Məhkəmə qərarları › İş №8(103)-410/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-410/2023

21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-410/2023 21.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardaddan verilmiş şikayətə dair (Açar sözlər: ölkədən getmək hüququnun məhdudlaşdırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-598/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 213.301 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir.

2. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimatın təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi tam icra olunana kimi Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyinə görə təqdimat əsaslıdır və təmin edilməlidir.

5. Birinci instansiyası məhkəməsi qərardadını “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1, 50.2-ci maddələrinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci və 2.4-cü bəndlərinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

6. Borclu həmin qərardaddan şikayət verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, təqdimatın təmin olunmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, o, tələbkara bir dəfəyə 10.000 manat ödəniş etmişdir. O tarixdən də hər ay Binəqədi rayon İcra Şöbəsinin bank hesabına ödəniş edir. Artıq ümumilikdə 2.510 manat ödəmişdir. Onun 60 yaşı var, işsizdir. Heç bir qanuni gəlir mənbəyi yoxdur deyə imkanı nə qədərə çatır o qədər də ödəyir. Şəkər xəstəsidir. Məlumdur ki, daim nəzarət altında olmalıdır. Ola bilər ki, xəstəliyi ilə əlaqəli xarici ölkəyə müayinə-müalicəyə getsin. Ona görə də onun xaricə çıxışının olmaması yekunda həyatının da sonu ola bilər.

8. Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin göndərilməsi elektron kabinet vasitəsilə həyata keçirilmədiyindən, geri qaytarılması qərara alınmışdır.

9. Borclu nümayəndəsi xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixdə Borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından elektron qaydada apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsini üçün prosessual müddətin bərpasına dair ərizə vermişdir.

10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmənin 8(001)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmiş; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-598/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından şikayət təmin edilməmiş və şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

12. Şikayətə qarşı etiraz ərizəsi daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

13. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

“İcra haqqında” Azərbaycan Respublikası Qanununun

14. 2.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

15. 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir.

16. 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın

17. 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır.

18. 2.4-cü bəndində qeyd olunmuşdur ki, təqdimata borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunur. Təqdimata icraat materialının, o cümlədən icraata başlamaq haqqında qərarın və könüllü icra üçün verilmiş müddət barədə bildiriş və onun çatdırılmasını təsdiq edən sifarişli poçt göndərişinin (məktubun) və ya şəxsən verilməsi barədə sənədin surəti əlavə edilir

19. 2.5-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmurunun təqdimatına icra qurumunun rəhbəri tərəfindən operativ baxılaraq aşağıdakı hərəkətlər yerinə yetirilir: borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin rəsmi qaydada verilməsini yoxlayır; borclunun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması hallarını araşdırır; bu Təlimatın 2.2-ci bəndində göstərilən tələblərə əməl olunub-olunmamasını yoxlayır; təqdimatla razılaşdıqda onu təsdiq edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. İş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu 213.301 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı Tələbkar ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar ödənilməlidir.

22. xx.xx.2022-ci il tarixli qərar və bildirişin təsdiq edilmiş surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraat başlanılmış, tələbin könüllü icrası barədə bildiriş Borclu göndərilmişdir. 23.Tələbkar tərəfindən yazılan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, o, Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 10000 manat məbləğində pulu Borclu Binəqədi Rayon İcra Şöbəsində qəbul etmişdir. Borclunun 203.328 manat qalıq borcu qalmışdır. 24.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(001)- 585/2022 saylı qərardadından görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu tərəfindən qətnamənin hissə-hissə icra edilməsinə dair ərizəsi təmin edilməmişdir.

25. xx.xx.2022-ci il tarixli borclunun məcburi gətirilməsi barədə icra məmuru tərəfindən qəbul edilən qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Borclu Binəqədi rayon İcra Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. 26.Borclu tərəfindən yazılan xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixində saat 14:00-da icra şöbəsinə gələcəyinə söz vermiş, gəlmədiyi halda qanunvericilikdə müəyyən edilən qaydada inzibati və cinayət məsuliyyəti daşıdığını bildirmişdir. 27.Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Aqil Cəbiyev tərəfindən qəbul edilən MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Borclu tərəfindən Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 213301 manat məbləğində pul tutularaq Tələbkar ödənilməlidir. Lakin sonuncu izahatında borcu ödəyə bilmədiyini bildirmiş, nəticədə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. 28.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-1150/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqindən görünür ki, Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 manat inzibati cərimə edilmişdir.

29. Fiziki şəxsin məlumatları barədə “Elektron icra” informasiya sistemindən çıxarışdan görünür ki, borclunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması aşkar edilməmişdir.

30. Kollegiya qeyd edir ki, icra sənədi ilə üzərinə düşən öhdəliyi yerinə yetirməyən borclunun həmin icra sənədini tam icra edənədək ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun qanunla ona verilmiş səlahiyyət daxilində icra qanunvericiliyinin pozulmasına görə tətbiq etdiyi məsuliyyət tədbirlərindən biridir. Bu tədbirin tətbiqində məqsəd müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin borclu tərəfindən icra edilməsini təmin etməkdir.

31. «X4 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 may 2017-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Qanunun və Təlimatın müvafiq normalarının mənasına görə, icra məmuru borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla aşağıdakı şərtlərə riayət etməklə məhkəməyə müraciət edir: icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi. Buna müvafiq olaraq, Təlimatın 2.2.1-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını təmin etməlidir; barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə icra məmurunda məlumatın olması. Burada nəzərə almaq lazımdır ki, Təlimatın 2.2.2-ci bəndinə əsasən, icra məmuru müvafiq təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirməlidir.

32. Göründüyü kimi, qanunverici məhz mütənasiblik prinsipi baxımından yalnız icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda və üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının mümkünlüyünü müəyyən etmişdir. Məhkəmələr borclunun ölkədən getmək hüququnun müəyyən müddət ərzində müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən verilmiş təqdimatda, bu cür tədbirin məhkəmə qərarının vaxtında və düzgün icra edilməsi məqsədinə xidmət edəcəyi əsaslandırılmalıdır.

33. Birinci instansiya məhkəməsi təqdimatın təmin edilməsi qərardadında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2013-cü il tarixli 2-N nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2-ci bəndinə istinad edərək bu qənaətə gəlmişdir ki, icra məmuru tərəfindən qanunvericiliyin tələblərinə əsasən müvafiq ardıcıllığa riayət edilməklə hazırki təqdimatla məhkəməyə müraciət edilməzdən əvvəl bütün tədbirlər həyata keçirilmişdir.

34. Hazırkı məqamda da iş materiallarından görünür ki, borclu tərəfindən icra sənədi üzrə maliyyə xarakterli öhdəlik tam icra edilməmişdir. İcra məmuru tərəfindən “İcra haqqında” Qanunun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın müvafiq normalarına uyğun olaraq məhkəməyə təqdimatla müraciət edilməzdən əvvəl könüllü icra üçün bildiriş borcluya rəsmən təqdim edilmiş, borclu tərəfindən icra sənədinin üzrlü səbəbdən icra edilməməsi səbəblərinin olmaması müəyyən edilmiş, borclunun əmək müqaviləsi üzrə işləməsi, pensiya alması, mülkiyyət hüququ ilə hər-hansı əmlaka sahiblik etməsi, adında hər-hansı aktiv bank hesabının olması və s. məsələlər araşdırılmış, “İcra haqqında” Qanunun 43-cü maddəsində nəzərdə tutulmuş tədbirlərin tətbiq edilməsi üçün müəyyən addımlar atılmış, icra sənədinin icra edilməməsi ilə əlaqədar təqsirkar şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və iş digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərilmişdir.

35. Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, edilən xəbərdarlıqlara məhəl qoymayaraq məhkəmə qərarında nəzərdə tutulmuş tələbi müəyyən edilmiş müddət ərzində icra etmədiyindən, məhkəmə qərarlarının vaxtında, tam və düzgün icra edilməsi üçün icra məmuru tərəfindən “İcra haqqında” Qanunda nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsi heç bir nəticə vermədiyindən, onun müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədinin icra olunmamasına görə məsuliyyətə cəlb edilməsi üçün “İcra Haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş əsaslar yaranmışdır. Beləliklə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-443/2021-007 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə icra məmuru tərəfindən verilmiş bu təqdimat əsaslıdır, birinci instansiya məhkəməsi də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmalı olması barədə nəticəyə gəlməklə haqlı olmuşdur. Şikayətdə göstərilən hallar (şəxsin xəstəliyi və s.) isə əsassız olmaqla hər hansı sübutla öz təsdiqini tapmır.

36. Belə olan halda məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, hazırki şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-598/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən qanun normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)-598/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar