Məhkəmə qərarları › İş №8(103)-409/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-409/2021

11.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-409/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə, Səbail rayon Məhkəməsinin 2(009)-1427/2020 saylı, 27.11.2020-ci il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə X1nın ərizəsinə dair qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-95/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərardadından borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X1 06.04.2021-ci il tarixdə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, cavabdeh X5 ilə 23.04.2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan bir uşağı doğulmuşdur: 03.01.2013-cü il təvəllüdlü X9. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün Səbail Rayon Məhkəməsinin 2(009)-1274/2015 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, 03.01.2013-cü il təvəllüdlü X6 onun yanında saxlanılması və uşaq yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/4 hissəsi məbləğində aliment tutularaq ona verilməsi qət olunmuşdur. Daha sonra cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.01.2013-cü il təvəllüdlü X9 ilə ünsiyyətdə olmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə məhkəmə iclasında iştirak edərkən o, Füzuli Qasımovun onun iştirakı ilə az müddət ərzində uşaqla ünsiyyətdə olması barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin, qeyd olunan iş üzə Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 05.11.2020-ci il tarixli,6/12-969 nömrəli rəyindən görünür ki, Komissiya tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, 22.10.2020-ci il tarixdə keçirilmiş iclasın qərarını, uşağın səhhətini və mənafeyini nəzərə alaraq, X3 03.01.2013-cü il təvəllüdlü X9 ilə ayda bir gün 3 saat ərzində uşağın anası X2 iş rejiminə uyğun olaraq və onun iştirakı ilə görüşüb ünsiyyətdə olmalarının məqsədəuyğun olması barədə rəy vermişdir. Onun qızı 03.01.2013-cü il təvəllüdlü Ülkər Qasımlı səhhəti ilə əlaqədar bir çox əməliyyatlar keçirmiş, müayinə və müalicələrdə olmuşdur. Buna baxmayaraq, hələ də onun köməyi olmadan qızının sərbəst şəkildə özünə xidmət etməsinə və ya özünün təbii ehtiyaclarını ödəməsinə səhhəti imkan vemir. Bütün bunlara baxmayaraq, Səbail Rayon Məhkəməsinin 2(009)-1427/2020 saylı qətnaməsinə əsasən Füzuli Qasımova 03.01.2013cü il təvəllüdlü Ülkər Qasımlı ilə hər ay iki dəfə olmaqla onun iştirakı olmadan ünsiyyətdə olmaq hüququ verilmişdir. Hesab edir ki, övladının səhhəti və keçirdiyi əməliyyatlar nəzərə alınaraq xüsusi qayğıya ehtiyacının olması baxımından qətnamənin icra üsulu və qaydası dəyişdirilməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-95/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərardadı ilə icra üsulunun dəyişdirilməsinə dair ərizə təmin edilməmişdir. Borclu R.Mustafayevanın həmin qərardaddan verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış borclu, tələbkar, eləcə də icra şöbəsinin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəməyə gəlməmiş, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni təmin etmədiyi zaman ona əsaslanmışdır ki, məhkəmə uşağın yaşını, atası ilə görüşmək istədiyini bildirməsini, məktəbdə və ya məktəbdən sonra digər şəxslərlə ananın iştirakı olmadan vaxt keçirtdiyini, tələbkarın uşağa münasibətdə özgə şəxs deyil, məhz uşağın atası, yəni valideyni olmasını nəzərə alaraq, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə və tələbkara uşağı ilə görüşmək hüququnun ananın iştirakı ilə verilməsinə heç bir zərurət görmür. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, həmçinin, qeyd edir ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icra üsulunun və qaydasının dəyişdirilməsi institutunu nəzərdə tutsa da, bu institut “İcra haqqında” Qanunda nəzərdə tutulmuş icra tədbirləri heç bir nəticə vermədikdə və borclunun qeyd etdiyi halların icra sənədinin icrasına imkan verməyəcək səviyyədə olduğu ortaya çıxdıqda tətbiq oluna bilər. Kollegiya onu da qeyd edir ki, ərizəçinin nail olmaq istədiyi əvəzləşdirmənin adı çəkilən institut çərçivəsində tətbiqi mümkün deyildir. Çünkü qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, bir icra üsulunun digəri ilə əvəz edilməsi, yaxud qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması deməkdir və heç bir halda qətnamənin özünün dəyişdirilməsi kimi başa düşülə bilməz. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 8(009)-95/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar