Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-418/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Borclu “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-249/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin MKnın 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5129/2023 nömrəli qətnaməsinin icrası üsulunun dəyişdirilərək, kartından aparılan tutulmaların 25%-ə endirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar ona və digər cavabdeh X2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 23500 manat borc məbləğinin və 160 manat dövlət rüsumunun onlardan müştərək qaydada öz xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia Nəsimi Rayon Məhkəməsi tərəfindən təmin olunmuşdur. Lakin, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 02 oktyabr 2023-cü il tarixli, 2(103)-5129/2023 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, e-2(006)1662/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilmiş, ondan 23500 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 80 manatının, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 16 fevral 2024-cü il tarixli qərarı həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bildirir ki, həyat yoldaşı xx.xx.2014cü il tarixində vəfat etmiş, o, təkbaşına uşaqlarını saxlamış, təqaüdçüdür. Eyni zamanda müəyyən xəstədikdən əziyyət çəkir, maddi vəziyyəti aşadığır. Bu səbəbdən də qətnamənin icrasında çətinliyi vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-249/2024 saylı qərardadı ilə (hakim Ceyhun Tağıyev) ərizə təmin olunaraq, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsinə əsasən Borclu kartından tutulan məbləğin 50%-dən 25%-ə endirilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Tələbkar ondan şikayət verərək, qərardadın ləğv olunmasını, ərizənin təmin olunmamasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsi ilə 23500 manat pulun və 80 manat dövlət rüsumunun cavabdeh Borclu onun xeyrinə tutulması qət edilmişdir. Hazırda qətnamə icra mərhələsində olmaqla, Borclu əmək haqqısının 50% miqdarında vəsait tutulur. Borclu 830 manat əmək haqqı və 401 manat müavinat alır. Belə olan halda borcludan tutulan məbləğin 25% endirilməsi qətnamənin icrasının uzun illər çəkməklə, onun hüquqlarının pozulmasına səbəb olacaqdır. Birinci instansiya məhkəməsi qeyd edilən halları nəzərə almamış, əsassız olaraq ərizənin təmin olunması nəticəsinə gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-249/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə qarşı etiraz, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qərardad ləğv olunmalı, iş ərizəyə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. İşdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2023-cü il tarixli, 2(103)-5129/2023 saylı qətnaməsi ilə cavabdeh Borclu 23.500 manat məbləğində pulun, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 80 manat hissəsinin və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir (Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2024-cü il tarixli, 2(102)- 504/2024 saylı qərarı ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır). İşdə olan Bakı şəhər Nəsimi rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 63 və 65ci maddələrinə əsasən icra sənədi üzrə tutma borclunun əmək haqqının 50 faiz miqdarındə müvafiq pul vəsaitinə yönəldilmişdir. Borclu isə hazırkı müraciətində maddi vəziyyəti il əlaqədar, kartından tutulan məbləğin 50%-dən 25%-ə endirilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. İlkin olaraq qeyd edilməldir ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı 24 noyabr 2005-ci tarixli Qərarının 12-ci bəndinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. “Elektron Məhkəmə” İnformasiya Sistemindən çıxarışa əsasən Borclu Gəncə- Daşkəsən Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışır, aylıq əmək haqqısı 830 manat təşkil edir. Eyni zamanda, Borclu yaşa görə təyin edilmiş pensiya məbləği 401,80 manat təşkil edir. İşdən görünür ki, məhkəmə yalnız borclunun bildirdiklərinə əsaslanmış, onun maddi vəziyyəti ilə bağı ərizəsində göstərilmiş dəlilləri ətraflı araşdırmamış, bu istiqamətdə məhkəməyə hər hansı mötəbər sübut təqdim olunmamış, məsələyə formal yanaşılmış, tələbkarın şikayətinin dəlilərinə isə ümumiyyətlə hüquqi qiymət verilməmişdir. Halbuki, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi zamanı məhkəmə təkcə borclunun deyil, həmçinin tələbkarın mənafeyini də nəzərə almalıdır. Birinci instansiya məhkəməsi zərurət olduğu halda, ərizəyə iş üzrə tərəflərin (tələbkar və borclu), habelə icra məmurunun birgə iştirakı ilə (icra işi tələb olunmaqla), onların dinlinilmə hüquqlarının təmin olunması şəraitində baxmamışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (MPM-in 9-cu maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Qeyd edilməlidir ki, tərəflərin irəli sürdüyü əsas (zəruri) dəlillərə lazımi qaydada hüquqi qiymət verilməməsi hər bir halda ədalətli məhkəmə araşdırması prinsipinə də uyğun deyildir. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, ... baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, Məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir” Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Həmçinin qeyd edilməlidir ki, «İcra haqqında» Qanunun 12.1-ci maddəsinə əsasən bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. «İcra məmurları haqqında» Qanunun 7-ci maddəsinin 1-ci hissəsinə görə icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidir. “İcra haqqında” Qanunun 63-69-cu maddələrini əhatə edən Vİ Fəsli tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsi adlanır. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği əlli faizdən çox ola bilməz. Qanunun 65.2-ci maddəsinə müvafiq olaraq, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın əlli faizi borcluda qalmalıdır. “İcra haqqında” Qanunun 65.3-cü maddəsinə görə isə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Beləliklə, təmin edilməli olan tələbin əhəmiyyətlilik dərəcəsindən asılı olaraq, qanunverici tərəfindən əmək haqqından tutmanın aşağıdakı hədləri müəyyən edilmişdir: işəgötürənin sərəncamı ilə tutulan ödənişlərlə bağlı – iyirmi faizdən yuxarı olmamaqla; məhkəmə qərarlarının icrası ilə bağlı, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş hallarda – əlli faizdən yuxarı olmamaqla; alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı – yetmiş faizdən yuxarı olmamaqla. X3 “Əmək haqqının mühafizəsi haqqında” 95 nömrəli Konvensiyasının 8-ci maddəsinin birinci hissəsinə əsasən, əmək haqqından tutulmalara yalnız həmin ölkənin qanunvericiliyi ilə müəyyən edilmiş və ya kollektiv müqavilələrlə və ya arbitraj qərarları ilə təyin olunmuş şərtlərə riayət edildikdə və ölçülərdə (hədlərdə) icazə verilir. Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Göründüyü kimi, icra məmuru məcburi icra tədbiri kimi tələbin borclunun əmək haqqına yönəldilməsini qərara almışdır. Borclunun hazırkı ərizəsinin məzmunundan isə onun qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi deyil, daha çox maddi vəziyyəti ilə bağlı borcun 50 faiz nisbətində əmək haqqına yönəldilməsindən narazılıq görünür. Halbuki, işdə iştirak edən şəxslər məhkəmə qərarının icrası sahəsində icra məmurunun hərəkət və ya hərəkətsizliyindən müvafiq qaydada şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi bu hala da diqqət yetirməmiş, borclunun ərizəsinin əsl mahiyyətini aydınlaşdırmamışdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 249/2024 saylı qərardadı ləğv edilməli, iş materialları borclunun ərizəsinə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə, tərəflərin bildirdikləri, eləcə də təqdim olunmuş sübutlara hüquqi qiymət verilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Borclu “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-249/2024 saylı qərardadından Tələbkar tərəfindən verilmiş şikayət qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)- 249/2024 saylı qərardadı ləğv edilsin, iş borclunun ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-418/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-418/2024
26.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver