Məhkəmə qərarları › İş №8(103)-405/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-405/2021

27.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-405/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(003)-125/2021 saylı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli qərardaddan Tələbkar Açıq Səhmdar Cəmiyyətinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Apellyasiya Məhkəməsinin 14.05.2019-cu il tarixli (İş № 2-2(106)-32/2019) icra vərəqəsinə əsasən, kreditor olan "xxxx" İKB ASC (hazırda Tələbkar ASC) ilə borclu "xxxx" MMC arasında bağlanmış “Kredit müqavilələri” üzrə yaranmış kredit borclarının ödənilməsi məqsədi ilə müəyyən pul məbləğlərinin MMC-dən Bankın xeyrinə tutulmalı, tutma MMC-yə məxsus olan və Bankın xeyrinə girov qoyulmuş əşyalara yönəlməli, girov predmetlərinin açıq hərracdan ilkin satış qiyməti 1.714.290 manat olmaqla satılmalıdır. İcra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Xəzər Rayon İcra Şöbəsinin 10.03.2021-ci il tarixli qərarına əsasən ”İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.10-cu maddəsinə əsasən icra vərəqəsi üzrə icraat dayandırılmışdır. MMC həmin qərardan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verərək icra məmurunun qərarının ləğv edilməsini və icra hərəkətlərin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. MMC-nin şikayəti onunla əsaslandırılmışdır ki, MMC-dən tələbkar Bankın xeyrinə müəyyən məbləğdə pul tutulmalı və tutma MMC-nin mülkiyyətində olan avadanlıqlara yönəlməlidir. İcra sənədinin icrası ilə əlaqədar ilk hərrac 25.02.2021-ci il tarixə təyin edilmiş, keçirilmiş lakin hərrac baş tutmamışdır. Növbəti hərrac 16.03.2021-ci il tarixə təyin edilmişdir. Bu ərəfədə tələbkar Bank məktubla İcra Şöbəsinə müraciət edərək icra hərəkətlərinin dayandırılmasını xahiş etmiş və icra məmuru qəbul etdiyi 10.03.2021-ci il tarixli qərarı ilə, bunun üçün əsaslar olmadığı halda icraatı dayandırmışdır. İcra sənədi üzrə icraatın dayandırılmasından istifadə edən Bankın vəzifəli şəxsləri və onların müraciət etdikləri trans kollektor şirkətinin əməkdaşları borcun ödənilməsi ilə bağlı MMC-nin rəhbərliyinə təzyiqlər göstərməyə başlamışlar. Bundan başqa, Bank, borcun qaytarılması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə də müraciət etmişlər. Göründüyü kimi, Bank bir tərəfdən icra hərəkətlərin həyata keçirilməsinin qarşısını alır, digər tərəfdən isə borcun ödənilməsi ilə bağlı MMC-nin rəhbərliyinə təzyiqlər edir. Nəzərə alınmalıdır ki, icra hərəkətləri dayandırıldığı üçün girov əmlak hərracdan satıla bilmir, borc MMC-nin üzərində qalır və nəticədə, MMC-nin rəhbəri olan – İsrail Dövlətinin vətəndaşı Borclu Azərbaycan Respublikasından çıxışına məhdudiyyətlər qoyulur. İcra məmurunun qərarından verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.06.2021-ci il tarixli qərardadla, şikayətinin təmin edilməsini İcra Şöbəsinin 10.03.2021-ci il tarixli qərarının ləğv edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin 14.05.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirlərinin davam etdirilməsini qərara almışdır. Tələbkar Bank həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və MMC-nin icra məmurunun qərarından verdiyi şikayətin rədd edilməsini xahiş etmişdir. Bankın şikayəti onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanuna əsasən tələbkarın hüququ var ki, icra sənədi üzrə icraatın dayandırılmasını tələb etsin. Bundan başqa, borclunun götürdüyü kreditin təyinatı üzrə sərf edilməməsi və digər faktlarla bağlı Bank tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunmuşdur. Hazırda cinayət işinin istintaqı aparılır. Həmin iş yekunlaşana kimi hazırda icraat dayandırılmalıdır. Rayon Məhkəməsi, şikayətə baxaraq iş üzrə qəbul etdiyi 02.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun “İcraatın dayandırılmasının məcburiliyi” adlanan 17.1.10-cu maddəsinə görə, tələbkarın müvafiq xahişi olduqda icra sənədi üzrə icraat dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə görə, Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Yuxarıda göstərilən hüquq normalarından müəyyən olunur ki, tələbkarın icra sənədi üzrə icraatın dayandırılması barədə müraciət etmək hüququ var və belə müraciət olduqda icra məmuru icra sənədi üzrə icraatın dayandırılması barədə qərar qəbul edir. Lakin Məhkəmə qeyd edir ki, bu qayda hüquqdan sui-istifadəyə və qanuni qüvvəyə minmiş məhkəmə aktının əsaslı hallar olmadan uzun müddət icrasız qalmasına şərait yaratmamalıdır. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, tələbkar Bank ilə borclu MMC arasında bağlanmış 3 “Kredit müqaviləsi” üzrə yaranmış kredit borclarının ödənilməsi məqsədi ilə cəmi 400.691,25 ABŞ dolları məbləğində pul tutulmalı və tutma MMC tərəfindən Bankın xeyrinə girov ilə yüklü edilmiş, ilkin satış qiyməti 1.714.290 Azərbaycan manatı (təxminən 1.000.000 ABŞ dolları) olan əmlaka yönəldilməlidir. Borclu olan MMC məhkəmə qətnaməsinin icra edilməsində və borcun ödənilməsində maraqlıdır. Tələbkar olan Bank isə məhkəmə qətnaməsinin icra edilməsində, borcun ödənilməsində maraqlı deyil, icra hərəkətinin dayandırılmasında maraqlıdır və mövqeyini onunla əsaslandırır ki, borclu MMC barəsində cinayət işi var və buna görə də icraat dayandırılmalıdır. Məhkəmə qeyd edir ki, bu hal hazırki icra sənədi üzə icraatın dayandırılması üçün əsas deyil. Bu kimi halın icra hərəkətinin dayandırılması üçün əsas olması “İcra haqqında” Qanunda nəzərdə tutulmamışdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra olunmalıdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “icra sənədi üzrə icraatın dayandırılması barədə” Xəzər Rayon İcra və Probasiya Şöbəsinin 10.03.2021-ci il tarixli qərarını ləğv etməkdə və 22.06.2021-ci il tarixdə qəbul edilmiş qərardaddan Bank tərəfindən verilmiş şikayəti təmin etməməklə faktlar nöqteyi-nəzərindən və mahiyyətcə iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Tələbkar ASC-nin şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar