Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-412/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin Borclu1 məxsus əmlakın üzərinə həbs qoyulması barədə təqdimatının təmin edilməməsinə dair qərardaddan tələbkarın şikayəti ilə bağlı iş üzrə (Açar sözlər: borcluya məxsus avtomobilin üzərinə həbs qoyulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), qızından ibarət tərkibdə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-380/2025 nömrəli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin icra məmuru X1 icra sənədi üzrə Borclu1 məxsus “SCANİA” yük markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-83/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu1 25.000 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 7.000 manat pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Borclu2 5.200 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) məbləğində pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Borclular Borclu1 və Borclu2 274 manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq Tələbkar ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri - 110 manat Borclu1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclular Borclu1 və Borclu2 icra sənədində qeyd olunan ünvanlarına göndərilmişdir. Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədikləri üçün borcluların əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu1 məxsus olan "SCANİA" yük markalı, ** SY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə Borclu1 məxsus olan nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasına dair qərardad verilməsi xahiş olunmuşdur.
3. Borclu1 birinci instansiya məhkəməsinin iclasında izahat verərək bildirmişdir ki, onlara məxsus olan bir avtomobil yanmışdır, qazanc əldə etdikləri yeganə avtomobilləri isə sözügedən avtomobildir. Onun mülkiyyətində başqa avtomobillər də mövcuddur. Mövcud borcun əmək haqqı məbləği ilə ödənilməsinə etiraz etmir.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)- 380/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilməmişdir.
5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İcra Şöbəsi tərəfindən borcluya məxsus digər avtomobil vasitəsinin mövcud olub-olmaması, borclunun digər daşınar əmlaklara malik olması və hazırkı avtomobilin yeganə qazanc mənbəyi olması məsələsi araşdırılmamış və bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. Tələbkar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin adına “M.İ.SOUTHTRANS” nəqliyyat şirkətinin parkında 70-dən çox avtomobil vardır. Lakin cavabdeh pulu hissə-hissə ödəmək adı ilə yubadır. O, borcun tamamilə ödənilməsini tələb edir. Hesab edir ki, icra sənədinin icrasına nail olunmadığından təqdimat əsaslıdır. Məhkəmənin mövqeyinin bu yanaşmadan fərqli olması məhkəmənin qeyri-obyektivliyinin göstəricisidir. Bu hakimin mövqeyinin qabaqcadan bəlli olması deməkdir. Çünki məhkəmənin mövqeyi təqdimatın təmin edilməməsi üçün əsas deyil, bəhanə xarakteri daşıyır.
8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Maddə 43.1.1. Məcburi icra tədbirlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Maddə 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Maddə 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və icra məmurunun təqdimatı təmin edilməlidir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarının vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülkiprosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır.
15. İcra qanunvericiliyinin tələblərinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə məcburi icra tədbirləri tətbiq olunur.
16. İşdən görünür ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-83/2024 nömrəli icra sənədinə əsasən Borclu1 25.000 ABŞ dolları və 7.000 manat pul vəsaiti tutularaq Tələbkar ödənilməlidir. Lakin borclu üzrsüz səbəbdən icra sənədinin icrasını tam təmin etmir.
17. İşdən həmçinin görünür ki, borclunun mülkiyyətində “SCANİA” yük markalı, ** SY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır.
18. Məhkəmə kollegiyası hesab edir ki, icra qanunvericiliyin tələblərinə əsasən icra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının götürülməsi və satılması üçün həmin əmlak üzərinə həbs qoyulmalıdır.
19. Kollegiya onu da nəzərə alır ki, borclu mülkiyyətində digər nəqliyyat vasitələrinin olduğunu bildirsə də, həmin nəqliyyat vasitələrinin özü tərəfindən özgəninkiləşdirilərək icra sənədinin icrasını təmin etmək imkanı olmuş, lakin bunu etməmişdir.
20. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-83/2024 nömrəli icra sənədi icrasız qaldığından borcluya məxsus nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması barədə təqdimat təmin edilməlidir.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(010)-380/2025 nömrəli qərardadı ləğv edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Rövşən Əliyevin təqdimatı təmin edilsin. Borclu1 məxsus olan “SCANİA” yük markalı, ** SY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan şikayət verilə bilməz.
Hakimlər: