Məhkəmə qərarları › İş №8(103)-396/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-396/2023

21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-396/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlundan (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Borclu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-405/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə avtomobillərin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə baxılmasına dair məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-405/2023 nömrəli xx.xx.2023cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Oğuz Rayon Məhkəməsinin 2(054)- 782/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus “Toyota Prius (Hibrid)” markalı, 77-FC732 dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (Hibrid)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və “BMW X-6” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu ərizə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərardad ilə “BMW X-6” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, ərizəni onunla əsaslandırmışdır ki, icra sənədi üzrə borcu 8184 ABŞ dolları təşkil edir. Qərardad ilə ona məxsus 5 avtomobilin üzərinə həbs qoyulmuşdur, bu isə mütənasiblik prinsipinə ziddir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-405/2023 nömrəli 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-405/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu adına olan “BMW X-6” markalı, **-HN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Hazırda həmin qərardaddan icra sənədi üzrə Tələbkar ASC şikayət verərək qərardadın ləğv edilməsini və həmin avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobillərin sənəd üzərində borclunun mülkiyyətində olması həmin əmlakların fiziki olaraq mövcud olması, mülkiyyətçinin faktiki istifadəsində olması və icra sənədi üzrə borcun ödənilə biləcəyi likvidlikdə olması demək deyildir. Göründüyü kimi borclu faktiki olaraq məhkəmə qərarını icra etmək durumunda olduğu bir vəziyyətdə nə könüllü icra müddəti ərzində, nə də bundan sonra məhkəmə qətnaməsinin icrası istiqamətində hər-hansı addım atmamışdır. Tələbkar tərəfindən verilmiş şikayət təmin olunmayaraq, məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinin tələbinə görə isə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən qoyulur. Oğuz Rayon Məhkəməsinin 2(054)-782/2015 saylı xx.xx.2015-ci il tarixli əmrinə əsasən Borclu və X2 müştərək qaydada kreditor “Nikoyl” İKB-nın xeyinə, həll olunma gününə tətbiq olunan dərəcədə yeni azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla, 6384 ABŞ dolları əsas borc, 1800 ABŞ dolları faiz borcu, cəmi 8184 ABŞ dolları borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Elektron informasiya sistemindən çıxarışdan görünür ki, Borclu mülkiyyətində 2007ci il buraxışlışlı “Toyota Prius (Hibrid)” markalı, **-FC-*** dövlət qeydiyyat nişanlı, 2005-ci il buraxılışlı “Toyota Prius (Hibrid)” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı “Toyota Prius (Hibrid)” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı “Toyota Prius (Hibrid)” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı və 2011-ci il buraxılışlı “BMW X-6” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri mövcuddur. Məhkəmə hazırda belə nəticəyə gəlmişdir ki, icra sənədinin icrası ilə bağlı tətbiq olunan tədbirlər borclunun ödəməli olduğu məbləğə mütənasib olmalıdır. Borclunun icra sənədi üzrə ödəməli olduğu məbləği nəzərə alaraq, borcluya məxsus “BMW X-6” markalı, **-HN-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərindən həbsin götürülməsini məqsədəmüvafiq hesab etmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti yalnışdır. Göründüyü kimi ödənilməli borc məbləği 2015-ci ilə aid icra sənədi üzrə olan borcdur. Həmin icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Bu səbəbdən borcun ödənilməsinin təmin edilməsi məqsədilə borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəmə müraciət edilmiş və avtomobillərrin üzərinə həbs qoyulmuşdur. Məhkəmə mütənasiblik prinsipinə əsaslanaraq “BMW X-6” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi qənaətinə gələrkən nəzərə almamışdır, 2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı bu qədər müddət ərzində borclu tərəfindən hər hansı addım atılmamış, digər tərəfdən 4 ədəd “Toyota Prius (Hibrid)” markalı avtomobillər cavabdehin mülkiyyətində olsa da, həmin avtomobillərin hazırda fiziki olaraq mövcud olması, sonuncunun faktiki istifadəsində olması və yararlılıq vəziyyəti, icra sənədi üzrə borcun ödənilməsinə xidmət edib-etməməsi kimi hallar müəyyən edilməmişdir. Borclunun mülkiyyətində olan “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitələrinin istehsal illəri 2005, 2006, 2007, 2012-ci il olmaqla, günümüzdə həmin nəqliyyat vasitələrinin əksərən “Taksi” fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi məlumdur. Belə vəziyyətdə isə həmin avtomobillərin real olaraq saz vəziyyətdə və məhz Borclu faktiki istifadəsində olması real görünmür. Göstərilən hallar ona dəlalət edir ki, qeyd olunan avtomobillər arasında ən real dəyərə malik olan “BMW X-6” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi, faktiki olaraq icra sənədinin təkrar uzun müddət icrasız qalmasına gətirib çıxaracaqdır. Çünki, qeyd olunduğu kimi, “Toyota Prius (Hibrid)” markalı nəqliyyat vasitələri, demək olar ki, 90 faiz hallarda taksi xidmətinin göstərilməsi üçün istifadə olunur və tez-tez istifadəçiləri dəyişir. Hazırki işdə də həmin avtomobillərin kimin faktiki istifadəsində olması müəyyən olunmayıb. Kollegiya “BMW X-6” markalı avtomobilin üzərindən həbsin götürülməsini birmənalı inkar etmir, ancaq hesab edir ki, bu, yalnız “Toyota Prius (Hibrid)” markalı avtomobillər (borcun həddində bir-ikisi də olar bilər) real olaraq Borclu tərəfindən icra orqanına təqdim olunduğu, yəni sonuncunun niyyətinin xoşməramlı olduğu müəyyən olunduqdan sonra baş verə bilər. Qeyd olunanlara əsasən məhkəmənin qərardadı ləğv edilməli və sadalanan hallar nəzərə alınmaqla ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-405/2023 nömrəli 06 oktyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və Borclu adına olan “BMW X-6” markalı, **-HN-*** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəyə yenidən baxılması üçün iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar