Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-409/2024 19.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 icra üsulununun və qaydasının dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: icra üsulunun dəyişdirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 qızından ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 8(006)- 264/2024 saylı qərardadından X2 və tələbkar Əliyeva (Paşayeva) Günay Əli qızı tərəfindən verilmiş şikayətlər üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 706/2024 saylı 23 yanvar 2024-cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çalanadək saxlanılması üçün ondan hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilmiş alimentin 50%-nin yetkinlik yaşına çatmayan X8 adına açılmış bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh X9 qarşı nikahın pozulması və azyaşlı uşağın saxlanılması üçün aliment tələbinə dair iddia tələbi təmin edilərək, tərəflər arasındakı xx.xx.2019-cu il tarixli 3228 saylı nikahın pozulması və xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla X4 hər ay qazancının və başqa gəlirlərinin dördddə bir hissəsi miqdarında alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş Qazax rayon İcra Şöbəsinin 187/3 saylı, xx.xx.2024-cü il tarixli İcra sənədi icraya yönəlmişdir. Borclunun işlədiyi “BP" (BP X13 Limited) şirkətinin verdiyi 26 avqust 2024-cü il tarixli arayışa əsasən 23 yanvar 2024-cü il tarixdən hesablanmaqla X6 yaranmış aliment borcuna görə mart ayında onun qazancının və digər gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutulması ilə yanaşı, yığılmış borca görə əlavə 1,105 AZN, cədvəl üzrə tutulma haqqında məlumat aşağıdakı qaydada Tələbkar Əli qızının bank hesabına köçürülmüşdür: 1. 2024 mart - 25%- bank hesabına köçürülmüş alimentin məbləği -5.388, 63 AZN 2. 2024 aprel-25%- bank hesabına köçürülmüş alimentin məbləği -1.125,73 AZN 3. 2024 may-25%- bank hesabına köçürülmüş alimentin məbləği -1.125. 73 AZN 4.2024 iyun-25%- bank hesabına köçürülmüş alimentin məbləği - 3.608 AZN 5. 2024 avqust-25 %-bank hesabına köçürülmüş alimentin məbləği -1.125, 73 AZN. Tələbkar 13.499,55 AZN 23 yanvar 2024-cü ildən avqust 2024-cü ilədək bir uşağın saxlanılması üçün alimentə görə borclu P.Paşayevin aylıq əmək haqqından və bütün gəlirlərindən cəmi 13.499,55 AZN məbləğində pul ödənilmişdir, orta hesabla hər ay uşağın saxlanılmasına 1930 AZN pul ödənilir, 2 yaşlı uşağın saxlanılması üçün hər ay göstərilən miqdarda pulun ödənilməsi uşağın xərclərindən izafi dərəcədə artıqdır. Hesab edir ki, bir uşağın saxlanılması üçün minimum yaşayış həddinin miqdarı 2024-cü il üçün AR Nazirlər Kabinetinin Qərarı ilə 235 manat təyin edilmişdir. xx.xx.2022-ci il təvəllüdlü X8 əvvəlki həyat tərzi və tələbatının saxlanılması nəzərə alınmaqla, ödənilən alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi daha məqsədə müvafiqdir.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-264/2024 saylı, 10 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin eilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin 25 faiz məbləği yetkinlik yaşına çatmayan xx.xx.2022-ci il təvəllüdlü X8 adına açılmış bank hesabına köçürülməklə, 75 faizi isə xx.xx.2022-ci il təvəllüdlü X8 anası, Tələbkar sərəncamına verilməklə icra edilməsi qərara alınmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ölkə üzrə uşaq minimumunun ondan tutulan alimentdən daha aşağı olması alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün mütləq əsas deyildir. Lakin, bununla yanaşı məhkəmə bəzi məsələlərlə bağlı aşağıdakıların nəzərə alınmasını zəruri hesab edir. Tələbkar öz etirazında alimentin çox hissəsinin uşaqda olan D vitamini çatışmazlığından yaranmış xəstəliklə bağlı müalicəsinə, yaşayış yerinin olmaması səbəbindən kirayə və gündəlik məsrəflərinə sərf olunduğunu qeyd etmişdir. Bununla yanaşı məhkəmə iclasında uşağın məktəbəqədər təhsil müəssisəsinə gətməsi barədə də məlumat verildi. Qeyd olunanlarla yanaşı uşağın müəlicəsi ilə əlaqədar gələcəkdə yaranacaq məsrəflərin (üzgüçülük kursu və sair) müəyyən edilməsi ödəniləcək aliment məbləğinin miqdarından asılı olacağı bildirildi.
5. Məhkəmə həmçnin qeyd etmişdir ki, valideyn özünə məxsus vəsaitin xərclənməsi barədə hesabat verməyə bilər, aliment isə valideynin deyil, uşağın vəsaitidir. Həmin vəsait uşağın saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Ona görə də uşaq üçün ödənilən alimentin bir hissəsinin kirayə üçün sərf edilməsi təyinatı üzrə xərclənib-xərclənməməsinə dair sual doğurur. Məhkəmə borclunun əmək haqqı məbləğini (7958.33 manat), uşağın yaşını, onun ağır xəstəliyinin olmamasını, uşağın saxlanılmasının hər iki valideynin üzərinə düşməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tutulan alimentin 25 faizi məbləği yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi məqsədəmüvafiqdir. Bununla da tələbkarın sərəncamına 2023-cü il üçün uşaqların saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş aliment məbləğinin 5 qatından artıq aliment məbləği daxil olacaqdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
6. Həmin qərardaddan tələbkar Əliyeva (Paşayeva) Günay Əli qızı şikayət verərək onun ləğv edilməsini və X2 tərəfindən verilmiş “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, AR Nazirlər Kabineti hər il uşaqların saxlanılması üçün ehtiyac meyarının minimum miqdarını müəyyən edir. Tələbkar tərəfindən məhkəməyə təqdim edilən sənədlərdən/qəbzlərdən görünür ki, tələbkar tərəfindən uşağın saxlanılmasına uşağa iyul ayında 495 manat, avqust ayında 330 manat, sentyabr ayında 410 manat pul xərclənib. Tələbkar cavabdeh tərəfindən birgə nikah dövründə əldə olunmuş mənzildən qovulduğu və ümumiyyətlə cavabdehin etdiyi ailə dəyərlərinə zidd hərəkətlərə görə onların birlikdə yaşaması mümkün olmadığı üçün tələbkar övladı ilə bilrlikdə kirayədə qalır və ayda 350 manat kirayə haqqı ödəyir. “Uşaq hüquqları haqqında” qanunun 20-ci maddəsinə görə hər bir uşağın mənzil hüququ var. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2022-ci il təvəllüdlü X8 anası/tələbkar X10 himayəsində saxlanılması qət olunub. Tələbkarın isə mülkiyyətində hər hansı mənzil olmadığından öz övladı ilə kirayədə qalır, aliment vəsaitinin 350 manatını kirayəyə sərf edir və bu həmin hissədə alimentin təyinatına uyğun xərcləndiyini təsdiq edir. Bundan başqa X12 vitamin D çatışmamazlığının yaratdığı raxit xəstəliyindən və bronxial-astma xəstəliyindən əziyyət çəkir və hər ay onun müalicəsinə xeyli vəsait xərclənir. Uşağın foto şəkilləri ərizəyə əlavə olunub və onun başının bədəninə nisbətdə xeyli böyük olması aydın görünür. Həmçinin, uşağın bronxlarının müalicəsi üçün inqalyasiya aparatı ilə nəfəs alarkən müxtəlif yaşlarında çəkilmiş fotolarından onun bronxial-astma xəstəliyindən əziyyət çəkdiyini təsdiq edir. Uşağın müalicəsi və fiziki inkişaf etməsi üçün həkimlər onun üzgüçülük kurslarına göndərilməsini tövsiyyə ediblər. Bu yaşda uşaqlar üçün üzgüçülük məşqləri üçün həftədə 2 dəfə getməklə 300 manat, 3 dəfə getməklə isə 400 manat ödəniş tələb olunur. Bundan başqa məlumdur ki, uşaqların yaxşı təhsil alması və fiziki inkişaf etməsi üçün onların təhsillə bağlımüxtəlif hazırlıqlara və idman məşqlərinə cəlb edilməsi məqsədəmüvafiqdir. Bu isə əlavə xərc tələb edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almayıb, Azərbaycan RespublikasıAilə Məcəlləsinin 55.3.-cü maddəsini düzgün tətbiq etməyib və bu düzgün olmayan qərardad çıxarılmasına səbəb olub.
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 oktyabr 2024-cü il tarixli ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-264/2024 saylı 10 oktyabr 2024-cü il tarixli Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Qərardaddan həmçinin X2 şikayət verərək, qərardadın ləğv edilməsini və X1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsinə dair ərizəsinin təmin edilməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-706/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün X4 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin 40 faiz məbləğinin yetkinlik çatmayan xx.xx.2022-ci il təvəllüdlü X8 adına açılmış bank hesabına köçürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardad qəbul edərkən, onun qazancının və diğər gəlirlərinin dörddə bir hissəsi miqdarında tutulan alimentin məhz 25 faizi məbləğində bank hesabına köçürülməsi qənaətinə gəlməsini əsaslandırmamışdır, çünki ərizədə bank hesabına 50 faizin tutulması ilə müraciət edilsə də, məhkəmə iclasında bank hesabına tutulmanın 40 faiz olmasını bildirsə də, məhkəmə alimentin 25 faizinin bank hesabına köçürülməsi qənaətinə gəlmişdir. Məhkəmə uşağın saxlanılması üçün müəyyən edilmiş alimentdən bank hesabına tutulmanı müəyyən edərkən, qərardadda alimentin miqdarını 1.115 manatdan hesablamışdır, məhkəmə iclasında “BP” şirkətinin “e.Qov.az “saitindən çıxarılmış əmək haqqına və alimentin ödənilməsinə dair çıxarışla müəyyəndir ki, onun aylıq aliment ödəməsi sentyabr ayından 1450 manat təşkil edir və borclu vaxtaşırı aylıq əmək haqqından (7958.33 AZN ) başqa, yüksək miqdarda bonuslar alır ki, həmin zaman tələbkar artıq 1450 manat deyil, hər ay orta hesabla 2.150 man aliment alır, məhkəmə həmin pulların uşağın azyaşlı olmasını nəzərə almadan və gələcəkdə onun təminatı üçün həmin pulun 40 faizinin banka köçürülməsini məqsədəmüvafiq hesab etməmişdir. Məhkəmə isə vahid məhkəmə təcrübəsinin yaradılması üzrə qəbul edilmiş AR Ali Məhkəmənin adı qeyd edilən qərardadının göstərişlərini nəzərə almamışdır. Belə ki, uşağın yaşının iki yaş olmasını, heç bir təhsil müəssisəsinə getməməsini, təhsil almamasını və səhhətində ciddi xəstəliyinin olmamasını və uşağın “BP” şirkəti tərəfindən uşağın illik 50 00 manat dəyərində sığorta edilməsini nəzərə almadan tutulan alimentin 25 faizi miqdarında bankın hesabına köçürülməsi qərarına gəlməsi ilə uşağın mənafeyinə zidd olaraq, maddi normanın tələbini pozmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə, yəni ərizəçinin “bir uşağın saxlanılması üçün 2024-cü ilə münasibətdə 235 manat olmasına dair” dəlillərini AR Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə AR Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaları tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş 04/2023 saylı Qərardadına istinad edərək qəbul etməməli idisə, məhkəmə belə olan halda ərizəni tam rədd etməli idi. İşin faktiki hallarından və iş üzrə təqdim edilmiş sübutlarla, o cümlədən borclunun iş yerindən alimentin ödənilməsinə dair arayış, “e.Qov.az” saytından çıxarılmış əmək haqqına və alimentin ödənilməsinə dair çıxarış və uşağın sığorta olunmasına dair sənəddən məlum olur ki, o, hər ay sabit 7958.33 AZN əmək haqqı və vaxtaşırı yüksək miqdarda bonuslar alır ki, həmin zaman tələbkar artıq 1450 manat deyil, hər ay orta hesabla 2150 manat aliment alır və “BP” şirkətinin neft sektoruna aid sahədə işlədiyi üçün əmək haqqının artırılması və bonusların vaxtaşırı verilməsi realdır, belə olan halda məhkəmənin alimentdən uşağın hesabına banka köçürülmənin 25 faiz təyin etməsi və hal-hazırda vahid məhkəmə təcrübəsinin yaradılması üçün nəzərdə tutulan yuxarıda adı çəkilən AR Ali Məhkəmənin Qərardadı ilə müəyyən edilmiş hallar (təhsil və sair) olmadan uşağın saxlanılması üçün Tələbkar verilməli olan alimentin miqdarı ilə uşağın gələcək mənafeyi üçün nəzərdə tutulan bank hesabına köçürülməli olan pulun arasında kəskin fərq yartdığı üçün qeyri-mütənasiblik yaradır və prosessual normanın tələbini pozmuşdur.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-264/2024 saylı 10 oktyabr 2024-cü il tarixli X2 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
12. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
14. 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
15. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
16. 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.
17. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
18. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
19. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
20. 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
21. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
22. 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun
23. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
24. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. 25.13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. BMT-nın “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası şikayətlərin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, tələbkar Əliyeva (Paşayeva) Günay Əli qızı tərəfindən verilmiş şikayət isə təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-264/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, borclu tərəfindən verilmiş ərizə isə təmin edilməməlidir.
28. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarının 8.9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış ban hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır.
29. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları 04/2023 saylı xx.xx.2023-cü il tarixli Qərardadının 41-ci bəndinə görə ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır.
30. Göründüyü kimi ailə qanunvericiliyinə görə aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
31. Qeyd edilməlidir ki, aliment məbləği, “uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması”, “boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın həyatında baş verə biləcək dəyişikliklərin minimuma endirilməsi” prinsipləri əsas tutularaq müəyyən olunmalıdır. Uşağın saxlanılması, tərbiyəsi və təhsili ilə bağlı xərclərin qarşılanması üçün nəzərdə tutulduğundan, tutulan alimentin bir hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi imkanı, ödənilən alimentin uşağın qeyd olunan ehtiyaclarını tam qarşıladıqdan sonra artıq vəsaitin qaldığı və həmin vəsaitin uşağa deyil, başqa məqsədlərə sərf olunduğu halda mümkündür. Belə ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir.
32. Beləliklə məhkəmə kollegiyası yuxarıda göstərilənləri əsas götürərək qeyd edir ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan imkanın tətbiq oluna bilməsi üçün məhkəmə tərəfindən aliment alan valideynin buna münasibəti, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsiri, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmaması və s. bu kimi hallar nəzərə alınmalıdır.
33. Qeyd olunan hallarla bağlı sübutetmə vəzifəsi də bunu iddia edən, yəni alimentin 50 faizdən artıq olmayan hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsi tələbini irəli sürən tərəfin üzərinə düşməlidir. Bu zaman ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Tərəf sübuta yetirməlidir ki, alimentin bir hissəsinin bank hesabına köçürülməsi uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti və s. baxımından uşağın mənafelərinə zidd deyildir.
34. İş materiallarından isə görünür ki, ərizəçi-borclu mövqeyini yuxarıda qeyd edilən hallarla əsaslandırmamış, tələbkarın aliment qismində ödənilən vəsaitdən təyinatı üzrə istifadə etməməsini, alimentin 50 faiz hissəsinin uşağının adına açılmış bank hesabına köçürülməsinin onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına mane olmayacağını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, bununla da, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
35. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmayaraq qeyd edir ki, borclu tərəfindən tələbkara ödənilən alimentin məbləğinin 50 faizinin xx.xx.2022-ci il təvəllüdlü X8 adına açılması nəzərdə tutulan bank hesabına köçürülməsi onun yaşayış təminatının əvvəlki səviyyədə saxlanılmasına mane ola bilər, mövcud vəziyyətdə ərizənin təmin edilməsi üçün hər hansı əsas yoxdur.
36. Aliment ödəməli olan şəxsin yüksək qazanc əldə etməsi isə onun alimentin 50 faizdən çox olmayan məbləğinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi tələbinin təmin edilməsi üçün qeyd-şərtsiz əsas hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, mövcud ailə qanunvericiliyi Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən qərar qəbul edilməsini aliment məbləğinin müvafiq ildə uşaqların saxlanılması üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləğindən neçə qat artıq olması, habelə məhkəmə tərəfindən müəyyən edilən tam aliment məbləğinin uşağın saxlanması üçün xərclənməsinə ehtiyacın olub-olmaması hallarından asılı etməmişdir.
37. Qeyd edilməlidir ki, ödənilən aliment hesabına uşaq üçün onun artıq vərdiş etdiyi maddi-məişət şəraitinin yaradılması (kirayə haqqı, kommunal haqları və s.) da aliment alan şəxsin bu məbləği təyinatından kənar məqsədlər üçün xərcləməsinə dəlalət etmir. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı bu məbləğdən istifadə edilməsinə razılığı tələb edilmir.
38. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, tələbkar Əliyeva (Paşayeva) Günay Əli qızı tərəfindən verilmiş şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-264/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilməli, X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 706/2024 saylı 23 yanvar 2024-cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilməlidir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tələbkar Əliyeva (Paşayeva) Günay Əli qızı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-264/2024 saylı 10 oktyabr 2024-cü il tarixli qərardadı ləğv edilsin. X2 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 706/2024 saylı 23 yanvar 2024cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev