Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-399/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, Tələbkar X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 8(005)- 64/2021 nömrəli qərardadından borclu Maraqlı şəxs şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüsal Şirinov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 17.10.2008-ci il tarixli 2(103)-3734/2008 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 1 saylı mənzilin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 8(005)- 64/2021 nömrəli qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu Maraqlı şəxs şikayət verərək həmin qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə təqdimatı təmin edərkən həmin mənzildə yaşayan şəxslərin dairəsini müəyyən etməmiş, mənzilin onların yeganə yaşayış yeri olduğunu nəzərə almamışdır. Halbuki, Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli, 89 №-li Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndi borclunun yeganə yaşadığı mənzilə tələbin yönəldilməsinə imkan vermir. Məhkəmə iclasında iştirak edən tələbkar X2 icra sənədinin 13 il ərzində icra olunmadığını, məhkəmə tərəfindən haqlı olaraq mənzil üzərinə həbs qoyulduğunu göstərdi və şikayətin təmin edilməməsini xahiş etdi. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, "İcra haqqında" Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. Belə ki, qətnamə 17.01.2009-cu il tarixdə qanuni qüvvəsini almasına baxmayaraq, hal-hazırkı vaxtadək icra olunmamışdır. Buna görə də icra məmuru haqlı olaraq icra sənədinin icrasını təmin etmək üçün təqdimatla məhkəməyə müraciət etmişdir. Bundan əlavə, şikayətçi Maraqlı şəxs üzərinə həbs qoyulan mənzilin borclunun yeganə yaşayış sahəsi olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 8(005)-64/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qərara aldı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 8(005)- 64/2021 nömrəli qərardadı Maraqlı şəxs şikayəti üzrə dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-399/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-399/2021
03.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver