Məhkəmə qərarları › İş №8(103)-411/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-411/2021

23.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-411/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, X1 nümayəndəsi və vəkili X9 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 8(011)-368/2021saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: X2 şikayətlə müraciət edərək, Xətai rayon İcra Şöbəsinin icra məmurunun Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 7196/2019 saylı, 25.06 2019-cu il tarixli icra sənədinə dair icra işi üzrə icraatın dayandırılması barədə rəsmi ərizələrinə cavab verilməməsi, 09.04.2021-ci il tarixli qiymətləndirmə barədə mütəxəssisin dəvət edilməsi ilə bağlı qərar qəbul edilməsinə dair hərəkətlərin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17.1.4-cü maddəsinin tələbinin pozulmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi, 09.04.2021-ci il tarixli əmlakın qiymətləndirilməsi barədə mütəxəssisin dəvət edilməsinə dair qərarın ləğv edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1105/2021 saylı mülki iş üzrə məhkəmə icraatı yekunlaşıb həmin qətnamə qanuni qüvvəyə minənədək, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7196/2019 saylı, 25.06 2019-cu il tarixli qətnaməsi üzrə icra hərəkətlərinin dayandırılması vəzifəsinin icra məmuruna həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. N.N.Həsənova ərizəni onunla əsaslandırılmışdır ki, o Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 3-cü giriş, 7-ci mərtəbəsində olan 3 otaqlı, 234 saylı mənzilində həmin mənzili onlar valideyn olaraq oğlu İsmayıl Həsənzadə üçün almış, mənzil oğlu tərəfindən tam təmir olunmuş və həmin mənzildə oğlu yaşamağa başlamışdır. İcra sənədində oğlunun adı keçmədiyindən icra sənədinin onun tərəfindən könüllü icra olunmasının mümkün olmaması bildirilmişdir. Daha sonra oğlu İ.M.Həsənzadə rəsmi ərizə ilə icra məmuruna müraciət edərək bildirmişdir ki, mənzildə özü yaşayır, qətnamə onun maraqlarına toxunduğuna görə məhkəmədə iddia qaldıracağını, icra hərəkətlərinin müvəqqəti dayandırılmasını xahiş etmişdir. İ.M.Həsənzadə “mənzilin istifadədə olmasının müəyyən edilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş hazırda məhkəmənin icraatındadır. Daha sonra həmin mülki iş üzrə iddiaçının əsl iddiaçı ilə əvəz olunmasına dair ərizə ilə müraciət etmiş və həmçinin iddia ərizəsi təqdim edərək, "xxxx" MMC-yə, İazaev İasara qarşı maddi və mənəvi zərərin, mənzilə çəkilən xərclərin ödənilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq İazaev İasara təhvil verilməsinin, maddi və mənəvi zərərin, mənzilə çəkilən xərclərin ödənilməsi ilə eyni vaxtda icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə artıq məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Bununla bağlı o, iddia ərizəsinin surətini rəsmi ərizə ilə birlikdə İcra şöbəsinə təqdim etmişdir. Qeyd etdiyi iddia tələbləri nəzərə alınmadan icra sənədinin icra olunması mənzilə çəkilən xərclərin qiymətləndirilməsinə, maneəsiz məhkəmə ekspertizasının keçirilməsinə həm maneçilik törətməsinə səbəb olacaq, həm də heç bir qadağa olmadığı halda mənzilə köçürülən şəxslər tərəfindən hər hansı bir işlərin görülməsi, dəyişiklik edilməsi ədalətli qiymətləndirmənin qarşısını alacaqdır. Həmçinin, mənzilə çəkilən xərclərin və digər tələb üzrə pul vəsaitinin ona eyni vaxtda ödənilməsi barədə qətnamə çıxarılacağı halda da, ilkin qətnamənin artıq icra olunması yeni çıxarılacaq qətnamənin icra olunmasını çətinləşdirəcək, mahiyyət etibarı ilə də əhəmiyyətsiz edəcəkdir. Bundan başqa, İ.M.Həsənzadənin mənzildən çıxarılması barədə məhkəmə qərarı mövcud deyildir. Digər tərəfdən də mənzilə ödənilən pul vəsaitinin qaytarılması istiqamətində də icra məmuru eyni vaxtda icra tədbirləri həyata keçirməlidir ki, bu günə qədər onlara münasibətdə hərəkətsizlik nümayiş olunub, ümumiyyətlə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsi üzrə qaytarılmalı olan pul vəsaiti ilə bağlı icra vərəqəsi icra şöbəsində tapılmır. Belə ki, icra icraatı başlayan vaxtdan bu günə qədər zəruri sübutlar əlavə olunmaqla İcra Şöbəsinə dəfələrlə rəsmi ərizələrlə müraciət etmişdir ki, icra işi üzrə icra hərəkətləri dayandırılsın. Lakin həmin ərizələrinə bu günə qədər rəsmi cavab verilməmişdir. X2 şikayətə əlavə ilə məhkəməyə müraciət edərək, şikayətə əlavədə dəqiqləşdirilmiş tələblər üzrə işə baxaraq, Bakı Apelyasiya Məhkəməsi MK-nın 2(103)-7196/2019 saylı, 25.06.2019-cu il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən icra hərəkətləri məcburi dayandırılmalı olduğu halda İcra haqqında Qanunun 17.1.4-cü maddəsinin tələblərinin pozulması ilə bağlı, 09.04.2021ci il tarixli mütəxəssisin dəvət olunması barədə Qərarda göstərilən şikayətvermə müddətinin gözlənilməməsinə dair icra sənədi üzrə borclu olaraq İcra şöbəsinə rəsmi təqdim etdiyi müraciətlərə cavab verilməməsi ilə bağlı, 27.04.2021-ci il tarixə təyin edilmiş icra işində borclunun lazımi qaydada xəbərdar edilmədən iştirakının təmin edilməməsi ilə bağlı, həmin tarixdə icra hərəkətlərinin səlahiyyəti olmayan şəxsə həvalə edilməsi, həmin şəxs tərəfindən aktın tərtib edilməsi, elan edilməsi, hal şahidlərinin dəvət edilməməsi, adlarının akta əlavə edilməsi, həmçinin icra hərəkətləri dayandırılmalı olduğu halda 27.04.2021-ci il tarixdə həyata keçirilən icra hərəkətlərinin qanunsuz hesab edilməsi, 09.04.2021 -ci il tarixli mütəxəssisin dəvət olunması barədə Qərarın ləğv edilməsi, 27.04.2021-ci il tarixli aktın qanunsuz sayılması, icra məmurunun qanunsuz hərəkətlərindən yaranan məsuliyyət haqqında tədbir görülməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə xəbər verilməsi və borclu olaraq pozulmuş hüquqlarının bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 8(011)-368/2021 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. X2 həmin qərardaddan şikayət vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclu N.N.Həsənovanın nümayəndəsi və vəkili M.P.Hüseynov şikayəti müdafiə etdi. İcra işi üzrə işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası borclunun şikayəti ilə bağlı aşağıdakıları qeyd edir. Borclu N.N.Həsənova icra məmuru tərəfindən qəbul edilmiş 09.04.2021-ci il tarixli mütəxəssisin dəvət olunması barədə qərarı mübahisələndirir və eyni zamanda bildirir ki, sözügedən qərardan şikayətvermə müddətinin gözlənilməmişdir. İcra işinin materiallarından görünür ki, icra məmuru tərəfindən 09.04.2021-ci il tarixdə “Mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilmiş və həmin qərar eyni tarixdə tələbkar və borcluya göndərilmişdir. Borclu mütəxəssisin dəvət olunması barədə Qərarda göstərilən şikayət vermə müddətinin gözlənilməməsinin və 09.04.2021-ci il tarixli mütəxəssisin dəvət olunması barədə Qərarın ləğv edilməsini tələb etsə də, həmin qərarın hansı əsaslara görə ləğv edilməli olduğu ilə bağlı hər hansı bir dəlilə istinad etməmişdir. İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən müvafiq qərar qəbul olunur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğundur və onun ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Borclu N.N.Həsənova eyni zamanda 27.04.2021-ci il tarixə təyin edilmiş icra işində borclunun lazımi qaydada xəbərdar edilmədən iştirakının təmin edilməməsi ilə bağlı, həmin tarixdə icra hərəkətlərinin səlahiyyəti olmayan şəxsə həvalə edilməsi, həmin şəxs tərəfindən aktın tərtib edilməsi və elan edilməsi, hal şahidlərinin dəvət edilməməsi, adlarının akta əlavə edilməsi, həmçinin icra hərəkətləri dayandırılmalı olduğu halda 27.04.2021-ci il tarixdə həyata keçirilən icra hərəkətlərinin qanunsuz hesab edilməsi, 27.04.2021-ci il tarixli aktın qanunsuz sayılmasını xahiş edir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən mütəxəssisin iştirakı ilə icra hərəkətləri isə 27.04.2021-ci il tarixində borclunun əri Mirilyas Həsənovun iştirakı ilə həyata keçirilmişdir. İcra işi üzrə 27.04.2021-ci il tarixində keçirilmiş icra hərəkətinə dair aktdan görünür ki, icra hərəkətləri iki nəfər hal şahidləri – X5 və X6 iştirakı ilə keçirilmiş, akt həmin hal şahidləri tərəfindən imzalanmışdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 38.1-ci maddəsinə əsasən borclunun əmlakına baxış keçirilməsi, onun əmlakının həbsi, müsadirəsi və yaxud başqasına verilməsi, habelə borclunun və ya başqa şəxslərin tutduğu yaxud borcluya və ya başqa şəxslərə məxsus yaşayış və ya qeyri-yaşayış sahələrinin, obyektlərin açılması ilə bağlı həyata keçirilən icra hərəkətlərində hal şahidlərinin iştirakı məcburidir. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən digər hallarda hal şahidləri maraqlı tərəfin təklifinə əsasən icra məmuru tərəfindən dəvət olunurlar. Məhkəmə kollegiyası qeyd edir ki, hal şahidlərinin şəxsiyyətinə dair tələblərin icra məmuru tərəfindən gözlənilmədiyi müəyyən edilməmişdir. Eyni zamanda, X2 tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş video görüntülərdən də müəyyən edilir ki, 27.04.2021-ci il tarixində icra məmuru icra hərəkətlərinin həyata keçirildiyi yerdə olmuş və icra hərəkətlərini icra məmuru tərəfindən aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, 27.04.2021-ci il tarixli “İcra işinə xitam verilməsi” barədə icra məmuru tərəfindən qəbul edilmiş Qərar “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğundur və onun ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1.5-ci maddəsində isə təsbit olunmuşdur ki, icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. Həmin Qanunun 73.4. maddəsinə əsasən tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. Belə ki, iş materiallarında olan 27.04.2021-ci il tarixli aktdan görünür ki, Xətai Rayon İcra şöbəsinin icra məmuru Vidadi Mahmudov, hal şahidləri X11, X6, tələbkar İsayevi İasharın nümayəndəsi və vəkili X7, İsayevi İasharın bacısı və etibarnamə üzrə nümayəndəsi X8, borclu N.N.Həsənovanın əri M.T.Həsənovun dəvət olunmuş mütəxəssis X10 iştirakları ilə tərtib edilmişdir. Akta əsasən Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7196/2019 saylı 25.06.2019-cu il tarixli İcra vərəqəsi üzrə tələb icra edilərək sözügedən mənzil boş halda tələbkara təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 29.04.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-7196/2019 saylı 25.06.2019cu il tarixli icra sənədinə xitam verilmişdir. Qeyd olunan halları və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan müdəalarının tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, icra məmurunun hərəkətləri qanuni, borclu tərəfindən verilmiş şikayət isə tam əsassızdır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin şikayətin təmin edilməməsi nəticəsinə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 8(011)-368/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar