Məhkəmə qərarları › İş №8(103)-401/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-401/2021

04.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-401/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-270/2017 saylı, 02 mart 2017-ci il tarixli qərardadından maraqlarına toxunan şəxs X4 tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinin icra məmuru Fuad Kərimov təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 20.04.2012-ci il tarixli, 2(005)1259/2012 saylı icra sənədi üzrə X2 adına olan “VAZ-2123” Chevrolet Niva minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat belə əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 20.04.2012ci il tarixli 2(005)-1259/2012 saylı icra sənədinin icrasını təmin edilməsi məqsədi ilə borclu X1 cəmi 3504 manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. İcra sənədi icraata 03.10.2016-cı il tarixdə daxil olmuş icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin 10 gün müddətində könüllü icra edilməsinə dair bildirişlə brlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Verilmiş könüllü müddət ərzində icra sənədinin icrası təmin olunmadığı üçün borclu şəxslərin əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq qurumlara sorğular edilmişdir. AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna əsasən X2 adına bir neçə nəqliyyat vasitəsi aşkar edilmişdir. Qeyd olunanlara əsasən təqdimatın təmin edilməsi xahiş edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərardadı ilə borclu X2 adına olan “VAZ-2123” Chevrolet Niva minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Maraqlı şəxs 09 iyul 2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli qərardadından şikayət verərək, qərardadının ləğv edilməklə “Chovrolet Niva minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmənin 13 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazimi qaydada məlumatlandırılmış icra icraatı üzrə tərəflər, həmçinin, maraqlı şəxs səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 19.12.2006-cı il tarixli ƏN-İ seriyalı 961538 nömrəli etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan “Chovrolet Niva minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair sürücülük hüququ olduqda idarə etməyi, qeydiyyatdan çıxarmağı, qeydiyyata salmağı, bağışlamağı, ipoteka qoymağı, onun üzərində sərəncam verməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar onun adından ərizə verməyi və digər hərəkətləri etməyi X3 etibar etmişdir. Həmin etibarnamə üzrə səlahiyyət başqa şəxsə verilə bilər. Etibarnamə 25.12.2026-cı il tarixədək qüvvədədir. Aşağıda şərh olunanlara əsasən kollegiya, Şahmir İbrahimovun həmin etibarnamə əsasında sözügedən avtomobilə sahib olmasının hüquqi nəticələri ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaəti qanuni hesab edir. Belə ki, Mülki Məcəllənin 181.1 və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notarial qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 650-ci maddəsinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli fərmanı ilə “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları” təsdiq edilmişdir. Buna görə, hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal surəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları AR Daxili İşlər Nazirliyində daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qanunvericiliyin sadalanan müddəalarını rəhbər tutmaqla hesab edir ki, avtomobil daşınar əmlakın rəsmi reyestrində qeydiyyata alınmalı əmlak olduğundan onun alqı-satqısına dair müqavilələr notariat qaydasında bağlanılmalıdır. Mülkiyyətçinin adından hər hansı bir şəxsə avtomobillə bağlı müəyyən səlahiyyətləri özündə əks etdirən etibarnamənin verilməsi isə tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanması kimi qəbul edilə bilməz. Həmin etibarnamə Mülki Məcəllənin 362.1-ci maddəsində də nəzərdə tutulduğu kimi yalnız özündə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkaləti ehtiva edir. Beləliklə, avtomobilin üzərinə həbs qoyulması nəticəsində bir qayda olaraq mülkiyyətçinin hüquqlarının pozulmasından söz edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-270/2017 saylı, 02 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar