Məhkəmə qərarları › İş №8(103)-410/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-410/2021

16.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-410/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Vahid Sadıqov Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Tələbkar, X2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı Tələbkar cavabdeh X6 qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 oktyabr 2020-ci il tarixli, 2(001)- 4456/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X5 üzərinə iddiaçı Tələbkar şərəf və ləyaqətini ləkələyən yanlış məlumatların yayıldığı kütləvi informasiya vasitələrinin müvafiq (“Xəzər” telekanalının “Səni axtarıram” və “ATV” telekanalının “BizimləSən”) verilişlərində təkzib edilməsi və iddiaçı Tələbkar üzr istənilməsi vəzifəsi qoyulmuş, vurulmuş mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 1,80 manat hissəsinin cavabdeh X4 tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İş üzrə X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4456/2020 saylı qətnaməsi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, hal-hazırda rəsmi heç yerdə işləmir, azyaşlı övladları ilə birlikdə 2019-cu ildən kirayədə yaşayır və kirayə haqqını ödəmək ona çox çətindir. Hal-hazırda borcunu yalnız ayda 50-100 manat olmaqla ödəyə bilər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli, 8(001)-450/2020 saylı qərardadı ilə X2 borcun hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməmişdir. 15.07.2021-ci il tarixdə X3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 iyul 2021ci il tarixli, 8(001)-450/2021 saylı qərardadının ləğv edilməsinə dair şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, hal-hazırda heç bir yerdə işləmir, onunla tələbkarın birgə nikahından doğulmuş 22 fevral 2015-ci il təvəllüdlü X8 və 17 noyabr 2007ci il təvəllüdlü X9 onun himayəsindədir. Onlar hal-hazırda kirayədə yaşayırlar, məhkəmənin qətnaməsinə əsasən 17 noyabr 2007-ci il təvəllüdlü X9 onun, 22 fevral 2015ci il təvəllüdlü X8 isə Tələbkar Nürəddin qızının himayəsində saxlanması qət edilsə də, 18 iyul 2019-cu il tarixdən Yusif də anasının yanında qalmaq istəmədiyindən onunla yaşayır, belə olan halda onun maddi imkanı, borcu birdəfəlik ödəməyə imkan vermir, məhkəmə qərar qəbul edərkən onun əmlak vəziyyətini nəzərə almamışdır. Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 16.07.2021-ci il tarixli, 8(001)-450/2021 saylı qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tələbkarı və borclunu dinləyib, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya Qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə müvafiq olaraq, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. X1 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq, icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. “Məһkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissəhissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna halolub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Göründüyü kimi qanunvericilik işdə iştirak edən şəxslərin ərizəsi əsasında məhkəmə aktının hissə-hissə icrasının (təxirə salınmasının) mümkünlüyünü müəyyən etməklə yanaşı, bunu ilk növbədə tərəflərin əmlak vəziyyətindən, eləcə də işin digər diqqətəlayiq hallarından asılı etmişdir. Qanunvericiliyin mənasına görə, bu zaman borclunun əmlak vəziyyətinin və ya digər halların borcun birdəfəlik ödənilməsinə imkan verməməsini sübut etmək vəzifəsi belə ərizə ilə məhkəməyə müraciət etmiş borclunun üzərinə düşür. Bu cür ərizələrə baxılarkən tələbkarın əmlak mənafeləri də nəzərdən yayınmamalıdır. Baxılan iş üzrə borclu məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etsə də, özünün əmlak vəziyyətinin pis olması barədə, borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa məhkəmə kollegiyası onu da vurğulayır ki, borclunun ödəməli olduğu pul məbləği onun hüquqazidd hərəkətləri nəticəsində tələbkara yetirilmiş mənəvi zərərin ödənilməsi ilə bağlıdır. Başqa sözlə, borcludan tutulmalı olan məbləğ tələbkara dəmiş mənəvi ziyanın kompensasiya edilməsi üsulu kimi çıxış edir. Məhkəmə kollegiyası hesab edir ki, bu məbləğin ayda 50-100 manat olmaqla hissə-hissə ödənilməsi, tələbkara vurulmuş mənəvi zərərin aradan qaldırılması üsulu kimi onu əhəmiyyətsiz etmiş olardı. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 231, 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin 16.07.2021-ci il tarixli, 8(001)-450/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar