Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-412/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, Əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizənin geri qaytarılması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(006)- 290/2021 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək barəsində olan cinayət təqibi ilə əlaqədar həmin məhkəmənin 29 dekabr 2005-ci il tarixli qərarı ilə ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(006)-290/2021 saylı qərardadı ilə ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Borclu həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir. Şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yenə həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən, hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 146-cı maddəsinə əsasən, işlərin (materialların) qeydiyyatı və uçotu indeksləşdirmə və kodlaşdırma vasitələri ilə həyata keçirilir. Həmin Təlimatın 147-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmə sistemi üzrə vahid qeydiyyat və hesabat formasının təmin edilməsi üçün məhkəmə kodlarından (17-1 nömrəli əlavə) istifadə olunur, habelə işlərin (materialların) icraat növlərinin bir-birindən fərqləndirilməsi üçün onların birinci, apellyasiya, kassasiya instansiyası məhkəmələrində, həmçinin Ali Məhkəmənin Plenumunda qeydiyyatı üçün aşağıdakı indekslər müəyyən edilir: 1 - cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat; 2 - mülki işlər üzrə icraat; 2-1. inzibati mübahisələrə dair işlər üzrə icraat; 2-2 – kommersiya mübahisələrinə dair işlər üzrə icraat; 3 - inzibati xətalar haqqında işlər üzrə icraat; 4 - prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi üzrə icraat; 5 - istintaq hərəkətlərinin məcburi aparılması və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üzrə icraat; 6 - cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər üzrə icraat; 7 - hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat; 8 - məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat; 9 - xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraat; 10 - xarici məhkəmələrin mülki məhkəmə aktları ilə bağlı icraat; 11 - cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat; 12 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda cinayət icraatı; 13 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda mülki icraat; 14 - Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda Məhkəmə-Hüquq Şurasının qərarlarından verilmiş şikayətlər üzrə icraat. Borclu ərizəsindən görünür ki, o barəsində olan cinayət işinin çərçivəsində əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmiş, ərizədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 254.1-ci maddəsinə istinad etmişdir. Birinci instansiya məhkəməsində işə məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında icraat üçün nəzərdə tutulmuş 8 indeksi verilərək ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, bu zaman Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 520-ci maddəsinə (hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında məsələlərə dair müraciətlərə məhkəmə iclasında baxılması) istinad olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində cinayət-prosessual fəaliyyət çərçivəsində çıxarılan prosessual aktlar sırasında qərardad nəzərdə tutulmasa da, hazırkı iş üzrə qərardad çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177.3.3, 249.2 və 443.1-ci maddələrinə əsasən, əmlak üzərinə həbs qoyulması bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunan məcburi istintaq hərəkəti hesab olunur. Təlimata əsasən, 8 indeksi məhkəmə qətnamələrinin (qərarlarının) icrası qaydasında baxılan işlər üzrə verildiyi halda, birinci instansiya məhkəməsi səhvə yol verərək cinayət-prosessual qaydada baxılmalı olan ərizəyə 8 indeksi vermişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(006)-290/2021 saylı qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi işə yenidən baxarkən işin qeydiyyatı üzrə indeksləşməni düzgün aparmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 8(006)-290/2021 saylı qərardadı ləğv edilsin. İş yenidən və düzgün indekslə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-412/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-412/2021
11.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver