Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-416/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu "xxxx" Mənzil Tikinti Kooperativinin ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-848/2023 saylı, 17 oktyabr 2023-cü il tarixli qərardadından borclu "xxxx" MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Borclu "xxxx" MTK Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 147/2021 saylı qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, məhkəmənin 2(001)-147/2021 saylı, xx.xx.2021-ci il qətnaməsinin “iddiaçı Tələbkar məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi” hissəsinin icra üsulunu və qaydasını dəyişdirərək borclu "xxxx" MTK tərəfindən ünvan 1 ünvanında inşa edilmiş yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsində 1 avtomobil yerlik qaraj sahəsinin Tələbkar verilməsi və ya əvvəlki qarajın dəyəri olaraq 28000 manat məbləğində kompensasiyanın Tələbkar ödənilməsi yolu ilə icra olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli, 2(001)-147/2021 saylı qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı “qarajın əvvəlki vəziyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçıya məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi, 3400 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin iş üzrə cavabdeh tərəfindən verilmiş verilmiş apellyasiya şikayəti və kassassiya şikayəti təmin edilməmişdir. Hal-hazırda məhkəmənin 09 fevral 2021-ci il tarixli, 2(001)-147/2021 saylı icra sənədi Binəqədi Rayon İcra Şöbəsinin icraatındadır və qətnamə “3400 manat məbləğində pulun ödənilməsi” hissəsində qismən icra edilmişdir. Hazırkı halda qətnamənin “iddiaçı Tələbkar məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi” hissəsinin icrasının səmərəliliyi baxımından "xxxx" MTK tərəfindən ünvan 2 ünvanında inşa edilmiş yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsində 2 avtomobil yerlik qaraj sahəsinin Tələbkar verilməsi və ya əvvəlki qarajın dəyəri olaraq 28000 manat məbləğində kompensasiyanın Tələbkar ödənilməsi yolu ilə qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə zərurət vardır. Belə ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayon İcra şöbəsinin icra məmurları hüquqi şəxsin nümayəndəsi və tələbkarın iştirakı ilə mübahisəli ünvana getmiş və müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın sürücüsü tikinti materialları boşaldılarkən qarajın sol tərəfinə toxunmuş və nəticədə qarajın panelləri sol ön divan dağıldığı üçün qopmuş və qaraj istifadəyə yararsız vəziyyətə düşmüşdür. Qaraj sökülü vəziyyətdə olduğu üçün icra hərəkətlərinin aparılması mümkün olmamışdır. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən Binəqədi Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın rəhbərliyi qarajın yerləşdiyi sahənin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə formatında hündümıərtəbəli yaşayış binalarının inşa edilməsi üçün müvafiq ayrıc aktına əsasən hüquqi şəxsə ayrılması və qeyd edilən ərazidə hansı digər növ tikililərin inşa edilməsi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə nəzərdə tutulmadığından Binəqədi Rayon Məhkəməsinin icra vərəqəsinin icra edilməsi ilə əlaqədar tələbkara məxsus qarajın əvvəlki vəziyyətə gətirilməsi və tələbkara qaytarılması mümkünsüzdür. Tələbkarın ərizəsi ilə əlaqədar Binəqədi Rayon polis İdarəsinin 5-ci Polis Bölməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Tələbkar məxsus qaraj qəsdlə uçurulmamışdır. Ona məxsus qarajın divarları və digər konstruksiyaları X1 “Kamaz” markalı yük avtomobilini geriyə hərəkət etdirdiyi zaman baş vermiş qəza nəticəsində aşılmışdır. Bundan sonra müvafiq dövlət qurumlarının iştirakı ilə akt tərtib edilərək, qaraj qəzalı olduğundan və orada işləyən insanların həyatı üçün təhlükə yarandığından sökülmüşdür. Belə olan halda qarajın qəsdlə uçurulması müəyyən olunmadığından əməldə AR Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 8 nömrəli Qərarına əsasən rayonun ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində “Pilot layihə” formatında müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 174 saylı Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan 01 nömrəli yataqxana binasının və onun ətrafında olan qeyri-yaşayış sahələrinin sökülməsi və yerində müasir standartlara cavab verən, çoxmənzilli, hündümıərtəbəli yaşayış binasının inşası "xxxx" MTK-ya həvalə olunmuşdur. Bu məqsədlə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci il tarixdə təsdiq olunmuş ayrıc aktına əsasən sözügedən ünvanda yerləşən 2314.66 kv.m. torpaq sahəsi "xxxx" MTK-ya ayrılmışdır. Həmin torpaq sahəsinin hüdudları daxilində də 4 bloklu, 18 mərtəbəli yaşayış binası tikilmiş, binanın həyət hissəsində isə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş və Azərbaycan Respublikası FHN-nin müvafiq idarəsində ekspertiza olunmuş lahiyə əsasında 2 mərtəbəli yeraltı avtomobil dayanacağı tikilmişdir. Tələbkar məxsus olmuş qaraj da əvvəllər məhz həmin tikinti sahəsində mövcud olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli, 8 saylı Qərarının icrası məqsədi ilə Binəqədi rayon İcra Hakimiyyəti ilə "xxxx" MTK arasında 14 iyul 2017-ci il tarixdə bağlanmış müqaviləyə əsasən qeyd olunan ərazidən köçürülən vətəndaşlara onların əvvəlki yaşayış və ya qeyriyaşayış (qarajlar daxil olmaqla) sahələrinin əvəzində əvvəlki sahələrindən aşağı olmamaq şərti ilə yaşayış və ya qeyriyaşayış (qarajlar daxil olmaqla) sahələrinin verilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə dəfələrlə Tələbkar ona məxsus olmuş qaraj sahəsinin əvəzində tikilən yaşayış binasının altında yerləşən, mövcud olan sahəsinə əlavə sahə olmaqla qaraj sahəsinin verilməsi təklif olunsa da o, təkliflərlə razılaşmamış və müvafiq olaraq əvəzləşdirmə müqaviləsini imzalamaqdan imtina etmişdir”. Birinci instansiya məhkəmə iclasında iştirak etmiş Tələbkar izahatında məhkəməyə bildirmişdir ki, hazırkı ərizə o səbəbdən verilmişdir ki, hal-hazırda borclu barəsində cinayət işinin başlanması məsələsi müvafiq qurumda araşdırma predmetidir. O, ərizənin təmin edilməsinə qəti surətdə razı deyil. Belə ki, bu ilk növbədə qanuni qüvvəyə minmiş və Azərbaycan Respublikası adından çıxarılmış məhkəmə aktına hörmətsizlikdir. Ona məxsus qarajın yerində bina tikilməyib, ümumiyyətlə hər hansı tikinti aparılmayıb, meydança salınıb və qarajın həmin yerdə bərpa edilməsi mümkündür. Bundan başqa da qətnamə vaxtında icra edilsə idi, bütün bunlara ehtiyac qalmazdı. O, nə yeri tikilidə avtomobil saxlamaq üçün yer, nə də ki, pul istəyir. Ona mülkiyyətində olmuş qarajın qaytarılması lazımdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-848/2023 saylı, 17 oktyabr 2023cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan "xxxx" MTK şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayon icra şöbəsinin icra məmurları hüquqi şəxsin nümayəndəsi və tələbkarın iştirakı ilə mübahisəli ünvana getmiş və müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MTK-nın sürücüsü tikinti materialları boşaldılarkən qarajın sol tərəfinə toxunmuş və nəticədə qarajın panelləri sol ön divarı dağıldığı üçün qopmuş və qaraj istifadəyə yararsız vəziyyətə düşmüşdür. Qaraj sökülü vəziyyətdə olduğu üçün icra hərəkətlərinin aprılması mümkün olmamışdır. Mülki işin materiallarında olan "xxxx" MTK tərəfindən Binəqədi Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" MTK-nın rəhbərliyi qarajın yerləşdiyi sahənin Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən pilot layihə formatında hündürmərtəbəli yaşayış binalarının inşa edilməsi üçün müvafiq ayrıc aktına əsasən hüquqi şəxsə ayrılması və qeyd edilən ərazidə hansı digər növ tikililərin inşa edilməsi müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihədə nəzərdə tutulmadığından Binəqədi Rayon Məhkəməsinin icra vərəqəsinin icra edilməsi ilə əlaqədar Tələbkar məxsus qarajın əvvəlki vəziyyətə gətirilməsi və tələbkara qaytarılması mümkünsüzdür. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar - MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində olan məlumatlardan göründüyü kimi, iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı qarajın əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçıya təhvil verilməsi və 10368 manat icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə müraciət etmiş və həmin işə hələ birinci instansiya məhkəməsində baxılan zaman borclunun nümayəndəsi qarajın 2018-ci ildən borclunun istifadəsində olmasını və qarajın tələbkara qaytarılmasının mümkün olmamasını bildirmişdir. Bundan sonra da artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olsa da, qaraj tələbkara qaytarılmamış və nəticə etibarilə qaraj yük maşınının sürücüsü tərəfindən zədələnmişdir. Hal-hazırda borclu tələbkara iş hələ birinci instansiyası məhkəməsinin icraatında olduğu müddətdə etdiyi təklfləri edir və qətnamənin icra üsulunun və qaydasının həmin istiqamətdə dəyişdirilməsini məhkəmədən tələb edir, bu isə daxili qanunvericiliyin, eyni zamanda İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə ziddir, eyni zamanda tələbkarın kəskin və qəti etirazlarını doğurur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd etmişdir ki, iştirakçı dövlətlərin məhkəmə sistemi məhkəmənin məcburi və yekun qərarının icra olunmamasına və beləliklə tərəflərin birinin maraqlarına zərər vurulmasına imkan verirsə, deməli Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan “məhkəmə baxışına hüquq” xəyali xatakter alacaqdır. “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında eyni xarakterli məsələlərə bir daha toxunaraq qeyd etmişdir ki, məhkəmə qərarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. "xxxx" ASC Rusiya Federasiyasına qarşı iş üzrə 21 iyul 2005-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, ağlabatan müddətdə ədalətli, açıq məhkəmə baxışının keçirilməsini nəzərdə tutan Konvensiyanın 6- cı maddəsinin 1-ci bəndinin məhkəmə qətnaməsinin icrasına təminat verməməsini təsəvvür etmək çətindir. “Brumaresku Rumuniyaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, hüququn aliliyinin əsas təzahürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübahisəni qəti olaraq həll edibsə, onun qərarı heç bir şübhə doğurmamalıdır. Məhkəmə kollegiyaı qeyd edir ki, borclu "xxxx" MTK hazırki ərizəsi üzrə tələbkara etdiyi təklifləri mülki işə mahiyyəti üzrə baxılarkən də etmiş, lakin tələbkar qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş qətnamənin icranı qeyri-mümkün edən hər hansı hal müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə borclu "xxxx" MTK-nın ərizəsinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kolelgiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, borclu "xxxx" MTK tərəfindən Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)- 147/2021 saylı qətnaməsinin “iddiaçı Tələbkar məxsus olan Bakı şəhəri, Azadlıq prospekti, 158 saylı evin qarşısında yerləşən daş qarajın cavabdeh "xxxx" MTK tərəfindən əvvəlki vəziyyətinə qaytarılaraq iddiaçı Tələbkar təhvil verilməsi” hissəsinin icrasını qeyrimümkün edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə araşdırması nəticəsində də bu hal müəyyən olunmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2(003)- 1851/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №8(103)-416/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-416/2023
04.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver