Məhkəmə qərarları › İş №8(103)-416/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-416/2020

15.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-416/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə borclu X3 iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X3 ərizəsi üzrə həmin məhkəmənin xx xxxxxx 2020 il tarixdə qəbul etdiyi qərardaddan Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixliqətnaməsi ilə X1 cəmi 12030 (on iki min otuz) manatın Tələbkar xeyrinə tutulması qət edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət edən Şahəli Həsənov qətnamə ilə qət edilmiş məbləği birdəfəlik ödəmək imkanı olmadığını, yoldaşının yataq xəstəsi olduğunu, indiyədək tələbkara borcundan 1500 manat ödədiyini bildirmiş, qətnamənin hər ay 1750 manat ödəməklə 6 ay ərzində icra etməsinə icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmışdır. Həmin qərardaddan şikayət verən Tələbkar şikayətini belə əsaslandırmışdır ki, borclu 3 il ərzində müxtəlif bəhanələrlə qətnamənin icrasını uzatmış, məhkəmə isə bu halı və əgər hazırkı dövrə qədər hissə-hissə ödəmə etmiş olsaydı borclunun icranı çoxdan bitərəcəyini nəzərə almayaraq onun (tələbkarın) mənafeyinə əhəmiyyət verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumatlandırılmış tələbkar və Bakı şəhəri Yasamal rayon icra (probasiya) şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə iclasında iştirak edən borclu isə şikayətin əsassız olduğunu bildirərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası borclunu dinləyib, ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilərək xx xxxxxx 2020-ci il tarixli qərardad ləğv edilməli və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X3 ərizəsi təmin olunmamalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməkdədir və xüsusilə qeyd olunmalıdır ki, qətnamənin qəbulundan sonra keçən müddət ərzində borclunun borcundan yalnız 1500 manat ödədiyi məyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-570/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci tarixli qərardadı ləğv edilsin və həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə icazə verilməsi barədə X3 ərizəsi təmin olunmasın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar