Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-397/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsi (icra məmuru Sahib Allahverdiyev) təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanmış icra sənədi üzrə Borclu qızı borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, icranı könüllü təmin etməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Belə ki, “Elektron icra” İnformasiya sistemi vasitəsilə inteqrasiya olunmuş DYP, Milli Depozit Mərkəzi, Dövlət Vergi Xidməti və banklardan əldə edilmiş məlumatlarda borcluya məxsus pul vəsaiti və əmlak aşkar edilməmişdir. “Elektron icra” İnformasiya sistemindən məlum olur ki, borclunun mülkiyyətində hər hansı əmlak yoxdur. Belə olan icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədəmüvafiq hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) təqdimat təmin olunmuşdur. Həmin qərardaddan narazı qalan borclu buraxılmış müddətin üzrlü hesab olunaraq bərpası barədə ərizə və eyni zamanda şikayət verərək, qərardadın ləğv olunması və təqdimatın təmin olunmaması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət - borcu ödəməkdən yayınmaması, maddi imkanının aşağı olması, borcun yönəldilə biləcəyi başqa heç bir əmlakının olmaması, işsiz olması və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə buraxılmış müddətin bərpasına dair ərizə təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Tələbkar tərəfindən şikayətə qarşı ünvanlanan etirazda borclunun şikayətinin əsassız olması, şikayətin dəlillərinin formal xarakterli olması, borclu tərəfindən borcun uzun müddət icra olmaması, bununla bağlı hər hansı addımın atılmaması, hazırkı halda borclunun adına icra məmuru tərəfindən hər hansı əmlakın və icra sənədinin yönəldilə biləcəyi əmlakın tapılmaması, borclu tərəfindən birinci instansiya məhkəməsində ölkəni tərk etmək niyyətinin olmasının bildirilməsi, belə olan halda isə borclunun bank qarşısında öhdəliyinin icrasız qalacağı və s. göstərilmişdir. Kollegiya, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2024-cüil tarixli, 8(004)- 336/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. «İcra haqqında» Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunmalıdır ki, Konstitusiyanın 28-ci maddəsində təsbit olunmuş hər kəsin Azərbaycan Respublikasının ərazisindən kənara getmək hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan «İcra haqqında» Qanunun 84-1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasının səmərəliliyinin artırılmasına yönəlmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, qüvvəyə minmiş məhkəmə qərarlarının vaxtında və düzgün icra edilməsi Konstitusiyanın 60-cı maddəsi ilə təmin olunan məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Beləliklə, «İcra haqqında» Qanunun 84-1-ci maddəsində nəzərdə tutulan məhdudlaşdırıcı tədbir məhkəmə müdafiəsi konstitusiya hüququnun real həyata keçirilməsinin təminatına yönəlmişdir və bu baxımdan konstitusiya əhəmiyyətli məqsədə çatmağa xidmət etdiyi üçün məqbul sayılmalıdır. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Borclu xx.xx.2020-ci il tarixli “Təhsil müqaviləsi”nə əsasən, təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsaiti (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarından, həmçinin tərəflərin bildirdiklərindən müəyyən olunur ki, qeyd edilən icra sənədi üzrə müvafiq pul vəsaiti borclu tərəfindən ödənilməmişdir. Qeyd edilməlidir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Borclu şikayətində qüvvəyə minmiş qətnaməni icra edə bilməmə səbəb kimi göstərdiyi dəlillər (maddi imkanın aşağı olması və s.) isə qərardadın ləğv olunması əsas olmamaqla, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələblərini aradan qaldırmır. Yuxarıda da qeyd edildiyi kimi, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər («İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsi). Bununla yanaşı, borclu icra sənədinin icra olunmamasının üzrlü olaraq baş verməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Göründüyü kimi məhkəmə qərarının icrası «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılır. Əgər məhkəmə qərarı uzun müddət ərzində icra olunmamışdırsa, şəxslərin ədalətli məhkəmə hüququ da pozulmuş olur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin, həmin qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-397/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-397/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver