Məhkəmə qərarları › İş №8(103)-398/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-398/2025

08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-398/2025 08.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, Xətai Rayon İcra Şöbəsinin icra məmurunun “Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” təqdimatına dair iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-620/2025 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Xətai Rayon Məhkəməsinin 2(011)-114/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci ildə verdiyi icra vərəqəsinə görə, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 9-da yerləşən 24 nömrəli mənzilin alınması və təmiri üçün ödənilmiş 85.629,45 manat pulun ½ hissəsi Borclu alınaraq Tələbkar verilməli, bununla yanaşı, dövlət rüsumunun əvəzi kimi 118 manat Borclu alınaraq Tələbkar verilməli, ekspertiza xərci olan 100 manatın 50 manatı borcludan, 50 manatı tələbkardan Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulmalıdır. 2.İcra sənədi icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilib və icra məmurunun xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat başlanıb. Birinci instansiya məhkəməsində icraat 3.Xətai Rayon İcra Şöbəsininin icra məmuru xx.xx.2025-ci ildə təqdimatla məhkəməyə müraciət edərək xahiş edib ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılsın. Təqdimat onunla əsaslandırılıb ki, icra sənədində göstərilmiş tələb müəyyən olunmuş 10 günlük müddətdə borclu tərəfindən könüllü icra edilməyib. 4.Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, təqdimat təmin edilsin, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. 5.Borclu qərardaddan Xətai Rayon Məhkəməsinə şikayət verərək tələb edib ki, qərardad ləğv edilsin və təqdimat təmin olunmasın. Şikayət onunla əsaslandırılıb ki, borclu məhkəmə qətnaməsini xx.xx.2025-ci ildə icra edib. Məbləğin tam ödənilməsi və borclunun tələbkara hər hansı borcunun qalmaması barədə tələbkarın notariat qaydasında təsdiq edilmiş ərizəsi var. Bu ərizəni borclu xx.xx.2025-ci ildə icra şöbəsinə təqdim edib. 6.Həmin şikayətə əlavə edilmiş, Tələbkar Xətai Rayon İcra Şöbəsinə ünvanladığı, notariat qaydasında təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizədə tələbkar qeyd edib ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-114/2025 nömrəli qətnaməsində göstərilən öhdəlik – 42.982,73 manat Borclu tərəfindən icra olunub. Əlavə olaraq Borclu ilə razılaşdırılmış 15.017,27 manat vəsait, ümumi olaraq 58.000 manat notarius Elçin Zeynalov tərəfindən tələbkara ödənilib. Borclu qarşı heç bir şikayət və tələbi yoxdur. 7.Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, şikayət təmin edilməsin və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad onunla əsaslandırılıb ki, həmin icra sənədi icra şöbəsinin icraatındadır, icra sənədi üzrə icraata xitam verilməyib. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış borclu məhkəmə iclsında iştirak etməmiş və borcun ödənilməsi vəziyyətinə dair yazılı və ya məhkəmə iclasında şifahi məlumat verməmişdir. İş üzrə 7 faiz icra ödənişi ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı və icra məmurunun təqdimatına yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 9.İcra sənədinə görə Borclu iki subyektin – Tələbkar və Məhkəmə Ekpertizası Mərkəzinin xeyrinə pul tutulmalıdır. 10.Həmin subyektlərdən biri - Tələbkar notariat qaydasında ərizə verərək bildirib ki, icra sənədinə əsasən ona verilməli olan pul vəsaiti borclu tərəfindən ödənilib. Həmin ərizə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə xx.xx.2025-ci il tarixli qərardadın qəbul edilməsindən 1 gün əvvəl – xx.xx.2025-ci ildə verilib. İşə yendən baxılarkən bu məlumatın həqiqi olub-olmadığı birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmalıdır. Əgər məlumat həqiqidirsə, Tələbkar xeyrinə tutulmalı olan pul məbləğinə görə Borclu ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz, çünki bu, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin göstərişinə ziddir. 11.Digər subyektin - Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə Borclu 50 manat pul tutulmalıdır. Borclu daha böyük məbləğdə pul vəsaitini (85.629,45 manat pulun ½ hissəsini və dövlət rüsumunun əvəzi olan 118 manatı) Tələbkar ödədiyi halda, bundan dəfələrlə az olan məbləği - 50 manatı Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə ödəməkdən imtina etməsi ağlabatan deyil. Odur ki, “İcra haqqında” Qanunun 84-1-ci maddəsinin göstərişi formal tətbiq edilməməli, işə birinci instansiya məhkəməsi tərəfindən yendən baxılarkən Borclu 50 manatı ödəməkdən yayınıb-yayınmadığı yoxlanılmalıdır. Əgər müəyyən edilərsə ki, Borclu 50 manatı ödəməkdən yayınır, belə halda həmin məbləğin ödənilməsinin təmin edilməsi üçün onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilər. 12.Borcludan tutulmalı olan pul məbləğinin 7 fazi həcmində icra ödənişinə münasibətdə məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 78-ci maddəsindən görünür ki, icra ödənişinin alınması barədə qərar qəbul edilməlidir. Lakin hazırkı işin materiallarında icra ödənişinin alınması barədə qərar mövcud deyil. Odur ki, icra ödənişinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması üçün əvvəlcə icra məmuru tərəfindən icra ödənişinin alınması barədə əsaslandırılmış qərar qəbul edilməli, bu qərar borcluya verilməklə onun həmin qərardan şikayət vermək hüququ təmin edilməli, bundan sonra borclu icra ödənişini ödəməkdən yayınarsa, belə halda onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilə bilər. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-620/2025 nömrəli qərardadı ləğv edilsin və icra məmurunun təqdimatına yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar