Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-396/2020 02.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(001)-162/2018 №-li iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan iş üzrə Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3587/2010 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2010-cu il tarixli qətnaməsi əsasında xx.xx.2011-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən icra hərəkətlərini həyata keçirən Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ramin Muradov təqdimatla Rayon Məhkəməsinə müraciət edərək Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, (yuxarıda qeyd edilən) icra sənədinə əsasən Borclu xx.xx.2006-cı il təvəllüdlü uşağın – X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2010cu il tarixdən başlayaraq hər ay 72 manat məbləğində aliment tutularaq Tələbkar Bəhəddin qızına verilməlidir. İcra sənədinin könüllü icra edilməsi üçün Borclua vaxt müəyyən edilmişdir. Tələbkar X.Musayevə xx.xx.2020-ci il tarixdə ərizə ilə İcra Şöbəsinə müraciət edərək bildirmişdir ki, Borclu icra sənədini icra etməmiş, nəticədə 1.600 manat məbləğində aliment borcu yaranmış, buna baxmayaraq Borclu mütəmadi olaraq xarici ölkələrə səfər edir. Bunları nəzərə alan icra məmuru hesab edir ki, Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmalıdır. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-cü il tarixli qərardadla təqdimatı təmin etmişdir. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə yeni qərardad qəbul edilərək təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdimata baxmış Rayon Məhkəməsi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə Borclu qanunla nəzərdə tutulmuş qaydada məlumat verməmiş və buna baxmayaraq təqdimata Borclu iştirakı olmadan baxmışdır. Bundan başqa, təqdimata baxmış Rayon Məhkəməsi təqdimatda qeyd edilən borcun mövcud olub-olmamasını araşdırmamışdır. Halbuki, bu halın araşdırılması təqdimatın həlli üçün vacibdir. Nəhayət, Rayon Məhkəməsi araşdırmamışdır ki, icra sənədi üzrə icra hərəkətlərini həyata keçirən icra məmuru Borclu banklarda hesablarının olub-olmamasını, hesabı olduğu halda hesabda pul vəsaitinin olub-olmamasını, Borclu əmlak vəziyyətini araşdırmışdır ya yox. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hesab edir ki, qərardaddan verilmiş şikayət qismən təmin edilməli və icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinin mənasına görə, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzrlü hesab etdikdə işə baxılmasını təxirə salır (maddə 185.3.). Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır (maddə 185.4.). Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir (maddə 185.5.). İş materiallarından görünür ki, yuxarıda qeyd edilən təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə Borclu məhkəmə baxışı iclasında iştirakını MPM-nin 185-ci maddəsində müəyyən edilmiş qaydada təmin etməmiş, məhkəmə baxışı iclasının yeri və vaxtı barədə bildirişin borcluya çatdırılıb-çatdırılmamasını araşdırmamışdır (məhkəmə bildirişinin borcluya çatdırılmasını təsdiq edə biləcək sənəd işdə yoxdur). Borclu qərardaddan verdiyi şikayətdə bildirir ki, məhkəmə bildirişi ona çatdırılmamışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, məhkəmə bildirişinin Borclu göndərilməsi hələ onun borcluya verilməsi sayılmır, borclu, ona göndərilmiş bildirişin almadığını və ya hansı tarixdə aldığını sübut etməyə borclu deyil. Məhkəmə bildirişinin borcluya lazımı qaydada verilməsini təmin etmək vəzifəsi bildirişi göndərmiş məhkəmənin üzərinə düşür. Lakin məhkəmə bildirişinin borcluya lazımı qaydada verildiyi iş materialları ilə təsdiq edilmir. Göründüyü kimi, Rayon Məhkəməsi, MPM-nin 185-ci maddəsinin tələblərini pozmuşdur. Qərardan çəkişmə şəraitində qəbul edilməmişdir. Bu hal isə düzgün olmayan qərardadın qəbul edilməsinə səbəb olmuşdur. Şikayətin digər dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin mənasına görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin edir, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göründüyü kimi, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatı əsaslandırılmış olmalıdır və təqdimatın əsası ondan ibarət olmalıdır ki, məhkəmə qərarı üzrə verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmiş, habelə borclunun adına hər-hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmiş olsun. Qeyd edilən maddi hüquq normasında “əsaslandırılmış təqdimat” ifadəsi özündə bu təqdimatda qeyd olunan halların müvafiq sübutlara – sənədlərə əsaslanmasını ehtiva edir. Başqa sözlə təqdimatı vermiş icra məmuru borcludur ki, təqdimatda qeyd olunan halları təsdiq edə biləcək sənədləri təqdimata əlavə etsin. İş materiallarından görünür ki, tələbin könüllü icra olunması barədə Borclu göndərilmiş bildiriş təqdimata əlavə olunsa da, icra sənədinin məcburi qaydada icra edilməsinin təmin edilməsi məqsədi ilə icra məmurunun borclunun banklarda pul vəsaitinin və ya daşınar və ya daşınmaz əmlaklarının olub-olmamasını müəyyən etmək istiqamətində hər hansı araşdırmanın aparıldığını təsdiq edə biləcək sənədlər əlavə edilməmişdir. Ümumiyyətlə, Borclu aliment borcunun olub-olmaması, varsa, borcun hansı məbləğdə olması barədə təqdimata sübutlar əlavə edilməmişdir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, təqdimatda qeyd edilənlər əsaslandırılmamışdır. İşə baxmış Rayon Məhkəməsi isə təqdimatda qeyd edilən halları araşdırmadan təqdimatı təmin etmişdir. Qərardad əsaslı deyil – səhvdir; şikayətin dəlilləri formal mülahizə xarakteri daşımır. Buna görə də göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq Məhkəmə hesab edir ki, qərardad ləğv edilməli və icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Şikayətdə, qərardadın ləğv edilməsi ilə yanaşı təqdimatın təmin edilməməsi xahiş edildiyindən şikayət qismən təmin edilmiş hesab olunur. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardad ləğv edilsin. Borclu ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmurunun təqdimatına yenidən baxılması üçün iş Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-396/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-396/2020
02.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver