Məhkəmə qərarları › İş №8(103)-408/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-408/2021

11.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-408/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5964/2014 saylı icra sənədinin onun pensiyasına yönəldilməsinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 01.04.2014-cü il tarixli, 2(008)-1896/2014 saylı qətnaməsi ilə X4 qarşılıqlı iddiası təmin edilərək ondan 175.000 ABŞ dollar məbləğində pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-(103)-5964/2014 saylı icra sənədi icra olunması üçün Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. O, borcu birdəfəyə ödəyə bilmir, yalnız hissə-hissə ödəyə bilər. Başqa əmlakı və başqa gəliri yoxdur. Özü isə pensiyaçıdır. Həmin məbləğ onun pensiyasına yönəldilməlidir. O, hal-hazırda Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 13 saylı yataqxanada pasport qeydiyyatındadır və orada yaşayır. Ona görə də əmlakı və gəlirləri olmadığı üçün 175.000 ABŞ dollar pulun tutulması barədə icra sənədinin onun pensiyasına yönəldilməsini Sabunçu rayon İcra və Probasiya şöbəsindən xahiş etmişdir. Lakin, 11,09.2020-ci il tarixli, 7551/28 saylı məktubla ona imtina edilərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5964/2014 saylı icra sənədini onun pensiyasina yönəltməmiş, gələcəkdə yönəldəcəyini bildirmişdir. Halbuki onun AR İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə qərarı onun xəbəri olmadan icra olunması üçün pensiyasına yönəldilmişdir. Necə ola bilir ki, icra şöbəsi cəriməni pensiyaya yönəldə bilir, lakin digər borcu yönədə bilmir. Bu tam qanunsuzdur. Hesab edir ki, icra şöbəsi heç bir əsas olmadan öz məktubunu əsaslandırmadan borcluya imtina məktubu vermişdir. Həmin imtina məktubu ilə o razı deyil və qanunsuz hesab edir. Tələbkara hal-hazıra kimi 3000 manata yaxın pul ödəmiş, bu barədə qəbzləri vardır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı ilə (hakim A.Paşayeva, iş № 8(008)-530/21) ərizə təmin edilməmişdir. Borclu Z.Bədəlov həmin qərardaddan şikayət vermişdir. Sabunçu Rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflərə işə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi borclunun ərizəsini rədd edərkən aşağıdakıları nəzərə almışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. "Məhkəmə qətnaməsi haqqında" Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq borclunun ərizəsini əsassız saymış və rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və şikayətin dəlillərini əsassız sayır. Borclu şikayətində məhkəmənin onun ərizəsinə düzgün baxmadığını, ərizəsinin qətnamənin hissə-hissə icrası barədə olmadığını, məqsədinin icra sənədinin pensiyasına yönəldilməsindən ibarət olduğu və icra məmuru bu məsələdə ona köməklik göstərmədiyinə görə icra məmurundan şikayət etdiyini göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, borclu ərizəsində icra sənədinin onun pensiyasına yönəldilməsinin Sabunçu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Mahiyyət etibarilə bu tələb qətnamənin birdəfəyə tam deyil, hissə-hissə icra edilməsi deməkdir və ona görə də birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan əsaslarla ərizəni rədd etməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar