Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-400/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(010)-284/2024 saylı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2024-cü il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı iş üzrə verdiyi və icra edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2021ci il tarixli icra vərəqəsinə əsasən Tələbkar (bundan sonra – tələbkar) Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” Yaşayış Sahəsi, bina 28-də yerləşən 49 saylı mənzilindən istifadə edilməsinə X3 (bundan sonra – borclu) tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İcra sənədi üzrə icra hərəkətlərini yerinə yetirən Suraxanı Rayon İcra Şöbəsinin icra məmuru X8 icra işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla qərara almışdır ki, qeyd edilən icra vərəqəsi üzrə borlu məcburi qaydada İcra Şöbəsinə gətirilsin. Borclu, icra məmurunun həmin qərarından Suraxanı Rayon Məhkəməsinə şikayət verərək, icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və icra işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İcra məmurunun hərəkətindən şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru borclunun yaşamadığı, qızının ailəsi ilə birlikdə yaşadığı, qızına atası tərəfindən hədiyyə olunmuş, sözügedən 49 saylı mənzilə gəlmiş, icra sənədini icra etmiş və bu barədə müvafiq akt tərtib etmişdir. Borclu da həmin akta imzalasa da, akt borcluya təqdim etməmişdir. İcra məmuru icra sənədinin icra edildiyi barədə akt tərtib etdikdən 2 ay sonra yenidən ona zəng vuraraq icra sənədinin təkrar icra edəcəyini bildirmişdir ki, bu da qanunun tələblərini pozmaq deməkdir. Borclu, həmin ərəfədə xəstələndiyi üçün icra məmurunun çağırışına əsasən İcra Şöbəsinə gedə bilməmiş və bu barədə icra məmuruna teleqram göndərmişdir. Lakin icra məmuru buna əhəmiyyət verməmiş və borclunun İcra Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul etmişdir. Mübahisəli mənzildə borclunun deyil, onun qızının yaşaması, icra sənədinin artıq icra edilməsi, borclunun icra məmurunun çağırışına səhhətində problemin yaranması səbəbindən gedə bilməməsi, borclunun tələbkarın mübahisəli mənzildən istifadə etməsinə maneələr yaratmaması nəzərə alınmaqla icra məmurunun hərəkəti qanunsuz hesab edilməli və icra məmurunun icra işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli “məcburi gətirilmə barədə” qərarı ləğv edilməlidir. İcra məmurunun hərəkətindən şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadla şikayətin təmin edilməməsini qərara almışdır. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv olunmasını, icra məmurunun hərəkətlərinin qanunsuz sayılması və verdiyi şikayətin təmin olunmasını xahiş etmişdir. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardad ilə şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qərardaddan verilmiş şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və elə borclunun verdiyi məlumatlardan bəlli olur ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı iş üzrə verdiyi və icra edilməsi üçün Bakı Şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmiş xx.xx.2021-ci il tarixli icra vərəqəsi icra məmuru tərəfindən bir dəfə icra edilmiş və iş üzrə tələbkarın mübahisəli mənzilindən istifadə edilməsinə borclu tərəfindən yaradılan maneələr aradan qaldırılmış, bununla bağlı icra məmuru tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan sonra həmin maneələr yenidən ortaya çıxmış və icra məmuru icra sənədinin təkrar icrasına başlamışdır. İcra məmuru icra hərəkətləri ilə bağlı borclunu xx.xx.2024-cü il tarixə İcra Şöbəsinə dəvət etmiş, lakin borclu, icra məmuruna xx.xx.2024-cü il tarixdə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar İcra Şöbəsinə gələ bilməyəcəyini bildirilmişdir. Borclunun çağırışa əsasən İcra Şöbəsinə üzürlü səbəb olmadan gəlmədiyini nəzərə almış icra məmuru icra işi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarla borlunun İcra Şöbəsinə məcburi qaydada gətirilməsini qərara almışdır. Həmin qərarın və icra məmurunun hərəkətini əsassız hesab edən borclu mövqeyini onunla əsaslandırır ki, o, icra məmurunun çağırışına xəstəliyi ilə əlaqədar gedə bilməmiş, icra sənədi artıq icra edilmiş və o, tələbkarın mübahisəli mənzildən istifadə etməsinə maneələr yaratmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə borclu tərəfindən verilmiş “İcra məmurunun hərəkətindən şikayətin” həlli ilə bağlı Rayon Məhkəməsinin qəbul etdiyi qərardadın əsaslılığı və həmin qərardaddan borclunun verdiyi şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu baxımdan qəbul edilməlidir ki, onun tərəfindən icra məmurunun çağırışına məhz xəstəliyi ilə əlaqədar gedə bilməməsini, icra sənədi artıq icra edildikdən sonra onun tərəfindən iş üzrə tələbkarın mübahisəli mənzildən istifadə etməsinə onun tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən maneələrin yaradılmasını bildirən iş üzrə borclu qeyd etdiyi bu xüsusatları təsdiq edə biləcək sübutları (məsələn: xəstəliyi ilə bağlı müvafiq tibbi sənədləri; üzrə tələbkarın mübahisəli mənzildən istifadə etməsinə onun tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən maneələrin yaradılmasını təsdiq edə biləcək şahidləri və sair) ilk növbədə İcra Şöbəsinə, “İcra məmurunun hərəkətindən şikayətin” verilməsindən sonra isə həmin şikayətə baxmış Rayon Məhkəməsinə təqdim etməli idi, lakin o bunu etməmişdir. Buna görə də, qəbul edilməlidir ki, icra məmurunun hərəkəti və qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarı qanunsuz olmamış və “İcra məmurunun hərəkətindən şikayətə” baxmış Rayon Məhkəməsi bu kümü nəticəyə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur (Maddə 129.). MPM-in tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.); Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3.). “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir (maddə 3.1.). İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir (maddə 8.1.). İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir (maddə 26.). İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur (maddə 84.2.). Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 sentyabr 2024-cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-400/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-400/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver