Məhkəmə qərarları › İş №8(103)-413/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-413/2021

18.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-413/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-282/2021 saylı, 26.04.2021-ci il tarixli qərardadından ərizəçi X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(102)- 165/2021 saylı icra sənədi 18 mart 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinə daxil olmuş, həmin tarixdə böyük icra məmuru Ramin Muradov tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildirişlə birlikdə X2 göndərilmiş, 30 mart 2021-ci il tarixdə şəxsən P.Pənahova təqdim edilmişdir. X3 Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Ramin Muradov tərəfindən qəbul edilmiş 18 mart 2021-ci il tarixli “icraata başlamaq haqqında” qərardan şikayət verərək qərarın ləğv olunmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, 30 mart 2021-ci il tarixdə icra məmuru Ramin Muradov onu icra şöbəsinə dəvət etmiş, barəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(102)- 165/2021 saylı icra sənədi olduğunu bildirmiş və icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Halbuki o, indiyədək sözügedən icra vərəqəsinin verilməsinə əsas olmuş yekun qərarı rəsmi olaraq əldə etməmişdir. İcra məmuru ona 10 gün müddətində icra sənədini könüllü icra etməyi təklif etdikdə o, etirazını bildirərək qərarı əldə etmədiyi müddətdə icra sənədinin verilməsinin əsaslı olmadığını bildirmiş, buna görə də, icra məmurunun qərarından məhkəməyə şikayət verməli olmuşdur. Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim E.Mustafayev, iş № 8(001)-282/21) şikayət təmin edilməmişdir. P.Pənahov narazı qalaraq həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, o hazırda, iddiaçı tərəflə tam razılıq əldə edərək, öz borcunu iddiaçı tərəfin tərtib etdiyi qrafik əsasında könüllü surətdə ödədiyindən, bu səbəbdən də heç bir icra işinə ehtiyac olmadığından Bakı şəh, Binəqədi rayon icra və probasiya şöbəsinin onun barəsində 18 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 fevral 2021-ci il tarixli yekun qərarın icra olunması üçün icraata başlamaq haqqında qəbul etdiyi qərarın ləğv olunmasını düzgün və əsaslı hesab edir. Binəqədi Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən şəxslərə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, icra haqqında Azərbaycan Respublikası Qanununun 8.1.-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2.-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, icra məmuru icra sənədini məhkəmədən qəbul etdikdən sonra icra hərəkətlərinə başlamalı olduğundan, icra sənədi üzrə borclunun şikayətində istinad etdiyi hallar icra sənədi üzrə icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas olmadığından şikayət təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə borclu X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar