Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-401/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-297/2024 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 nömrəli, 01.09..2021ci il tarixli icra sənədinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 49 saylı mənzilindən, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” y/s, 28 saylı evin, 6 saylı mənzilindən və Masallı rayonu, İsi kəndində, 0.03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 82.99 kv.m yaşayış, 45.68 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evindən iddiaçı Tələbkar tərəfindən istifadə edilməsinə cavabdeh Borclu tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Bakı şəhəri Suraxanı Rayon İcra şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimat verərək, icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-297/2024 saylı qərardadı ilə təqdimat təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli qətnaməsi əsasında verilən icra vərəqəsinin icrası üzrə borclu, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Həmin qərardaddan Borclu tərəfindən verilmiş şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-297/2024 nömrəli qərardadı ilə qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)- 297/2024 nömrəli qərardadı ləğv edilmiş və təqdimata yenidən baxılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-297/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4478/2021 nömrəli qətnaməsi əsasında verilən icra vərəqəsinin icrası üzrə borclu, xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Borclu həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə icra işi materiallarında mövcud olan, onun üç il ərzində icraatında hazırkı iş olan icra məmurlarına, sonuncu icra məmuru Vüsal Əliyev də daxil olmaqla təqdim etdiyi yazılı müraciətlərin, icra məmurunun hüzurunda yazdığı izahatların heç birinə əhəmiyyət verməmiş və hazırkı qərardadında da göstərməmişdir. Yalnız sonuncu göndərdiyi teleqramı göstərməklə kifayətlənmişdir. Əvvəla, hazırkı icra sənədi icra məmuru Nicat Vəlizadənin icraatı zamanı o, icra şöbəsinə dəvət olunmuş, ondan izahat alınmış, izahatında icra sənədinin icrasına maneçilik törətmədiyini açıq şəkildə yazılı olaraq bəyan etmişdir. Bundan başqa Nicat Vəlizadənin adına və rəisin adına dəfələrlə yazılı müraciətlər edərək, icra sənədinin icrasına maneçilik törətmədiyini yenə açıq şəkildə göstərmişdir. X7 də müraciətlərinə baxmayaraq, ona qarşı məqsədyönlü təsiredici tədbirləri görməkdə davam etmişdir. Daha sonra icra sənədi Ruslan adlı icra məmurunun icraatına verilmiş, həmin icra məmuru da eyni hərəkətlərlə icra tədbirlərini qərəzli şəkildə davam etdirmişdir. Hər dəfə icra şöbəsinə çağırıldığı zaman çağırışa gedərək həm yazılı müraciətlərini dəftərxanaya təqdim etmiş, həm də izahat vermişdir ki, icra sənədinin icrasına maneçilik törətmir. Bundan sonra icra sənədi Vüsal Əliyevin icraatına verilmiş, hər gələn bildiriş və xəbərdarlığa rəsmi yazılı cavablar yazaraq dəftərxanaya təqdim etmişdir. Həmçinin də icra şöbəsinə şəxsən gedərək bildirmişdir ki, icra sənədinin icrasına maneçilik törətmir. Səlahiyyətli nümayəndəsi isə mütəmadi icra şöbəsinə gedərək həm yazılı ərizələr təqdim etmiş, həm də borclu olaraq icra sənədinin icrasına maneçilik törətmədiyini icra məmuruna bildirmişdir. Bütün bunlara baxmayaraq, icra məmuru Vüsal Əliyev onun həmin izahat və ərizələrinin birini belə ortaya çıxarıb məhkəmələrə təqdim etməmişdir. Onun icra şöbəsinə dəfələrlə şəxsən getməsini təsdiq edə biləcək yeganə sübut video görüntülər ola bilər ki, icra şöbəsinə telefonla daxil olmağa icazə belə vermirlər. Lakin icra şöbəsinin inzibati binası kamera müşahidəsi altındadır. Bütün bu işin həqiqi halları barədə məhkəmə iclasında məlumat verməsinə baxmayaraq, məhkəmə də qeyd etdiyi faktlara əhəmiyyət verməmiş, nə də həmin müşahidə kamera görüntülərini tələb etməmişdir. Baxmayaraq ki, o, icra məmurunun çağırışından yayınmamışdır. Son vaxtlar xəstəliyi daha da ağırlaşdığına görə icra şöbəsinə getmək iqtidarında olmamış və bu barədə də icra məmuruna hər dəfə yazılı məlumat təqdim etmişdir və həmin məlumatlarda da qeyd etmişdir ki, o, icra sənədinin icrasına maneçilik törətmir. Eyni zamanda, icra məmuru icra işini 49 saylı mənzilə təyin edərək icra yerinə gəlmiş, icra sənədini icra etmiş, akt tərtib etmiş, lakin 2 aydan sonra yenidən icra sənədinin təkrar icra ediləcəyi barədə telefonla bildirmiş, ardınca sms bildiriş göndərmişdir. İcra məmuru yenidən 49 saylı mənzilə gəlmiş, o, həmin mənzildə yaşamadığından orda olmamış, mənzildə ailə üzvləri ilə yaşayan qızı icra hərəkətlərinə etiraz etmişdir. Hətta bu faktı tələbkar da öz izahatında göstərmiş, həmçinin icra məmuru da məhkəmə iclasında təsdiq etmişdir ki, icra hərəkətlərinə etiraz edən 49 saylı mənzildə ailəsi ilə birlikdə yaşayan qızı olmuşdur. Belə olan halda borclu olaraq onun hansı hərəkətlərində qərəz mövcud olmuş, məhkəmə onun qərəzli olaraq icra hərəkətlərinə maneçilik törətməyini qərardadda israrla göstərmişdir. Məhkəmə iclasının təxirə salınmasına gəldikdə isə qeyd edir ki, həmin məhkəmədən öncə hakim Tural Məmmədovun məhkəmə iclasında ona qarşı icra məmuru və tələbkar tərəfindən kobud rəftar olunduğundan səhhətində yaranan problem daha da ağırlaşmış, hətta məhkəmə iclası görüntülərinin ona təqdim edilməsi barədə hakim Tural Məmmədova rəsmi ərizə ilə müraciət etsə də bu günədək həmin görüntülər ona təqdim olunmamışdır. Üzləşdiyi qanunsuz hallardan və xəstəliyinin ağırlaşmasından dolayı təxirə salınan məhkəmə iclasından sonra icra şöbəsinə gedə bilməmişdir. Xəstəlik sənədlərinin təqdim olunmasını isə zəruri hesab etməmişdir, lakin ədalətsiz və haqsız mövqeyi görüb xəstəliyi ilə bağlı sənədləri hazırkı şikayətinə əlavə etməyi özünə borc bilir. Maraqlısı odur ki, icra sənədində, Borclu tərəfindən Tələbkar mənzildən istifadə etməyinə yaradılan maneələrin aradan qaldırılması nəzərdə tutulduğu halda və borclu olaraq hər dəfə mütəmadi yazılı müraciətlərində maneçilik törətmədiyini yazılı şəkildə bəyan etdiyi halda, yenə icra məmuru Vüsal Əliyev özünəməxsus qaydalara uyğun olaraq ondan əl çəkməmiş, onun barəsində tədbirləri görməyi davam etdirmişdir. Ədalət mühakiməsinin ədalətliliyi, qərəzsizliyi, qanuniliyi və obyektivliyi ilk öncə həqiqətin müəyyən edilməsinə yönəlmişdir. Qanunvericiliyə görə qanuni qüvvədə olan məhkəmə aktlarının icrası məcburidir və bu məcburiyyətdən dolayı məhkəmə qərarının icrasına maneçilik törətmədiyini bu günə qədər şifahi və yazılı qaydada bəyan etmişdir və bu şikayətində də açıq şəkildə bəyan edir. Bu halda o, hansı qanunun tələblərini pozmuşdur? Digər tərəfdən yazılı müraciətləri ilə yanaşı, dəfələrlə icra məmurunun çağırışına icra şöbəsinə getmiş, hətta icra işində onun icra məmurları tərəfindən alınan izahatları mövcuddur. Bu vəziyyətdə o, hansı halda qərəzli olaraq çağırışdan yayınmışdır? Məhkəmə təqdimata baxarkan onun hansı hərəkətində qərəz müşahidə etmişdir, bir halda ki, o, məhkəmə iclasında da açıq şəkildə bildirmişdir ki, icra sənədinin icrasına maneçilik törətmir. Söhbət məhkəmə qərarının icrasından gedirsə, onun iş üzrə borclu olaraq “maneçilik törətmirəm” kimi ifadəsinin anlamı nədir? İcra məmurunun həqiqətə uyğun olmayan formal mülahizələrini əsas götürən məhkəmə təqdimatla bağlı hansı araşdırmanı apardı? Məhkəmə iclasında mental dəyərlərə zidd olaraq icra məmurunun qərəzli və kobud ifadələrinə hakim əhəmiyyət belə verməmişdir. Əslində həm iş materiallarında olan sənədlər, həm də məhkəmə iclasında icra məmurunun kobud rəftarı onun bu iş üzrə ona qarşı açıq-aydın qərəzli mövqe tutmasını sübuta yetirdi, lakin məhkəmə baş verənlərə belə göz yummaqla kifayətləndi. İcra məmuru Vüsal Əliyevin hərəkətlərində qərəzin olmasını işin halları və təqdim etdiyim sübutlar özlüyündə təsdiq edir. İcra sənədinin əvvəllər Nicat və Ruslan adlı icra məmurlarında olması, onlara təqdim etdiyi yazılı müraciətləri və izahatları gizlədilir. Vüsal Əliyev yalnız özünün icraatı ilə bağlı məlumatları çox qısa şəkildə təqdimatda və qərarında göstərir. Əlavə etdiyi sənədlərin siyahısı isə yalnız qərar, bildiriş və 2 sms bildirişdən ibarət olur. Bir daha hazırkı şikayətində də göstərir ki, icra sənədinin icrasına maneçilik törətməmişdir və törətmir. Ailə üzvlərindən olan yetkinlik yaşına çatan uşaqlarının hərəkətlərinə və etirazlarına görə məsuliyyət onun üzərinə qoyula bilməz, bu açıq-aşkar qanun pozuntusu hesab olunur. İcra məmuru Vüsal Əliyevin bu son günlərdə iki çağırışına getmək iqtidarında olmamağı onun ağır xəstəliyi ilə bağlı olmuşdur. İcra şöbəsinə icra məmurunun çağırışına getməli olması üçün əsas, icra sənədində göstərilən tələbin icrasıdır və əvvəllər də, hazırda da, bu gün də bildirir ki, o, maneçilik törətməmişdir və törətmir də. Bu halda başqa nə etməlidir? Hesab edir ki, məhkəmənin hazırkı qərardadı tamamilə qanunsuz və əsassızdır, ona görə də ləğv edilməli və əsassız olan təqdimat təmin edilməməlidir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-297/2024 saylı qərardadı ilə Borclu şikayəti təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 29.2-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur; 84.3-cü maddəsinə əsasən bu Qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, yuxarıda göstərilən maddələrin tətbiqi üçün əsas yalnız borclunun icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayındığı hallarda yaranır. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildiyi vaxtdan icra məmuru ilə borclu arasında icra sənədinin icrasından irəli gələn münasibətlər yaranır və bu münasibətlər icra sənədi üzrə icraata xitam verilənək davam edir. Bu müddət ərzində icra məmuru onun səlahiyyətlərinə aid tədbirləri yerinə yetirməyə borcludur ki, bu da öz növbəsində borclunun üzərinə müəyyən vəzifələr qoyur. Bu vəziyyət icra məmuru tərəfindən icra sənədinin icrasının təmin edilməsini, o cümlədən məcburi icra tədbirlərinin həyata keçirilməsini şərtləndirir və bu tədbirlər çərçivəsində icra məmuru borclunu icra şöbəsinə çağırmağa, ondan izahatlar almağa və sair tədbirləri görməyə haqlıdır. Borclu isə üzürsüz səbəbdən belə çağırışdan yayınmamalıdır. Belə ki, icra sənədinin icrası ilə bağlı borclunun hər bir hərəkəti və ya hərəkətsizliyi onun icra sənədinə olan münasibətini əks etdirir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4478/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmış və həmin qərar tələbin könüllü icrası barədə bildirişlə birlikdə borcluya göndərilmişdir. Bundan sonra xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə icra məmuru tərəfindən göndərilmiş elektron sms bildirişlərlə borclu icra sənədi ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə çağırılmış, lakin nəticə etibarı ilə şöbəyə gəlməmişdir. Borclunun icra məmurunun çağırışı ilə gəlməkdən yayındığı üçün xx.xx.2024-cü il tarixdə onun barəsində olan icra işi üzrə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilmə barədə qərar qəbul edilmiş və bu barədə borcluya məlumat verilməklə, 10 gün müddətində icra qurumuna gəlmədiyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Bu tədbirin də bir nəticəsi olmadığından icra məmuru borclunun icra şöbəsinə məcburi qaydada gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Bununla belə, borclu icra məmuru tərəfindən şöbəyə çağırılması barədə tam məlumatlı olmuşdur. Bu hal borclunun şikayətinin məzmunu ilə öz təsdiqini tapır. Digər tərəfdən birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixdə icra məmurunun təqdimatının təmin edilməsi və borclunun Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul etdikdən sonra xx.xx.2024-cü il tarixdə, həmin qərardadı məhz borclunun şikayəti əsasında və məsələnin borclunun iştirakı ilə yenidən araşdırılmasının təmin edilməsi məqsədi ilə ləğv etmişdir. Bundan sonra iş üzrə tərəflərin, o cümlədən borclunun iştirakı ilə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında icra məmuru borclu ilə məhkəmədən əvvəl razılığa gəldiyini və borclunun 18 sentyabr 2024-cü il tarixədək icra şöbəsinə yağınlaşacağı barədə vəd verdiyini bildirmiş və bu əsasla təqdimata baxılmasının 18 sentyabr 2024-cü il tarixə təxirə salınmasını xahiş etmişdir. İcra məmurunun bu mövqeyinə uyğun olaraq, işə baxılmasının təxirə salınması müzakirəyə çıxarılmış və tərəflər, o cümlədən borclu buna etiraz etmədiyini bildirmiş, lakin bu zaman borclu icra məmuruna belə bir vəd vermədiyini qeyd etməmişdir. Bu da öz növbəsində həqiqətən də icra məmuru ilə borclu arasında məhkəmədən əvvəl belə bir razılaşmanın olduğunu təsdiq edir. Lakin xx.xx.2024-cü il tarixdə keçirikən məhkəmə iclasında icra məmuru borclunun icra şöbəsinə gəlmədiyini, icra sənədinin icrasından gərəzli olaraq yayındığını bildirmiş və təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu isə icra sənədinin icrasından yayınmadığını, xəstəliyi ilə bağlı şöbəyə gedə bilmədiyini bildirmişdir. Hüquqi nəticə etibarı ilə ən azı ilk dəfə şikayət verdiyi xx.xx.2024-cü il tarixdən məsələdən tam məlumatlı olan borclu hər hansı üzürlü səbəb göstərmədən icra məmurunun çağırışlarına baxmayaraq, icra şöbəsinə getməmişdir. Bunu da səhhətinə olan problemlərlə, əvvəllər izahat verməsi və icra sənədinin icrasına maneə olmaması ilə əsaslandırmışdır. Halbuki, iki məhkəmə iclasında iştirak etmişdir. Ən azı həmin günlər onun məhkəmə iclasında iştirak etməyini mümkün edən səhhətinin vəziyyəti icra şöbəsinə getməsi üçün də əsas olmalı idi. xx.xx.2024-cü il tarixdə isə borclu bu barədə birbaşa icra məmuruna vəd vermiş və faktiki olaraq, bunu məhkəmə qarşısında etiraf etmişdir (təkzib etməməklə). Lakin nəticədə öz mövqeyini, o cümlədən səhhətində həqiqətən də problemlərin olmasını sübuta yetirə bilməmiş və şöbəyə gedərək, məsələyə aydınlıq gətirmək əvəzinə məhkəmənin qərarlarını mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilikdə icra məmurunun çağırışların konkret sayı da müəyyən edilməmişdir. Hüquqi nəticə etibarı ilə icra sənədinin vaxtında və lazımi qaydada icra edilməməsi artıq bunun səbəblərini araşdırmaq və icra sənədinin icrasını təmin etmək vəzifəsini daşıyan icra məmuruna borcluya çağırışla müraciət etmək hüququnu yaradır. Borclunun hazırki davranışı isə onun məhkəmə qərarının icrasına olan laqeyd münasibətini nümayiş etdirir və onun bu hərəkətinə məhkəmə aktının icrasından boyun qaçırması və icra məmurunun çağırışlarından üzürsüz səbəbdən yayınması kimi qiymət verməyə əsas yaradır. Qeyd edilənlər öz növbəsində borclunun icra sənədinin icrası ilə bağlı məcburi qaydada icra şöbəsinə gətirilməsi barədə təqdimatın təmin edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə təqdimatı təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(010)-297/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-401/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-401/2024
07.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver