Məhkəmə qərarları › İş №8(103)-403/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-403/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-403/2025 11.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X7 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2944/2019 saylı işi üzrə xx.xx.2019-cü il tarixli icra sənədi (xx.xx.2019-cü il tarixli qərarı) üzrə qət edilmiş məbləğin 2019-2024-cü illər üzrə indeksasiyanın həyata keçirilməsi barədə X2 tərəfindən verilmiş ərizəyə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-4/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X2 məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2944/2019 saylı 12 iyun 2019-cu il tarixli qərarı ilə Azərbaycan manatı məzənnəsi ilə müəyyən edilmiş 322087.00 ABŞ dolları məbləğində pul vəsaitinin 2019-2024-cü illər ərzində inflyasiya göstəricilərinə uyğun olaraq indeksasiya edilməsi və yenidən hesablanması, indeksasiya nəticəsində yaranmış fərqin cavabdehdən tutulması və ərizəçiyə ödənilməsi və cavabdehlər Nümayəndə2 və "İrşad'’ X12 tərəfdən məhkəmə xərclərinin və digər əlaqəli xərclərin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən 322087 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı məzənnəsi ilə cavabdehlər "İrşad” X12 və Nümayəndə2 tutularaq X11 ödənilməsi barədə 2(102)-2944/2019 saylı 12 iyun 2019-cu il tarixli qərar qəbul edilmişdir. Lakin cavabdeh bu məbləği vaxtında ödəməmiş və nəticədə qətnamə qüvvəyə mindiyi gündən 2024-cü ilin oktyabr ayınadək olan dövr ərzində inflyasiya səbəbindən bu məbləğ dəyər itirmişdir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən, məhkəmə qərarlarının vaxtında icra edilməməsi və ödənilməmiş məbləğin dəyər itirməsi səbəbindən həmin məbləğin inflyasiya göstəricilərinə uyğun olaraq indeksasiya edilməsi tələb olunur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2024-cü il tarixli 9/10337 nömrəli rəyindən görünür ki, 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar üzrə 547547,90 manat pul vəsaitinin hesablanmış cari dəyərinin (ekvivalenti) 769304,80 manat olması müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.Ekspert rəyinin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin www.stat.gov.az saytında olan məlumatlarında 2019-2024-cü illər ərzində istehlak qiymətləri indeksi 140,5 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 40,5 % artması müəyyənləşdirilmişdir. Bildirilir ki, Mərkəzi Bankın rəsmi internet səhifəsindən (www.cbar.az) götürülən məlumatlara əsasən cavabdehdən tutulması qət edilmiş 322087,00 ABŞ dolları məbləğində pul vəsaitinin xx.xx.2019-cu il tarixinə olan məzənnəsi (1 USD - 1.70 AZN) 547547,90 manat müəyyən edilir. 322087,00 ABŞ dolları x 1,70 = 547547,90 manat. Həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətlərinin indeksasiyası milli valyuta ilə nəzərdə tulumuşdur. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən həmin dərəcələr nəzərə alınmaqla ərizəçi X11 ödənilməmiş 547547,90 manat pul vəsaitinə görə istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla 2019-2024-cü illər ərzində hesablanmış cari dəyəri (ekvivalenti) 221756,90 manat məbləğində təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-4/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2944/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə X2na cavabdehlər Nümayəndə2 və Cavabdeh2 X12 tərəfindən ödənilməli olan 322087,00ABŞ dollarının həmin dövrə aid manat məzənnəsini təşkil edən 547547,90 manat məbləğin 2019-2024-cü illər üzrə indeksasiya edilmiş məbləğinin 769304,80 manat olmasının müəyyən edilməsi, aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul vəsaitinin cavabdehlər Nümayəndə2 və Cavabdeh2 X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Borclular qərardaddan şikayət verərək, onun ləğv edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-192/2025 saylı işi üzrı xx.xx.2025-ci il tarixli qərardadı ilə borclunun şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-4/2025 nömrəli 18 fevral 2025-ci il tarixli qərardadı ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün işin həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-4/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin rədd edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2944/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, cavabdehlər Nümayəndə2 və "İrşad” X6 kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12348/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 29.280 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin əsas borc məbləğinə dair hissədə dəyişdirilmədən saxlanılması, cəmi 322087,00 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı məzənnəsi ilə cavabdehlər "İrşad” X4 və Nümayəndə2 alınaraq iddiaçılar X11 və X16 ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2024-cü il tarixli 9/10337 nömrəli rəyindən görünür ki, 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizləri ilə hesablamalar üzrə 547547,90 manat pul vəsaitinin hesablanmış cari dəyərinin (ekvivalenti) 769304,80 manat olması müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Qeyd edilən norma ilə nəzərdə tutulmuş ödənilməli pul məbləğlərinin indeksasiyası vətəndaşların pul gəlirləri və əmanətlərinin deyil, məhkəmə qətnaməsinin icra edilmədiyi və ya gec icra edildiyi dövrdə tutulmalı pul məbləğinin indeksasiyasını nəzərdə tutur. Bununla da qanunverici borclunun icradan yayınması nəticəsində tələbkara ödənilməli pul məbləğinin istehlak qiymətlərinin artımı ilə bağlı itirilmiş alıcılıq qabiliyyətinin bərpası istiqamətində bir mexanizm nəzərdə tutmuşdur ki, pul məbləğlərinin indeksasiyası barədə ərizələrə baxılarkən istehlak qiymətlərinin indeksinin artımına görə indeksləşdirmə aparılsın. Tələbkarın indeksləşdirmə tələbi məhkəmə qərarının icrasında baş verən gecikmələrlə qaynaqlanır. Məhkəmə qərarının vaxtında və tam şəkildə icra olunmaması yaxud da icranın üzürsüz səbəblərdən gecikdirilməsi borclunun məsuliyyət sferasına aid olduğundan, tələbkar belə halların neqativ nəticələrindən indeksasiya mexanizmi vasitəsi ilə qorunmasını tələb etməkdə haqlıdır. Lakin icra sənədinə əsasən tələb olunan pul məbləğinin indeksasiyası o zaman baş verə bilər ki, borclu icra sənədini qəsdən icra etməsin, yaxud da onun icrasını öz hərəkətləri ilə süni şəkildə uzatsın. Hazırki işə əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1686/2022 saylı qətnaməsindən müəyyən olunur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2944/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə, icra məmuru tərəfindən tutma "İrşad” X6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yönəldilmiş və bir neçə dəfə hərrac keçirilmiş, lakin hərraclar baş tutmamışdır. Həmin iş üzrə mübahisəyə səbəb isə qeyri-yaşayış sahəsinə qoyulmuş satış qiyməti ilə bağlı olmuşdur. Eyni zamanda müəyyən olunur ki, X13 xx.xx.2024cü il tarixdə məhkəmədə cavabdehlər "Sərraf-M” MMC, Nümayəndə2 və "İrşad” X3rşı əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin ləğv edilməsi barədə iddia qaldırmışdır. Göründüyü kimi, hazırki tələb üzrə tutma elə 2019-cu ildə "İrşad” X6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yönəldilmiş, lakin bu və ya digər səbəblərdən icra proseslərini başa çatdırmaq mümkün olmamışdır. Həmçinin o da müəyyən olunur ki, üzərinə tutma yönəldilmiş qeyri-yaşayış sahəsi otel binası olmaqla kifayət qədər yüksək dəyərə malikdir. Məhkəmə icra sənədinin hazırki vaxtadək icra olunmamasını borcluların qanunsuz hərəkətləri ilə əlaqələndirmir, çünki tutmanın borclunun əmlakına yönəldilməsi məcburi icra hərəkəti hesab olunur. İcra prosesində icra hərəkətlərini qanun müstəvisində mübahisələndirmək isə qanunsuz hərəkət hesab oluna bilməz. Odur ki, məhkəmənin gəldiyi qənaətə əsasən borclular tərəfindən icranın gecikdirilməsində təqsirli hallar müəyyən edilmədiyindən tələbkar tərəfindən kifayət qədər yüksək məbləğ təşkil edən pul vəsaitinin indeksasiyasının həyata keçirilməsini tələb edilməsi əsassızdır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi X2 şikayət vermiş və Nəsimi Rayon Məhkəməsinin 8(006)-4/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və tərəflərindən təqdim edilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 60; 129.3; Mülki Prosessual Məcəllənin 4.1, 267, 268, 269; “İnsan Hüquqlarının və X9 haqqında“ Avropa Konvensiyasının 6-cı maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qərar qəbul edərkən işin ətraflı araşdırılmasını həyata keçirməmişdir. İlk olaraq qeyd edilməlidir ki, göstərilən məbləğ üzrə borclu tərəfindən uzun illər ərzində hər hansı bir ödəniş həyata keçirilməmişdir. Halbuki, həmin əmlak bu müddət ərzində obyekt kimi daimi fəaliyyət göstərmiş, əmlakın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi isə davamlı olaraq icarəyə verilmişdir. Hazırda həmin ərazidə genişmiqyaslı əsaslı təmir-tikinti işləri aparılır və bu işlərin dəyəri yüz minlərlə manatla qiymətləndirilir. Bundan əlavə, həm əvvəlki, həm də hazırkı məhkəmə araşdırmaları zamanı borclu tərəfindən tələbkara borcun ABŞ dolları ilə deyil, 300000 manat ekvivalenti ilə ödənilməsi təklifi irəli sürülmüşdür. Yuxarıda qeyd olunan hallar onu göstərir ki, borclu tərəfindən borcun ödənilməməsi məqsədli və qərəzli xarakter daşıyır. Belə ki, icarədən əldə olunan gəlirlər və hazırda aparılan yüksək dəyərli təmir-tikinti işləri fonunda borclunun maliyyə imkanlarının olması aydın görünür. Bu vəsaitlər hesabına borcun ödənilməsi mümkün olduğu halda borclu - Nümayəndə2 və Cavabdeh2 X12 - bu öhdəliyi yerinə yetirməkdən yayınmış və borcun qəsdən ödənilməməsi üçün tədbirlər görmüşlər. Beləliklə, təqdim olunan faktlar onu sübut edir ki, borclu tərəf əldə etdiyi maliyyə imkanlarını borcun ödənilməsinə yönəltmək əvəzinə, qərəzli şəkildə bu öhdəlikdən yayınmağa çalışmışdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında borclunun təqsirli olub-olmaması məsələsinə hər hansı bir formada hüquqi qiymət verilməmişdir. Qərarda əsas diqqət yalnız və yalnız tələbkarın vəsaitinin uzun müddət ərzində ödənilməməsi və bunun nəticəsində həmin məbləğin real dəyərdən məhrum olması faktına yönəldilmiş, məhz bu səbəbdən indeksasiyanın tətbiqi zərurəti vurğulanmışdır. Qərarda indeksasiyanın aparılması üçün borclunun təqsirli olub-olmaması kimi şərt irəli sürülməmişdir. Belə olduğu təqdirdə məhkəmənin yanaşması borcluya münasibətdə daha əlverişli şərait yaradır, nəinki, tələbkara münasibətdə. Əksinə, borcun illərlə ödənilməməsi nəticəsində tələbkarın faktiki olaraq öz vəsaitindən məhrum qalması, inflyasiya və digər mənfi təsirləri səbəbilə maddi ziyana uğraması obyektiv reallıqdır və bu hal məhkəmə tərəfindən müvafiq şəkildə nəzərə alınmalı idi. Məhkəmənin bu aspekti nəzərdən qaçırması tələbkarın hüquqlarının pozulmasına və hüquqi bərabərliyin təmin olunmamasına səbəb olmuşdur. İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı icraya yönəldikdən sonra tərəflər həmin məhkəmə aktı üzrə tutulmalı olan pul məbləğinin indeksasiyası ilə bağlı müraciət edə bilərlər. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 2025-ci il 15 aprel tarixli Qərarında da göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsi həmin Məcəllənin “birinci instansiya məhkəməsində icraat” adlı ikinci bölməsində yerləşməklə, məhz bilavasitə məhkəmənin özü tərəfindən baxılaraq həll olunmuş mübahisə üzrə qəbul edilmiş və Azərbaycan Respublikasının adından çıxarılan yekun məhkəmə aktı əsasında tutulmalı pul məbləğlərinin indeksasiyasını nəzərdə tutur. Konstitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərarı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli Qərardadının qüvvəyə minməsindən sonra qəbul edildiyindən məsələ ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edərkən, o cümlədən Məhkəmənin Qərardadında istinad edilməmişdir. Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-4/2025 saylı işi üzrə xx.xx.2025ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 232.Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərin indeksləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Həmin Qanunun 2-ci maddəsinə əsasən, Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. İstehlak qiymətlərinin dəyişməsini respublikanın statistika orqanları tərkibində fəaliyyət göstərən xüsusi dövlət xidməti müşahidə edir. İstehlak qiymətlərinin indeksinə və pul gəlirlərinin (əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin) artımındakı dəyişikliklərə dair məlumat, habelə Azərbaycan Respublikasında müəyyən olunmuş minimum əmək haqqı səviyyəsi və indeksləşdirmə üçün zəruri olan digər ilkin məlumat hər kvartal mətbuatda dərc edilir.İndeksləşdirmə o halda həyata keçirilir ki, əvvəlki indeksləşdirmə anından artan yekunla hesablanmış istehlak qiymətlərinin indeksi 5 faizlik həddi keçsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Mülki prosessual qanunvericilikdə qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması da müəyyən edilmişdir (Mülki Prosessual Məcəllənin 231-ci maddəsi). Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, borclular tərəfindən icranın gecikdirilməsində təqsirli hallar müəyyən edilmədiyindən tələbkarın indeksasiyanın həyata keçirilməsini tələb edilməsi əsassızdır, tələb üzrə tutma elə 2019-cu ildə "İrşad” X6 mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yönəldilmiş, lakin bu və ya digər səbəblərdən icra proseslərini başa çatdırmaq mümkün olmamışdır. Məhkəmə qərarının icrasının məcburiliyi və onun icrasına məhkəmənin nəzarət etməsi zəruriliyi məhz bu və ya digər səbəblərdən icra proseslərini başa çatdırılmasının mümkün olmaması tələbkarın qanunla qorunan mənafelərinə aid edilmir. Məhkəmə, üzərinə tutma yönəldilmiş qeyri-yaşayış sahəsinin otel binası olmaqla kifayət qədər yüksək dəyərə malik olmasına, icra hərəkətlərini qanun müstəvisində mübahisələndirilməsinin və icra olunmamasının borcluların qanunsuz hərəkətləri ilə əlaqələndirməməsinə, habelə icranın gecikdirilməsində təqsirli hallar müəyyən edilmədiyindən tələbkar tərəfindən kifayət qədər yüksək məbləğ təşkil edən pul vəsaitinin indeksasiyasının həyata keçirilməsini tələb edilməsinin əsassız hesab etməsinə istinad edərək, qanuni əsası olmayan (formal mülahizələrə söykənən) qənaət sərgiləmişdir. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarlarında borclunun təqsirli olub-olmaması məsələsinə hər hansı bir formada hüquqi qiymət verilməmişdir. Qərarda əsas diqqət yalnız və yalnız tələbkarın vəsaitinin uzun müddət ərzində ödənilməməsi və bunun nəticəsində həmin məbləğin real dəyərdən məhrum olması faktına yönəldilmiş, məhz bu səbəbdən indeksasiyanın tətbiqi zərurəti vurğulanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2944/2019 nömrəli xx.xx.2019-cu il tarixli qərarının surətindən də görünür ki, cavabdehlər Nümayəndə2 və "İrşad” X6 kassasiya şikayətinin qismən təmin olunması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12348/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilərək, faiz borcunun 29280 ABŞ dolları məbləğində müəyyən edilməsi, qətnamənin əsas borc məbləğinə dair hissədə dəyişdirilmədən saxlanılması, cəmi 322087,00 ABŞ dolları məbləğində pul vəsaitinin (Azərbaycan manatı məzənnəsi ilə) cavabdehlər "İrşad” X4 və Nümayəndə2 alınaraq iddiaçılar X11 və X16 ödənilməsi qərara alınmışdır. İş materiallarından Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2944/2019 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinin icra edilməsi müəyyən olunmur, icra sənədinin hissə-hissə icra edilməsinə dair hər hansı məhkəmə qərarının olması görünmür. Nə qədər ki, məhkəmə qərarı ilə qət edilmiş məbləğ var və həmin məbləğ tam şəkildə ödənilməyib, tələbkarın qanunla qorunan maraqları tələb edir ki, ona verilməli olan pul vəsaiti inflyasiyanın zərərli təsirlərindən qorunsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində qeyd olunan “əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər)” müddəası borclunun icranı gecikdirdiyi müddət ərzində pulun alıcılıq qabiliyyətinin azalması şəklində ifadə olunan inflyasiya nəticəsində yaranan zərəri də ehtiva edir. 2. Borclunun pul öhdəliklərini icra etməməsi nəticəsində kreditora dəyən zərərin (həmçinin inflyasiya nəticəsində yaranan zərər) həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsi ilə müəyyən olunmuş gecikdirmə faizlərinin məbləğindən çoxdursa, borcverən (kreditor) həmin Məcəllənin 449.3-cü maddəsinə əsaslanaraq bu faizlərlə əhatə olunmayan hissədə (fərq məbləğində) zərərin əvəzinin ödənilməsini borcludan tələb etmək hüququna malikdir. Qərarın əsaslandırıcı hissəsində Konstitusiyası Məhkəməsinin Plenumu qyed etmişdir ki, Mülki Prosessual Məcəllənin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası institutu qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən effektiv vasitədir. Belə ki, bu hüquq təkcə məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin ədalət mühakiməsi nəticəsində dövlətin adından çıxarılmış qərarın icrasının təmin olunmasını, pozulmuş hüquq və azadlıqların real bərpası imkanını ehtiva edir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir. Eyni zamanda, bu institut prosessual qənaət prinsipinin məqsədləri baxımından artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə tutulmalı olan pul məbləğlərinə dair yeni iddianın qaldırılmasının qarşısını alır. Konstitusiya Məhkəməsinin Plenumu oxşar mövqeyi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 10 oktyabr tarixli Qərarında ifadə etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki: Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. 2. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə uyğun olaraq, müqavilə üzrə pul öhdəliyinin xarici valyutada icra edilməli olmasının şərtləndirildiyi hallarda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasının həyata keçirilməsi istisna edilir. Xarici valyuta ilə irəli sürülən pul tələbi ilə bağlı iddialara baxılması nəticəsində alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət olunduğu halda qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indekssiyasının həyata keçirilməsi mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayət qismən təmin edilməklə, tələbkarın indeksasiya barədə ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2944/2019 saylı işi üzrə xx.xx.2019-cü il tarixli icra sənədi (xx.xx.2019-cü il tarixli qərarı) üzrə cavabdehlər Nümayəndə2 və Cavabdeh2 X12 tərəfindən ödənilməli olan 322087,00 ABŞ dollarının manat məzənnəsini təşkil edən 547547,90 manat məbləğin 2019-2024-cü illər üzrə pul vəsaiti indeksləşdirilərək, əlavə olaraq 221756,90 manat məbləğində pul vəsaiti tələbkar(lar)a ödənilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2024-cü il tarixli 9/10337 nömrəli rəyindən görünür ki, 2019-2024-cü illər ərzində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi illik istehlak qiymətləri indeksi faizlərinə əsasən ödənilməmiş 547547,90 manat pul vəsaitinə görə istehlak qiymətləri indeksi (faiz) dərəcəsi nəzərə alınmaqla 2019-2024-cü illər ərzində hesablanmış cari dəyəri (ekvivalenti) 221756,90 manat məbləğində təşkil edir. Tələbkarın ərizəsinin cavabdehlər Nümayəndə2 və "İrşad'’ X12 tərəfindən məhkəmə xərclərinin və digər əlaqəli xərclərin ödənilməsi barədə qərar qəbul edilməsi hissəsinə dair məhkəmə kollegiyası qeyd edir ki, ərizənin bu hissədə əsasları müəyyən edilmədiyindən təmin edilməsi üçün də əsaslar müəyyən edilmir. Bununla bərabər, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə (Fəsil 8) əsasən diqqətə çatdırılmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi (tutulması) qanunla nəzərdə tutulduğundan iş üzrə keçirilmiş ekspertiza xərci borclulardan ekspertiza mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-4/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2944/2019 saylı işi üzrə xx.xx.2019-cü il tarixli icra sənədi (xx.xx.2019-cü il tarixli qərarı) üzrə ödənilməli olan 322087,00 (üz yüz iyirmi iki min səksən yeddi manat) ABŞ dollarının manat məzənnəsini təşkil edən 547547,90 (beş yüz qırx yeddi min beş yüz qırx yeddi manat doxsan qəpik) manat məbləğin 2019-2024-cü illər üzrə indeksasiya məbləği 221756,90 (iki yüz iyirmi iki min yeddi yüz əlli altı manat doxsan qəpik) manat müəyyən edilərək borclular Nümayəndə2 və Cavabdeh2 X5 tələbkarlar X13 və X14 xeyrinə tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat məbləğində pul vəsaiti borclular Nümayəndə2 və Cavabdeh2 X5 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar