Məhkəmə qərarları › İş №8(103)-414/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-414/2025

12.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-414/2025 12.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, X7 və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. X6 ərizə ilə Xəzər rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Xəzər rayon icra şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Şəfəq Neymətzadənin onun barəsində olan icra sənədinin icrası ilə bağlı hərəkətləri və hərəkətsizlikləri qanunsuz hesab edilməsi,on üç il üzərində saxladıqları məcburetmə tərbirləri olan axtarışa verilməyi ilə bağlı çıxardıqları,göndərdikləri qərar qismində məcburetmə hərəkətlərinin qanunsuz hərəkətləri və hərəkətsizlikləri davam etdirən Bakı şəhəri Xəzər rayon icra şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Şəfəq Neymətzadənin,eləcə də qanunsuz məhkəmə əmri çıxardaraq dörd il otağında saxlayıb həmin məhkəmə əmrinə münasibətdə qanunsuz icra vərəqəsi yazaraq icraya göndərmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi olmuş Emin Mehdiyev barəsində xüsusi qərar çıxardılaraq Ədliyyə Nazirliyinə və Məhkəmə Hüquq Şurasına təqdimat və yaxud məlumat verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 tərəfindən verilmiş şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır.

3. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından X1 tərəfindən şikayət verilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 8(103)-219/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)- 4/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. X2 tərəfindən Xəzər rayon icra şöbəsinin icra məmurunun hərəkətlərindən verilən şikayətə yuxarıda qeyd edilənlərə əsasən münasibət bildirilməsi üçün iş yenidən həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X6 tərəfindən verilmiş şikayət ərizəsi əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır.

6. X2 qeyd edilən qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icra şöbəsinin rəisi İ.Həsən Quliyevin və icra məmuru Şəfəq Neymətzadənin icra sənədi üzrə borcluya qarşı hərəkət və hərəkətsizlikləri qanunsuz hesab edilərək, icra sənədi geri qaytarılaraq, (eyni məbləğ olan və artıq tələbkara ödənilmiş həmin məbləğ) 7500 ABŞ dolları hökm üzrə tələbkara zərərçəkmiş qismində bir dəfə ödənildiyindən mübahisələndirilən icra sənədi üzrə tələbkarın yenidən eyni 7500 ABŞ dollarının tələbi hissəsində icraata ümumiyyətlə xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Tələbkar nümayəndəsi və vəkili xx.xx.2025-ci il tarixində “Elektron məhkəmə” sistemi vasitəsilə şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.

9. Etiraz belə əsaslandırılmışdır ki, şikayət tamamilə əsassızdır və icra sənədinin icrasından yayınmağa xidmət edir. Belə ki, Tələbkar X5 qarşı pul tələbinə dair ərizəsinə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsində əmr icraatı qaydasında baxılmış və X3 7500 (yeddi min beş yüz) ABŞ dollarının tutularaq Tələbkar ödənilməsi barədə 2(006)- 1367/2013 nömrəli, 18 fevral 2013-cü il tarixli Əmr çıxarılmışdır. İşdə olan, poçt tərəfindən təsdiq olunmuş 25 fevral 2013-cü il tarixli reyestr məlumatlarından görünür ki, həmin məhkəmə əmrinin surəti borcluya Məhkəmə tərəfindən rəsmi qaydada göndərilmiş və poçt vasitəsi ilə ona çatdırılmışdır. Lakin borclu tərəfindən həmin məhkəmə əmrinə heç bir etiraz verilməmişdir. Məhkəmə əmrinə qarşı etiraz verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük müddət bitdikdən sonra həmin əmr icra olunması üçün Bak şəhəri, Nəsimi rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri, Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X15 tərəfindən 2 (006)-1367/2013 saylı, 18 fevral 2013-cü il tarixli həmin icra sənədi üzrə icraata başlamaq haqqında 13 mart 2013-cü il tarixli qərar qəbul edilmiş və X1na icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü olaraq icra etmək təklif olunmuşdur. Lakin borclu F.M.Adıgözəlov Bakı şəhəri, Nəsimi rayon İcra şöbəsinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni Sahə ünvanında qeydiyyatsız yaşadığı barədə arayış təqdim etmiş və icra sənədinin icra olunması üçün Bakı şəhəri, Xəzər rayon İcra şöbəsinə göndərilməsini xahiş etmişdir. Buna görə də həmin icra sənədi Bakı şəhəri, Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri, Xəzər rayon İcra şöbəsində həmin icra sənədi üzrə icra hərəkətlərinə başlanılmış və X6 dəfələrlə icra şöbəsinə çağırılaraq borcu könüllü icra etmək üçün ona vaxt verilmişdir. Lakin o, borcu könüllü icra etməkdən yayınmışdır. Buna görə də Xəzər rayon İcra şöbəsinin icra məmuru Hümmət Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə X1nun adına olan “VAZ 21043” minik markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 8 (003)-1812/2016 saylı, 02 dekabr 2016-cı il tarixli qərardadı ilə qeyd olunan avtomobilin üzərinə həbs qoyulmuşdur. F.M.Adıgözəlov sonradan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciə edərək, ona məxsus olan “VAZ 21043” minik markalı, 10 –TO-466 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 8 (003)-1812/2016 saylı, 16 mart 2017-ci il tarixli qərardadı ilə F.M.Adıgözəlovun ərizəsi təmin edilməmişdir. Borclu F.M.Adıgözəlov məhkəmənin həmin qərardadından şikayət vermişdir. Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 8 (003)-1812/2016 saylı, 07 aprel 2017-ci il tarixli qərardadı ilə F.M.Adıgözəlovun şikayəti təmin edilməmiş və həmin şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8 (103)- 351/2017 saylı, 16 may 2017-ci il tarixli qərardadı ilə F.M.Adıgözəlovun şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 8 (003)-1812/2016 saylı, 16 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin borclu F.M.Adıgözəlov məhkəmə əmrinin icrasından yayınmaq məqsədi ilə həmin avtomobili baş etibarnamə əsasında başqa şəxsə təhvil verdiyi üçün, borcun həmin avtomobilə yönəldilməsi mümkün olmamışdır. Bundan sonra F.M.Adıgözəlov yenidən, dəfələrlə Xəzər rayon İcra şöbəsinə çağırılaraq borcun icra edilməsi ondan tələb edilmiş, lakin o, borcunu ödəməkdən qərəzli şəkildə yayınmışdır. Borclunun əmlak vəziyyətinin öyrənilməsi üçün icra məmuru tərəfindən müxtəlif orqanlara sorğular göndərilmiş və əldə edilmiş məlumata əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0312 ha torpaq sahəsinin borclu X10 ogluna məxsus olduğu müəyyən edilmişdir. Buna görə də Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Şəfəq Neymətzadə tərəfindən Bakı şəhərinin Xəzər Rayon Məhkəməsinə təqdimat göndərilərək, məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün həmin torpaq sahəsinin üzərinə həbs qoyulması xahiş edilmişdir. Lakin hakim, Cəfərzadə İlham Nizami oğlunun sədrliyi ilə işə baxan Bakı şəhəri, Xəzər Rayon Məhkəməsi 8(003)- 202/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərardadla həmin təqdimatı təmin etməmişdir. Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin həmin qərardadından tələbkar tərəfindən verilən şikayət Bakı Apellyasiya Məhkəməsinin 8 (103)-367/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli qərardadı ilə təmin edilərək, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 8(003)- 202/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərardadı ləğv edilmiş və icra məmurunun təqdimatı təmin edilərək, X10 ogluna məxsus, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 0,0312 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 8 (103)-367/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli həmin qərardadı icra olunması üçün 27 oktyabr 2023-cü il tarixli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş 27 oktyabr 2023-cü il tarixli məktubda Bakı Apellyasiya Məhkəməsinin 8 (103)-367/2023 saylı, 23 oktyabr 2023-cü il tarixli həmin qərardadının icra olunaraq, qərardadda göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulduğu bildirilmiş, həmçinin, əlavə olaraq bildirilmişdir ki, borcli F.M.Adıgözəlov 4Ə -339 reyestr nömrəli, 05 oktyabr 2023- cü il tarixli alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini öz adından çıxararaq, X9 adına keçirmişdir. Göründüyü kimi, borclu F.M.Adıgözəlov ona məxsus olan torpaq sahəsi üzərinə həbs qoyulması barədə icra məmrunun təqdimatından da məlumatlı olmuş və borcunu ödəməkdən yayınmaq məqsədi ilə, yaranmş vəziyyətdən sui-istifadə etməklə, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 8(003)-202/2023 saylı, 25 avqust 2023-cü il tarixli qərardadından tələbkarın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılanadək mülkiyyətində olan həmin torpaq sahəsini formal alqı-satqı müqaviləsi əsasında yaxın qohumlarından biri olan X9 adına keçirməyə nail olmuşdur. F.M.Adıgözəlov Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-1367/2013 nömrəli, 18 fevral 2013-cü il tarixli əmrindən məlumatlı olduğu halda məhkəmənin həmin əmrinə vaxtında etiraz verməmiş, yalnız həmin əmrin çıxarılmasından 11 ildən də artıq vaxt ötəndən sonra ona dair etiraz təqdim etmişdir. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qərardadı ilə həmin etiraz geri qaytarılmışdır. Hazırda Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1367/2013 nömrəli, 18 fevral 2013-cü il tarixli əmri qüvvədədir. Qeyd etdiyim bütün sənədlərin surətlərini vahid məhkəmə portalı vasitəsi ilə məhkəməyə təqdim etmişəm. Lakin borclu F.M.Adıgözəlov əvvəllər olduğu kimi, icra sənədinin icrasından yayınmaq, yaxud həmin icra sənədinin icrasını daha bir neçə il yubatmaq məqsədi ilə Bakı şəhər Xəzər rayon İcra Şöbəsinin rəisi İdris Həsənquliyevin və icra məmuru Şəfəq Neymətzadənin hərəkət və hərəkətsizliiklərindən məhkəməyə əsassız şikayətlər verir. F.M.Adıgözəlov Xəzər Rayon Məhkəməsinə verdiyi həmin şikayətdə güya məhkəmə əmrində qeyd olunan borc məbləğini ödədiyini bildirir. Halbuki, icra işində olan məhkəmə qərarından görünür ki, X6 icra məmurunun sonrakı çağırışlarına gəlməkdən yayındığı üçün icra məmurunun təqdimatı əsasında barəsində axtarış verilmiş və məcburi qaydada İcra şöbəsinə gətirilərək izahatı alınmışdır. F.M.Adıgözəlov İcra şöbəsinə verdiyi 02 fevral 2024-cü il tarixli həmin izahatında da icra sənədi barədə məlumatlı olduğunu etiraf etmiş və həmin izahatında həmçinin öz xətti ilə yazmışdır ki, məhkəmə əmri çıxandan sonra o, heç bir vəsait ödəməmişdir. Göründüyü kimi, məhkəmə əmrindən tam məlumatlı olduğunu və həmin əmrin icrası ilə bağlı heç bir ödəniş etmədiyini borcli F.M.Adıgözəlov özü də izahatında etiraf etmişdir. Belə olan halda, borclu F.M.Adıgözəlovun qanunla üzərinə düşən vəzifələrini yerinə yetirən Xəzər rayon icra şöbəsinin rəisinin və icra məmurunun hərəkət və hərəkətlsizliyindən məhkəməyə şikayət verməsi absurddur. Beləliklə, işdə olan materiallarla müəyyən edilir ki, Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1367/2013 nömrəli, 18 fevral 2013-cü il tarixli əmri mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq borcli F.M.Adıgözəlova təqdim olunmuş, F.M.Adıgözəlov özünün faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşadığına dair arayış təqdim edərək, icra sənədinin Xəzər rayon İcra şöbəsinə göndərilməsini xahiş etmiş, buna görə də icra sənədi Xəzər rayon İcra şöbəsinə göndərilmiş, borclu F.M. Adıgözəlov icra məmuru tərəfindən borcun könüllü olaraq icra edilməsi barədə xəbərdar edilmiş, borcu könüllü olaraq icra etməkdən yayındığı üçün mülkiyyətində olan “VAZ 21043” minik markalı, 10 –TO-466 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 8 (003)-1812/2016 saylı, 02 dekabr 2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuş, avtomobilinin üzərinə həbs qoyulması barədə məhkəmənin həmin qərardadından F.M.Adıgözəlovun məlumatı olmuş və qeyd olunan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri, Xəzər rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 8 (003)-1812/2016 saylı, 16 mart 2017-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilməmiş, o, məhkəmənin həmin qərardadından da şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin 8 (103)- 351/2017 saylı, 16 may 2017-ci il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmiş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin 8 (003)-1812/2016 saylı, 16 mart 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, sonradan icra məmurunun çağırışlarına gəlməkdən ümumiyyətlə boyun qaçırmış, buna görə barəsində axtarış verilmiş, məcburi qaydada icra şöbəsinə gətirilərək izahatı alınmış və həmin izahatında məhkəmə qərarı çıxarılandan sonra həmin qərarın icrası ilə bağlı heç bir ödəniş etmədiyini öz xətti ilə yazaraq etiraf etmişdir. Göründüyü kimi, F.M.Adıgözəlovun Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 8(003)-4/202522 iyul 2025-ci il tarixli qərardadından verdiyi şikayət və borc məbləğini ödədiyi barədə həmin şikayətdə yazdıqları tamamilə əsassızdır və borcu ödəməkdən növbəti dəfə, qərəzli olaraq, uzun müddətə yayınmasına xidmət edir.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

12. Məhkəmə işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, şikayətçi X6 barəsində 1(003)-12/2011 saylı cinayət işi üzrə xx.xx.2011-ci il tarixli hökm qəbul edilmiş və həmin hökmə əsasən zərərçəkmiş Tələbkar dəymiş maddi zərərin tam şəkildə ödənilməsi səbəbilə mülki iddiaya xitam verilmişdir. Eyni zamanda, xx.xx.2013-cü il tarixli Nəsimi Rayon Məhkəməsinin məhkəmə əmri xx.xx.2010-cu il tarixli Borc Müqaviləsi əsasında verilməklə, X3 Tələbkar xeyrinə 7.500 (yeddi min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitinin tutulmasını nəzərdə tutur.

14. Həmçinin, şikayətçi Adıgözəlov Fərhad məhkəməyə ünvanladığı ərizədə qeyd olunan məbləğin 2011-ci il tarixli hökm əsasında Tələbkar ödənildiyini, beləliklə də 2013-cü ilə dair məhkəmə əmrinin icrasına əsas qalmasının mümkün olmadığını bildirmişdir. Lakin həmin 7.500 ABŞ dollarının məhz hökm üzrə ödənilmiş zərərin tərkib hissəsi olduğunu sübut edə bilməmişdir. Habelə, Tələbkar xx.xx.2010-cu il tarixli borc müqaviləsinə əsasən ödəniş etməsi ilə bağlı da hər hansı sübut təqdim olunmamışdır. Hazırda da Nəsimi Rayon Məhkəməsininxx.xx.2013-cü il tarixli məhkəmə əmri qüvvədədir və icra olunmamışdır.

15. Rayon məhkəməsi qeyd etmişdir ki, şikayət əsassızdır və məhkəmənin sözügedən qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şikayətdə göstərilənlər işin faktiki hallarına uyğun olmamaqla, əsaslı deyildir, qərardadın ləğv edilməsi və yeni qərardad qəbul edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

16. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

18. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

19. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35)

21. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).

22. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

24. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

25. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 8(003)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar