Məhkəmə qərarları › İş №8(103)-402/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-402/2025

05.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-402/2025 05.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-290/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Vüqar Qaralov təqdimatla məhkəməyə müraciət edərək, borclunun icra sənədi üzrə tələb tam təmin olunanadək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)-290/2025 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Hazırda Borclu1 məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra vərəqəsində göstərilən əşyalar tərəflərin nikah dövründə yaşadıqları Bakı şəhəri, Xətai rayonu, ev 10C, mənzil 24-də saxlanılır. Lakin həmin əşyaların olduğu ev satıldıqdan sonra evin yeni sahibi ilə borclu arasında həmin əşyaların qaytarılmasına dair əvvəlcədən razılıq olsa da, sonradan həmin əşyalar evin satıldığı şəxs tərəfindən ona qaytarılmamışdır. Buna görə də, hal-hazırda evin satıldığı şəxslə onun arasında mülki məhkəmə mübahisəsi davam edir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün atılmış addımdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə araşdırmasına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra səndi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "icraata başlamaq haqqında" qərar, könüllü icra üçün bildiriş, habelə xəbərdarlıq və sair aidiyyəti sənədlər borcluya rəsmən təqdim olunmuş, borclu bu günədək üzürsüz səbəbdən qeyd edilən icra sənədini tam icra etməmiş və onun icrasından yayınır, icra məmuru tərəfindən icra icraatı dayandırılmamışdır, icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən zəruri tədbirlər görülmüşdür. Bununla yanaşı, Konstitusiyanın 72-ci maddəsinə müvafiq olaraq dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Sadalanan konstitusiya normalarının qarşılıqlı təhlili əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şəxsin icra sənədi üzrə borcuna görə ölkədən çıxmasına müvəqqəti məhdudiyyət qoyulması barədə məsələlərə baxarkən Konstitusiyanın 28 və 42-ci maddələrində müəyyən edilmiş hüquqlarla 72-ci maddəsində müəyyən edilmiş vəzifələr arasında tarazlıq təmin edilməli, məhdudlaşdırılan hüquq yerinə yetirilməli olan vəzifəyə mütənasib olmalı, həmçinin şəxsin ölkədən çıxdığı halda icra sənədinin icrasından yayınmaq məqsədilə ölkəyə qayıtmayacağı barədə əsaslı dəlil və ya şübhələr olmalıdır. Kollegiya qeyd edir ki, icrası tələb olunan qətnamənin nəticə hissəsində və icra vərəqəsində borclu kimi Borclu1 göstərildiyindən və qətnamənin icrası üçün vacib olduğundan (elektron məhkəmə sistemində olan məlumatlardan görünür ki, borclu il ərzində çox sayda ölkə xaricinə çıxır) hazırkı təqdimatın təmin olunması ilə bağlı birinci istansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Borclunun apellyasiya şikayətində qeyd etdiyi dəlillər təqdimatın rədd olunması üçün əsas deyildir. Beləliklə, bütün bunlar bir daha onu təsdiq edir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməsi əsaslı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-290/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar