Məhkəmə qərarları › İş №8(103)-416/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-416/2021

12.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-416/2021 12.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, icra sənədi üzrə borclu X2 iştirakı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2029-cu il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Gülbəniz Qurbanovanın ərizəsinə dair həmin məhkəmənin 14 iyun 2021-ci il tarixdə qəbul etdiyi qərardaddan ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə X1 10 800 məbləğində əsas, 540 manat faiz borcu olmaqla cəmi 11 340 manatın tutularaq Tələbkar xeyrinə ödənilməsi qət edilmiş, həmin məhkəmənin 14 iyun 2021-ci il tarixli qərardadı ilə isə, qətnamə əsasında tələbkara ödənilməli olan pul vəsaitinin hissəhissə icra edilməsi barədə borclunun ərizəsi təmin olunmamışdır. Qərardaddan şikayət verən ərizəçi məhkəmənin əsassız olaraq ərizəni təmin etmədiyini irəli sürərək onun ləğv olunmasını, ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayətini müdafiə etmiş, işə baxılmasının vaxtı və yeri haqqında məlumatlandırılmış tələbkar, habelə Binəqədi Rayon icra şöbəsinin nümayəndəsi isə məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək aşağıdakı əsaslara görə belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, borclu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin icrası qaydasında hər hansı ödəniş həyata keçirməmiş və hazırkı icraatın başlanmasına səbəb olan ərizəsi ilə ayda 125 manat olmaqla borcun hissə-hissə ödəməsinə icazə verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın qətnamənin icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab verməməklə məhkəmə qətnaməsinin təxminən 9 il ərzində icra olunması mənasına gəlir; bunu ağlabatan müddət kimi qəbul etmək isə mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-392/2021 saylı iş üzrə 14 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar