Məhkəmə qərarları › İş №8(103)-397/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-397/2023

17.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-397/2023 17.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 8(011)- 668/2023 saylı qərardadından borclu X4 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-105/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə olmaqla, yəni hər ay 500 manat ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin 2(011)-105/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan Tələbkar xeyrinə 18581 manat, cərimə borcuna görə 500 manat, mənəvi zərərə görə 500 manat, ödənilmiş dövlət rüsumu olaraq 30 manat məbləğində pul tutulması qət olunmuşdur. Qətnamə qanunu qüvvəsini almış və aidiyyəti üzrə icra olunması üçün şöbəsinə göndərilmişdir. Hazırda işsizdir, himayəsində həyat yoldaşı və iki az yaşlı uşağı var. Atası ikinci qrup əlildir. Özü hazırda hepatit В xəstəsidir. Sağlamlığı ilə bağlı borcu ödəyə bilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 8(011)- 668/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Borclu həmin qərardaddan şikayət vermişdir. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Xətai Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, borcu bir dəfəyə ödəməyə imkanı olmadığı halda, borclunun qətnamə qəbul edildikdən dərhal sonra da tələbkarla qətnamənin icra qaydasını öz aralarında razılaşdıra bilərdi ki, bu da qətnamənin uzun müddətə tam icrasız qalmasını aradan qaldıra bilərdi. Lakin borclu qətnamənin qəbul edilməsindən uzun müddət keçsə də, tələbkarla belə bir razılaşmanın olmasına şəxsən cəhd belə etməmiş, qəbul edilməsindən 1 ildən artıq müddət keçdikdən sonra qətnamənin hissə-hissə icrası barədə məhkəməyə müraciət etmişdir. Borclunun xəstə olması (halbuki, tələbkar da beyin xərçəngi xəstəliyindən əziyyət çəkdiyini bildirir) və himayəsində azyaşlı övladının olması onun, hüququndan siu-istifadə etməsi ilə nəticələnə bilməz. Borclunun hər ay 500 manat olmaqla, öhdəliyi hissə-hissə icra etməsi qətnamənin 39 ay müddətinə tam icra olunması deməkdir ki, bu da tələbkarın maraqlarının və məhkəmə müdafiə hüququnun əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 13 dekabr 2010-cu il tarixli Qərarı). Buna görə də məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə mənfi təsir göstərə bilər. Göründüyü kimi, qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də diqqətdən yayınmamalıdır. Nəzərə alınmalıdır ki, ərizənin göstərilən qaydada (hər ay 500 manat olmaqla) təmin olunması borcun tam ödənilməsinin 39 ay müddətinə təxirə salınması anlamına gəlir ki, bu da tələbkarın mənafeləri baxımından yolverilməzdir. Bu mənada, hazırkı işin halları baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, habelə tələbkarın maraqlarını nəzərə alaraq ərizəni təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 8(011)- 668/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar