Məhkəmə qərarları › İş №8(103)-415/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-415/2020

13.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-415/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi və Borclu iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)- 281/2020 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(82)-1300/2016 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus "Citroen Berlingo” minik markalı, Az **-SD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E230” minik markalı, Az **-BW-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)- 281/2020 saylı qərardadı ilə təqdimat qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(82)-1300/2016 saylı icra sənədinin icrasının təmin olunması məqsədi ilə Borclu mülkiyyətində olan "Citroen Berlingo” minik markalı, Az **-SD-*** dövlət qeydiyyat nişanlı (ban VF77JNFRCCJ755934) avtomobilin üzərinə həbs qoyulması və təqdimatın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Borclu məhkəməyə ərizə ilə müraciət edərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(82)-1300/2016 saylı icra sənədinin icrası ilə əlaqədar mülkiyyətində olan "Citroen Berlingo” minik markalı, Az **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə iddiaçının xeyrinə tutulması müəyyən edilmiş pul məbləği sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış borcdur, üzərinə həbs qoyulması barədə vəsatət verilmiş avtomobillərin isə sahibkarlıq fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bundan başqa, məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilmiş pul məbləği 8122,53 manatdır. Üzərinə həbs qoyulmuş "Citroen Berlingo” minik markalı, Az **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 50000 manat civarındadır. Üzərinə həbs qoyulması barədə vəsatət verilmiş digər avtomobilin – “Mercedes E230” minik markalı, Az **-BW-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri isə 20000 manat civarındadır. Üzərinə həbs qoyulmuş avtomobil borclu tərəfindən məhz qoca və xəstə olan anasını hospitala aparıb-gətirməsi məqsədi ilə alınmışdır, lakin avtomobilin üzərinə həbs qoyulduğundan istifadəsi mümkün deyildir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 8(005)- 281/2020 saylı qərardadı ilə borclunun şikayəti təmin edilməyərək mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən borclu şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tələbkar və icra məmuru məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası borclunun izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)-281/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(82)-1300/2016 saylı icra sənədinə əsasən, Borclu 8122,53 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “X1 İnvestisiya Korporasiyası” ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş “Elektron İcra" İnformasiya Sistemindən çıxarılmış məlumata əsasən, "Citroen Berlingo” minik markalı, Az **-SD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E230” minik markalı, Az **-BW-*** dövlət qeydiyyat nişanlınəqliyyat vasitələri Borclu mülkiyyətindədir. Borclu icra məmuru tərəfindən ona verilmiş könüllü icra müddəti ərzində və bundan sonra da qeyd edilən icra sənədini icra etməmiş, bununla da məcburi icra tədbirləri üçün əsas yaranmış, həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində "Citroen Berlingo” minik markalı, Az **-SD-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E230” minik markalı, Az **- BW-*** dövlət qeydiyyat nişanlınəqliyyat vasitələri olduğu müəyyən edilmişdir. Göstərilən avtomobillər nəqliyyat vasitəsi olub, Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, iddianı təmin etmə tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması mümkün olan əmlaklar kateqoriyasına daxildir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqinin əsasları bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, icra icraatı çərçivəsində əmlak üzərinə qoyulmuş həbs iki qaydada götürülə bilər : 1) ümumi qaydada qərardaddan şikayət verilməklə, 2) həbsin qoyulmasına əsas olmuş zərurət aradan qalxdıqdan sonra borclunun ərizəsi əsasında. Əgər birinci halda həbsin götürülməsinin əsası kimi qəbul edilmiş qərardadın qanunsuz və ya əsassız olduğu çıxış edirsə, ikinci halda həbsin ləğvinin əsası kimi həbsin qoyulmasına əsas olmuş zərurətin aradan qalxması çıxış edir. Hazırkı vəziyyətdə məhkəmə Borclu avtomobilin üzərinə həbs qoyulması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)-281/2020 saylı qərardadından şikayətini əsassız hesab edir. Belə ki, həbsin qoyulmasına əsas olmuş zərurət aradan qalxmamış, yəni icra sənədi icra edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə heç bir əsas müəyyən edilmədiyindən ərizəni təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)-281/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)- 281/2020 saylı qərardadından Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 8(005)- 281/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar