Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-4/2022 07.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi 04 noyabr 2021-ci il tarixli qərardadından Tələbkar2 ASC-nin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru Aynurəxanım Ağalarova təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Borclu məxsus olan “Nissan Sunny” markalı, **-VE-*** dövlət qeydiyyat nömrəli avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən 2- 2(113)-203/2021 saylı iş üzrə verilmiş 20.04.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 11.222,37 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar2 ASC-yə ödənilməlidir. Bundan başqa Bakı Şəhər Xətai Rayon Məhkəməsi tərəfindən 2(011)-2724/2016 saylı iş üzrə təkrar verilmiş 05.09.2019-cu il tarixli icra sənədinə əsasən borclular Borclu, X2 və X1 9.906,09 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar1 ASC-yə ödənilməlidir. Daha sonra Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2(001)-1995/2020 saylı iş üzrə 18.12.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 903,35 ABŞ dollar məbləğində pul vəsaiti tutularaq Tələbkar2 ASC-yə ödənilməlidir. Qeyd edilən icra sənədlərinin könüllü icra edilməsi ilə bağlı Binəqədi Rayon İcra Şöbəsi tərəfindən Borclu “tələbin könüllü icra edilməsi haqqında” bildirişlər göndərilsə də, o, qeyd edilən məbləğləri tələbkarlara könüllü olaraq ödəməmişdir. Həmin icra sənədləri üzrə icra hərəkətlərinin həyata keçirilməsi həvalə edilmiş icra məmuru tərəfindən elektron baza vasitəsi ilə müəyyən edilmişdir ki, borclu Elşən Həsənovun mülkiyyətində “Nissan Sunny” markalı, **-VE-*** dövlət qeydiyyat nömrəli avtomobil var. Həmin avtomobil üzərinə tələbin yönəldilə bilən əmlak hesab edilir. Ona görə də borclu Elşən Həsənova məxsus həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimat Rayon Məhkəməsinə daxil olduqdan sonra icra məmuru ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, təqdimat məhkəməyə verildikdən sonra borclu Elşən Həsənov tələbi könüllü olaraq qısmən təmin etmişdir. “Təqdimatın geri qaytarılması barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.11.2021-ci il tarixli qərardad ilə təqdimatı, ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan İcra Şöbəsinə qaytarılmasını qərara almışdır. Tələbkar olan Tələbkar2 ASC həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu Elşən Həsənov digər icra sənədləri ilə yanaşı, Bakı Kommersiya Məhkəməsi tərəfindən 2-2(113)-203/2021 saylı iş üzrə verilmiş 20.04.2021-ci il tarixli icra sənədinə əsasən 11.222,37 manat məbləğində pulu Tələbkar2 ASC-yə ödəməlidir. İcra məmuru tərəfindən Borclu Elşən Həsənova tələbin könüllü icra edilməsi barədə müddət verilmiş, lakin buna baxmayaraq o, tələbi könüllü icra etməmişdir. Məhz buna görə də icra məmuru “borclunun əmlakına həbs qoyulması barədə” təqdimatla Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra isə borclu Elşən Həsənov tələbi könüllü olaraq qismən icra etsə də, təqdimat, bu əsasla geri qaytarıla bilməzdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 14.12.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) hazırki iş üzrə apellyasiya baxışının həcminin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edilən təqdimatın verilməsi üçün əsas Bakı Kommersiya Məhkəməsi, Binəqədi Rayon Məhkəməsi və Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş icra sənədlərinin borclu Elşən Həsənov tərəfindən icra edilməməsi halı olmuşdur. Tələbkar2 ASC-nin qərardaddan verdiyi şikayətdən görünür ki, ASC, Bakı Kommersiya Məhkəməsi tərəfindən 2-2(113)-203/2021 saylı iş üzrə verilmiş 20.04.2021-ci il tarixli icra sənədinə əsasən 11.222,37 manat məbləğində pulun borclu Elşən Həsənovdan onun xeyrinə tutulmalı olmasını əsas gətirərək Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş “təqdimatın geri qaytarılması barədə” 04.11.2021-ci il tarixli qərardadın ləğv edilməsini xahiş edir. Şikayətin dəlillərini nəzərə alan Məhkəmə hesab edir ki, qərardad apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10.10.2017-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (MPM, maddə 228.), əlavə qətnamənin çıxarılması (MPM, maddə 229.), qətnamənin izah edilməsi (MPM, maddə 230.), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (MPM, maddə 231.1. və 231.2.), ödənilməli pul məbləğlərinin indeksasiyası (MPM, maddə 232.) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Əfəndiyeva Azərbaycana qarşı” iş üzrə 25.10.2007-ci il tarixli qərarında təsbit edilmiş mövqeyə görə, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Tələbkar2 ASC-nin şikayətində istinad edilən icra sənədi Bakı Kommersiya Məhkəməsi tərəfindən verilmişdir. Belə olan halda həmin icra sənədinin icrasına nəzarət, habelə icra sənədinin məcburi qaydada icra edilməsi üçün tədbirlər də məhz Bakı Kommersiya Məhkəməsi tərəfindən həyata keçirilməlidir. Bu baxımdan hesab edilməlidir ki, təqdimatın qaytarılması barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə mahiyyət etibarı ilə düzgündür. Şikayət əsassızdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398 402-ci maddələrini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Tələbkar2 ASC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 04 noyabr 2021-ci il tarixli qərardad apellyasiya baxışının predmeti olan hissədə, yəni şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №8(103)-4/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-4/2022
07.01.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver