Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-418/2021 13.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 8(002)-117/2021 №-li iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli qərardaddan Borclu verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatla Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1524/2020 saylı iş üzrə verdiyi icra vərəqəsi əsasında borclu sayılan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qaradağ Rayon Məhkəməsinin 27.08.2020ci il tarixli qətnaməsi (İş № 2(002)-1524/2020) üzrə 27.08.2020-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən 16.06.2020-ci il tarixdən başlayaraq 27.09.2011-ci il təvəllüdlü Məsumə və 14.12.2012-ci təvəllüdlü Zeynəbin yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh (borclu) Borclu hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı (tələbkar) Tələbkar Cəmallədin qızına ödənilməsi qət edilmişdir. İcra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə birlikdə borcluya şəxsən verilmişdir. İcra sənədini icra etməyən borclunun ölkə xaricinə çıxması icra sənədinin icrası istiqamətində hərəkətlərin davam etdirilməsinə mane ola bilər. Təqdimata baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 29.06.2021-ci il tarixli qərardadı ilə təqdimatı təmin etmişdir. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, o, ikinci dəfə nikaha daxil olaraq ailə qurmuş və həyat yoldaşı xəstəliyi ilə bağlı müalicəsini Türkiyədə davam etdirməli, özü isə onunla getməlidir. Hesab edir ki, qeyd olunanlar onun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmasının aradan qaldırılması üçün əsasdır. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi 23.07.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətə baxaraq hesab edir ki, şikayət əsassızdır və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 27.08.2020-ci il tarixli icra vərəqəsinə əsasən 16.06.2020-ci il tarixdən başlayaraq 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay, hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədi icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək könüllü icra barədə bildirişlə birlikdə borcluya şəxsən verilmişdir. Hazırda borclunun 2.205 manat məbləğində aliment borcu var. Buna baxmayaraq, icra sənədini icra etməyən borclu vaxtaşırı olaraq ölkə hüdudlarından kənara çıxır. Qeyd olunanlara əsasən Məhkəmə hazırki apellyasiya baxışının predmeti olan məsələnin müzakirəsi və Borclu qərardaddan verdiyi şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş aktları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3.1. maddəsinə görə, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə bildirir ki, aliment borcu olan borclunun borcunu ödəmədən ölkə hüdudlarını tərk etməsi qəbul edilməzdir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul etməkdə, habelə qərardaddan Borclu verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Odur ki, Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Borclu şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 iyun 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №8(103)-418/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-418/2021
13.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver