Məhkəmə qərarları › İş №8(103)-417/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-417/2025

15.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-417/2025 15.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Fuad Abdıyevdən ibarət tərkibdə, icra sənədi üzrə tələbkar "xxxx" ASC-nin Yasamal Rayon İcra Şöbəsinin hərəkətindən və icra sənədi üzrə icraatın dayandırılması barədə qərarından şikayətinə dair iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-451/2025 nömrəli qərardadından Borclu şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8İ-306 saylı xx.xx.2024-cü il tarixli icra qeydinə görə, borclular "xxxx" MMC, Borclu, X2 və X1 tələbkar "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 1.109.123,91 manat pul tutulmalıdır. 2.İcra qeydi icra edilməsi üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilib və icra sənədi üzrə icraat başlanıb. İcra sənədi könüllü icra üçün müəyyən edilmiş müddətdə icra edilmədiyi üçün icra məmuru borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edib. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-313/2025 nömrəli qərardadı ilə təqdimat təmin edilib, Borclu mülkiyyətində olan 15 ədəd avtomobilin üzərinə həbs qoyulması qərara alınıb. Həmin avtomobillərdən 5 ədədi – “BMW X7 Xdrive 40İ” minik markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı **- HU-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz V250” minik markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillər BDYPİ tərəfindən saxlanılaraq mühafizə olunan duracağa yerləşdirilib. 3.Borclu icra qeydini məhkəmə qaydasında mübahisələndirdiyinə görə, icra məmuru R.Atamoğlanovun xx.xx.2025-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraat dayandırılıb. 4.Borclu xx.xx.2025-ci il tarixli ərizə ilə Yasamaı Rayon İcra Şöbəsinin rəisi P.Zəkəriyəyevə müraciət edərək xahiş edib ki, üzərinə həbs qoyulmuş avtomobillər onun özünə saxlanca verilsin. Yasamal Rayon İcra Şöbəsinin rəisi P.Zəkəriyəyev BDYPİ-nə xx.xx.2025-ci il tarixli xx/xx-213079/26 nömrəli məktub göndərərək duracağa yerləşdirilmiş avtomobillərin Borclu təhvil verilməsini xahiş edib. Borclu xx.xx.2025-ci il tarixli iltizam yazaraq avtomobilləri saxlanaca qəbul etdiyini qeyd edib. Birinci instansiya məhkəməsində icraat 5.Tələbkar "xxxx" ASC xx.xx.2025-ci il tarixdə Yasamal Rayon İcra Şöbəsindən şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Şikayətdə tələb olunub ki, Yasamal Rayon İcra Şöbəsi rəisinin hərəkətsizliyi qanunsuz hesab edilsin, Bakı şəhəri 43 saylı Notariat Kontorunun 8İ-306 saylı xx.xx.2024-cü il tarixli icra qeydinin icrası ilə əlaqədar görülmüş məcburi icra tədbirlərinin ləğv edilməsi barədə Yasamal Rayon İcra Şöbəsi rəisinin xx/xx- 213079/26 saylı xx.xx.2025-ci il tarixli məktubu etibarsız hesab edilsin, duracaqdan çıxarılmış avtomobillər duracağa təhvil verilsin, Yasamal Rayon İcra Şöbəsinin icra məmurunun icraatın dayandırılması haqqında qərarı ləğv edilsin. 6.Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, tələbkar "xxxx" ASC-nin şikayəti qismən təmin edilsin, “BMW X7 Xdrive 40İ” minik markalı **- ZZ-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı **-HU-*** dövlət qeydiyyat nişanlı, “Hyundai HD 65” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı **-ZL- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz V250” minik markalı **-UM-*** dövlət qeydiyyat nişanlı avtomobillər duracağa təhvil verilsin. Ərizə qalan hissədə təmin edilməyib. 7.Bundan sonra Borclu Yasamal Rayon Məhkəməsinin həmin qərardadından şikayət verib. Şikayətdə tələb olunub ki, qərardad qismən – avtomobillərin duracağa təhvil verilməsi hissəsində ləğv edilsin və həmin hissədə tələbkarın şikayəti rədd olunsun. Yasamal Rayon Məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 8.Qərardadın bir hissəsi – 5 ədəd avtomobilin duracağa təhvil verilməsinə aid hissəsi mübahisələndirildiyinə görə, qərardadın əsaslılığı yalnız həmin hissədə yoxlanılmalıdır. Yoxlanılan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. 9.Avtomobillər mühafizə olunan duracağa məhkəmə qərardadının icrası nəticəsində yerləşdirilib. Belə ki, “İcra haqqında” Qanunun 50.4.1-ci maddəsindən görünür ki, borclunun əmlakı üzərinə həbs tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün qoyulur. Məhkəmə qərardadı ilə həmin avtomobillərin üzərinə həbs qoyulması qərara alınıb, odur ki, avtomobillərin mühafizəsinin təmin edilməsi üçün onlar duracağa yerləşdirilib. 10.“İcra haqqında” Qanunun 50.7-ci maddəsinin 2-ci abzasında qeyd olunub: “Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən iltizam alınmaqla həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və məhv edilməsinə görə qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilir və saxlanılması üçün onlara verilir”. Göründüyü kimi, daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak borcluya saxlanması üçün verilir, avtomobil isə belə əmlaka aid edilmir. 11.İcra Şöbəsi rəisinin BDYPİ-nə ünvanladığı məktubda avtomobillərin borcluya təhvil verilməsi xahiş olunub, lakin bunun səbəbi və hüquqi əsas göstərilməyib. Odur ki, həmin məktub avtomobillərin mühafizə olunan duracaqdan çıxarılması üçün əsas deyil. Birinci instansiya məhkəməsi düzgün olaraq avtomobillərin duracağa təhvil verilməsini qərara alıb. 12.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-451/2025 nömrəli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar