Məhkəmə qərarları › İş №8(103)-409/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-409/2020

09.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-409/2020 09.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş “Borclu məxsus olan əmlakın üzərinə həbs qoyulması barədə” təqdimata dair iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra sənədi üzrə Borclu məxsus olan, Zaqatala rayonu, Göyəm kəndində yerləşən, ümumi sahəsi 2.315,75 kv.m olan torpaq sahəsinin üzərinə həbs qoyulsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirinin növlərindən biridir. Həmin Qanunun 44.1-ci maddəsindən görünür ki, məcburi icra tədbirinin tətbiqi üçün aşağıda göstərilən 3 əsas birlikdə mövcud olmalıdır: 1) icra sənədi icra məmuruna təqdim olunmalıdır; 2) icraata başlamaq haqqında qərar qəbul olunmalıdır; 3) könüllü icra üçün borcluya verilmiş müddət keçməlidir. Hazırkı işdə hər 3 əsas mövcuddur. Belə ki, Borclu Tələbkar xeyrinə 210.000 ABŞ dolları məbləğində pul tutulması barədə icra sənədi icra məmuruna təqdim olunub. İcra məmuru icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edib və qərarın surətini borcluya göndərməklə icra sənədində göstərilmiş tələbin onun tərəfindən könüllü icrası üçün müddət təyin edib. Lakin borclu icra sənədində göstərilən tələbi könüllü icra etməyib, könüllü icra üçün müəyyən olunmuş müddət keçib. Bununla da məcburi icra tədbirinin tətbiqi üçün əsaslar yaranıb. Ona görə də məcburi icra tədbiri kimi həmin torpaq sahəsinin üzərinə həbs qoyulması və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi yolveriləndir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar