Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-396/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-1/2025 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-550/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin, 47 saylı mənzili açıq hərracdan satılmalı, mənzilin ilkin satış qiyməti 265.000 manat müəyyən edilməli, satışdan əldə olunmuş vəsaitin ½ hissəsi iddiaçı Tələbkar, ½ hissəsi cavabdeh X3 ödənilməlidir. X2 ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədi üzrə icra üsulunun və qaydasının dəyişdirilməsini və qeyd edilən mənzilin hazırki real bazar qiyməti müəyyən edildikdən sonra onun hərracdan satılmasını və sonrakı əməliyyatların həyata keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-99/2024 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 550/2020 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X2 tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan X2 tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 8(103)-197/2024 saylı qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 99/2024 saylı qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-1/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsinin “mənzilin ilkin satış qiymətinin 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilməsi” hissəsində icra qaydası dəyişdirilərək, tərəflərin paylı mülkiyyətində olan və açıq hərrac vasitəsilə satışı nəzərdə tutulan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin, 47 saylı mənzilinin ilkin satış qiyməti 395.000 manat müəyyən edilmişdir. X2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, yəni maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən gəldiyi nəticə səhvdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsinə əsasən tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin, 47 saylı mənzilinin açıq hərracdan satılması qət edilmiş, mənzilin ilkin satış qiyməti 265.000 (iki yüz altmış beş min) manat müəyyən edilmişdir. İşə baxılan zaman tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin 47 saylı mənzilin real bazar qiymətinin nə qədər təşkil etməsi ilə bağlı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/173 saylı rəyinə əsasən tədqiq olunan mənzilin ümumi sahəsinin 139.1 kv.metr təşkil etdiyini nəzərə alaraq, həmin mənzilin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 395.000 manat müəyyən edilir. Həmin ekspert rəyi ilə razılaşmayaraq tərəfindən təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin vəsatəti rədd etmişdir. Ekspertin sonuncu dəfə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, paylı mülkiyyətlərində olan mənzilin dəyəri çox aşağı qiymətləndirilmişdir. Belə ki, mübahisəli mənzilin sahəsi 139.1 kv.m. təşkil etdiyi nəzərə alınsa onda 1 kv.m. dəyəri 2.800 manat təşkil edir. Həmin ərazidə təmirsiz mənzilin 1 kv.m. dəyəri 2.800 manatdan yuxarıdır. İcra mərhələsində mənzilin aşağı qiymətə hərraca çıxarılması sui-istifadə hallarına yol açır. Bu kimi neqativ hallara yol verilməməsi üçün hərraca çıxarılan mənzilin real bazar qiyməti müəyyən olunmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-1/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci və 2-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir; 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında ifadə edilmiş mövqeyə uyğun olaraq Mülki prosessual qanunvericilikdə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması da müəyyən edilmişdir (Mülki Prosessual Məcəllənin 231-ci maddəsi). Məhkəmə qətnaməsinin icra üsulları iş üzrə tərəflərin birinin pozulmuş hüquqlarının bərpasına yönəlmiş hərəkətlər sistemini nəzərdə tutur. Məhkəmə qətnaməsinin icra qaydası isə müvafiq məhkəmə aktının icra üsullarının məzmununu təşkil edən, müəyyən ardıcıllıqla və müvafiq qaydalara riayət etməklə yerinə yetirilən hərəkətlərin məcmusu deməkdir. Qətnamənin icra qaydasının dəyişdirilməsi məhkəmə tərəfindən icra hərəkətlərinin yerinə yetirilməsi ardıcıllığının (növbəliyinin), yaxud göstərilən hərəkətlərin məzmununun (həyata keçirilməsi şərtinin) dəyişdirilməsində ifadə olunur və belə yanaşma Konstitusiyanın 60-cı maddənin İ hissəsinin tələblərinə cavab verərək, qətnamənin icra qaydasının dəyişdirilməsini işdə iştirak edən şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəliliyini təmin edən vasitəsi kimi qiymətləndirilir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-550/2020 saylı qətnaməsi ilə iş üzrə iddiaçı Tələbkar və cavabdeh X3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Qulu Quliyev küçəsi, 41 saylı evin, 47 saylı mənzilinin açıq hərracdan satılması, mənzilin ilkin satış qiymətinin 265.000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitin 1/2 hissəsinin iddiaçıya, 1/2 hissəsinin cavabdehə ödənilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə göndərilmiş, lakin bugünədək icra olunmamışdır. İcra sənədinin icrası ilə bağlı ilkin hərracın keçirilməsi vaxtı müəyyən edilmiş və bu barədə borcluya bildiriş göndərilmişdir. Lakin borclu ötən dövr ərzində mənzilin dəyərinin xeyli artdığını, hazırda 265.000 manat deyil, hətta 500.000 manatdan artıq olduğunu bildirir və qətnamənin icra qaydasının dəyişdirilməsini tələb etməklə, nəticə etibarı ilə bu əmlakın hazırda mövcud olan dəyəri ilə hərraca çıxarılmasını tələb edir. Bununla bağlı məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən aparılmış ekspert tədqiqatı nəticəsində bu əmlakın orta bazar qiymətinin 395.000 manat olduğu müəyyən edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli ekspert rəyi tərtib edilmişdir. Birinci instansiya məhkəməsi də mənzilin dəyərinin müəyyən edilməsində həmin rəyi mötəbər sübut kimi qiymətləndirmiş və əmlakın məhz bu qiymətlə hərraca çıxarılması qənaətinə gəlmişdir. Hazırda borclu icra qaydasının dəyəşdirilməsindən razı qalsa da, bu qaydada mənzilin müəyyən edilmiş orta bazar qiyməti ilə razılaşmır və məhkəmə eksperti tərəfindən 1 kv.m. üçün müəyyən edilmiş (395.000 / 139,1 = 2.839) 2.800 manatın hazırda həmin ərazidə olan təmirsiz mənzilin 1 kv.m. sahəsinin dəyərini təşkil etdiyini bildirir. Lakin öz mövqeyini sübuta yetirə biməmiş, şikayətini əmlakın dəyərinin daha yüksək olması ilə əsaslandırmış olsa belə, istinad etdiyi hallarla əlaqədar məhkəməyə hər hansı sübut (alternativ rəy, qiymətləndirmə hesabatı və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin qeyd edilən rəyini mötəbə sübut kimi qiymətləndirməmək və mənzilin daha yüksək dəyərdə olması qənaətinə gəlmək üçün hər hansı hal müəyyən etməmişdir. Qeyd edilənlər öz növbəsində şikayətin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi mənzilin dəyərinin müəyyən edilməsi ilə bağlı öz mövqeyində haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(006)-1/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-396/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-396/2025
11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver