Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-407/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Binəqədi rayon İcra Şöbəsinin icra məmurunun Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməməsinə dair qərardaddan tələbkarın şikayəti ilə bağlı iş üzrə (Açar sözlər: borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-972/2024 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədov Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1629/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən Borclu 13.000 manat pul vəsaiti və 100 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Binəqədi rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvana və çağırış SMS-i borclunun ***-***-**-** saylı əlaqə nömrəsinə göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə “Elektron icra" elektron sisteminə baxış keçirilmişdir. "Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan "X3" minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir.
3. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)- 972/2024 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir.
4. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Borclu məxsus avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı qanuni qüvvədə olan qərardad mövcuddur.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əmlakın özgəninkiləşdirilməsinn qadağan edilməsini əmlak üzərinə həbs kimi qiymətləndirmiş, tamamilə fərqli anlayışlar olduğu halda, Borclu məxsus avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı qanuni qüvvədə olan qərardad olduğuna görə qanunvericiliyin tələblərin pozaraq icraçı tərəfindən təqdim edilmiş təqdimatı əsassız hesab etmiş, nəticədə hüquqlarını kobud şəkildə pozaraq yanlış nəticəyə gəlmiş, ədalətsiz və qanunsuz qərardad qəbul edərək hüquqlarını kobud şəkildə pozmuşdur.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və icra məmurunun təqdimatı təmin edilməlidir.
13. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır.
14. İcra qanunvericiliyinin tələblərinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə məcburi icra tədbirləri tətbiq olunur.
15. İşdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1629/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 13.000 manat pul vəsaiti və 100 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Lakin borclu üzrsüz səbəbdən icra sənədinin icrasını təmin etmir.
16. İşdən həmçinin görünür ki, borclunun mülkiyyətində "X3" minik markalı, **-LD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır.
17. İşdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-16(001)-3/2024 nömrəli qərardadından görünür ki, müvəqqəti təminat tədbiri olaraq sözügedən nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi iş üzrə cavabdeh Borclu və digər şəxslərə qadağan edilmişdir.
18. Məhkəmə kollegiyası qeyd edir ki, icra qanunvericiliyin tələblərinə əsasən icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının götürülməsi və satılması üçün həmin əmlak üzərinə həbs qoyulmalıdır. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə həmin əmlak üzərinə həbsin qoyulması isə eyniləşdirilə bilməz.
19. Belə ki, əmlak üzərinə həbsin qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.
20. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-1629/2024 nömrəli icra sənədi icrasız qaldığından borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-972/2024 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Ruslan Məmmədovun təqdimatı təmin edilsin. Borclu məxsus olan "X3" minik markalı, **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Hakimlər: