Məhkəmə qərarları › İş №8(103)-402/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-402/2020

01.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-402/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə Tələbkar iştirakı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Borclu1 və Borclu2 Əhməd qızından müştərək qaydada 6000 manatın Tələbkar xeyrinə tutulmalı olduğunu, tələbin könüllü icrası üçün borclulara vaxt verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq onların icranı təmin etmədiyini, “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata görə Borclu1 mülkiyyətində Füzuli rayonunun Kərimbəyli kəndində 1,26 ha torpaq sahəsinin olduğunun müəyyən edildiyini, icra sənədinin icrasının təmin edilməsi üçün həmin sahənin üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (məhkəmə) xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Həmin qərardaddan qərardadın maraqlarına toxunduğunu irəli sürən Maraqlı şəxs şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini sözügedən torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında Borclu1 satın aldığı, məhkəmənin isə bu halı nəzərə almadığı arqumenti ilə əsaslandırmışdır. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış Maraqlı şəxs, habelə icra sənədi üzrə borclular məhkəməyə gəlməmiş, tələbkar isə şikayətin əsassız olduğunu bildirmişdir. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qanunun 50.1-ci və 50.2-ci maddələrində isə təsbit edilmişdir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarından aydın olur ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2014cü il tarixli qətnaməsi əsasında verilmiş xx xxxx 2015-ci il tarixli icra sənədinə əsasən, Borclu1 və Borclu2 Əhməd qızından müştərək qaydada 6000 manat Tələbkar xeyrinə tutulmalıdır; hazırkı icraatın başlanmasına səbəb olan təqdimatla məhkəməyə müraciət edən icra məmuru da, məhz Borclu1 məxsus olduğunu bildirdiyi əmlak üzərinə “İcra haqqında” Qanunun qeyd olunan müddəalarına əsasən həbs qoyulmasını istəmişdir. Bununla belə şikayətə əlavə olunan sənəd surətindən görünür ki, sözügedən əmlak, yəni Füzuli rayonunun Kərimbəyli kəndində yerləşən 1,26 ha torpaq sahəsi xx xxxxxx 2015-ci il tarixdə borclular tərəfindən Maraqlı şəxs satılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, üzərinə həbs qoyulması istənilən əmlaka münasibətdə “İcra haqqında” Qanunun 50-ci maddəsinin dispozitiv şərtlərinin mövcud olub-olmadığı qeyri-müəyyən qalmışdır və bu məsələnin yenidən araşdırılmasına zərurət vardır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin maddi hüquq norması icra sənədinin icrasını təmin etmək üçün məhz borclunun əmlakı üzərinə həbs qoyulmasını mümkün hesab edir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin, habelə maraqlı şəxsin iştirakını təmin etməklə icra işi ilə bağlı zəruri halları araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-45/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar