göndərilmişdir. Qətnamədə nəzərdə tutulan məbləği birdəfəyə ödəmək imkanı olmadığı üçün Nizami Rayon Məhkəməsinə qətnamənin hissə-hissə icra edilməsi tələbi barədə ərizə ilə müraciət etmiş, qalan borcu 3394.38 manat təşkil edir. O, borcu birdəfəyə ödəmək imkanının olmadığını bildirmiş, lakin Nizami Rayon Məhkəməsinin 8(007)-293/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə borcun hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməmişdir. Belə ki, Nizami Rayon Məhkəməsinin 2(007)-357/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində qeyd olunan kimi onun "xxxx" MMC Sumqayıt zavodunda çalışıb 2500 manat əməkhaqqı alması 3394.38 manat borcu birdəfəyə ödəyə bilməyim mənasına gəlməməlidir. Hesab edir ki, Nizami Rayon Məhkəməsinin 8(007)-293/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı borclunun maddi və ailə-məişət vəziyyətini, aylıq xərclərini nəzərə almadan qəbul edilmişdir. O, aylıq çalışıb əldə etdiyi 2500 manat əməkhaqqı ilə həm tələbkara aylıq 150 manat ödəniş edir, həm də özünün və qızının ehtiyaclarını qarşılayır. Belə ki, himayəsində yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü qız övladı vardır. Valideyn olaraq onun həm təhsil xərclərini qarşılamaq, həm də “-5” dərəcə görmə qabiliyyəti olması səbəbi ilə övladının idmanla məşğul olmasını təmin etmək məcburiyyətindədir. Qızının aylıq müayinə və müalicə xərclərini də qarşılamalıdır. Bununla yanaşı o, qızı ilə birlikdə kirayə mənzildə yaşayır. Həmin mənzilin də kommunal ödənişləri, aylıq kirayə haqqı və məişət xərcləri kifayət qədər məbləğ edir. Qızı əvvəl Bakı Fransız Liseyi Təhsil Kompleksində təhsil alırdı, lakin maddi imkanı buna şərait yaratmadı. Belə ki, qızının təhsili üçün Bakı Fransız Liseyi Təhsil Kompleksinə borcu yaranmış və bununla bağlı da Bakı Fransız Liseyi Təhsil Kompleksi Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Nizami Rayon Məhkəməsinin e2(007)-2132/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə 9650 manat təhsil haqqı borcunun və ödənilmiş 116,50 manat dövlət rüsumunun ondan tutulmasını qət edilmişdir. Hal-hazırda onun 8000 manat borcu qalmışdır. Hesab edir ki, borcun hissə-hissə ödənilməsi barədə ərizənin təmin edilməməsi onun övladını tək böyüdən bir ana olaraq maddi vəziyyətinin nəzərə alınmaması deməkdir. Belə ki, o, xərclərinin qarşılanması baxımından kirayə üçün ilkin ödənişi də Rabitəbankdan 1000 manat kredit götürməklə ödəyə bilmişdir. "xxxx" MMC Sumqayıt zavodunda çalışıb 2500 manat əməkhaqqı alması onun və övladının minimal xərclərini, borclarının aylıq ödənişini çətinliklə qarşılayır. Hesab edirəm ki, Nizami Rayon Məhkəməsinin 8(007)-293/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı borclunun maddi və ailə-məişət vəziyyətini, aylıq xərclərini nəzərə almadan qəbul edilmişdir. Nəzərə alınmalıdır ki, onun başqa yerdən gəliri və maddi dəstəyi yoxdur. O, Tələbkar MMC-yə hər ay ödəniş edir və aylıq 150 manat ödəməkdən də boyun qaçırmır. Tələbkara olan borcunu aylıq 150 manat məbləğində ödəyib bitirməyə hazırdır. Sadalanan səbəblərdən irəli gələrək borcunu tam məbləğdə ödəməsi mümkün deyildir. Ona görə də Nizami Rayon Məhkəməsinin 8(007)-293/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və borcun hissə-hissə ödənilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)-293/2024 saylı qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(007)- 293/2024 saylı qərardaddan X1nın verdiyi şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək; 398.0.4. qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı: Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. «Ali Məhkəmənin Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarı: Bənd 6. Məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi”nin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbul edilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997ci il tarixli Qərar, §40). Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra edilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, qətnamənin hissə-hissə icra edilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Məhkəmələr bu məsələləri həll edərkən təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Bundan əlavə, qanunvericiliyin tələblərinə əsasən məhkəmə icra sənədinin vaxtında və düzgün icra edilməsinə öz səlahiyyətləri daxilində nəzarəti həyata keçirməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(007)- 357/2022 saylı qətnaməsinin hissə-hissə icraya yönəldilməsi sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəyindən ərizə təmin edilməməlidir. Kollegiya şikayətin dəlilləri ilə bağlı eyni zamanda qeyd edir ki, kirayədə yaşamasını, himayəsində övladının olmasını, digər öhdəliklərinin olmasını bilən borclu tələbkarla müqavilələr bağlayarkən öz gəlirlərinin müntəzəm olmasına güvənib üzərinə yeni öhdəliklər götürdüyündən, hazırda tələbkarla icra sənədinin hissə-hissə icra edilməsinə dair qarşılıqlı razılığı olmasına dair sübutunu məhkəməyə təqdim etmədiyindən də, şikayətdə istinad olunanlar qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(007)-293/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar