Məhkəmə qərarları › İş №8(103)-402/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-402/2021

03.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-402/2021 03.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-342/2021 nömrəli iş üzrə 17 iyun 2021-ci il tarixli qərardadından tələbkar "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Tələbkar "xxxx" MMC Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək icra sənədinin icrası ilə bağlı Göyçay rayon İcra və probasiya şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 8(005)- 342/2021 nömrəli qərardadı ilə şikayət rədd edilmişdir. Tələbkar "xxxx" MMC həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Hərəkətsizliyindən şikayət verilən Göyçay rayon İcra və probasiya şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına öz nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası şikayətə icra qurumunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, icra məmurunun hərəkətsizliyindən şikayətə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 may 2017-ci il tarixli 2(005)-4715/2017 saylı məhkəmə əmri ilə, borclular X1 və X3 müştərək qaydada 11 noyabr 2015-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 403 ABŞ dolları məbləğində əsas borc və 60 ABŞ dolları məbləğində cərimə olmaqla cəmi 463 ABŞ dolları məbləğində pulun "xxxx" MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Məhkəmə əmrinin X5 ilə bağlı hissəsi borclunun yaşayış yeri üzrə Göyçay rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Tələbkar "xxxx" MMC həmin icra qurumuna məktubla müraciət edərək borclu X4 "xxxx" MMC-də işlədiyini bildirmiş və tutmanın onun əmək haqqında yönəldilməsini xahiş etmişdir. İcra qurumu tərəfindən hərəkətsizlik edilmiş və icra sənədi 4 il ərzində icrasız qalmışdır. Birinci instansiya məhkəməsində şikayətə baxılarkən yalnız tələbkarın nümayəndəsinin izahatı alınmış, səthi araşdırma aparılaraq şikayət təmin edilməmişdir. İcra sənədinin icrası ilə bağlı icra məmurunun hərəkətsizlik edib-etməməsini araşdırmaq məqsədilə icra işi tələb olunub öyrənilməmiş, lakin qərardadda icra işinin nəzərdən keçirildiyi qeyd olunmuşdur. Bundan əlavə, ərizə iddia ərizəsi formasında verilib qətnamə çıxarılması xahiş olunsa da, ərizə üzrə qərardad çıxarılmış, ərizənin forma və məzmununa görə düzgün olub-olmaması məsələsinə baxılmamışdır. Buna görə də icra məmurunun hərəkətsizliyindən şikayətə yenidən baxılması üçün iş materialları rayon məhkəməsinə qaytarılmalıdır. Əlavə araşdırma zamanı ərizənin forma və məzmununa riayət edilməsi, ərizənin aidiyyəti üzrə düzgün verilib-verilməməsi məsələləri də araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 8(005)- 342/2021 saylı qərardadı ləğv edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra məmurunun hərəkətsizliyindən şikayətə yenidən baxılması üçün iş materialları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar