Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-418/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin təqdimatı üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-274/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2474/2022-025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 247.059 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul və 710 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq Tələbkar ödənilməlidir. Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 təqdimatla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi 346-cı məhəllədə yerləşən 34 nömrəli (yeni qaydalarla: AZ1000, Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi, 56, M13, mənzil 1) mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-274/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Həmin qərardaddan Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və ya mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-274/2025 saylı, xx.xx.2025-ci il qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir; 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 45.8-ci maddəsinə əsasən borclunun ümumi mülkiyyətdə əmlakı olduqda, tələb Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq onun ümumi mülkiyyətdə olan payına yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Borclunun aşkar edilmiş əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi də məcburi icra tədbiri hesab edilir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2474/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh Borclu 247.059 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bank tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun və 710 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Həmin iddia ilə yanaşı iddiaçı (hazırda tələbkar) müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə də məhkəməyə müraciət edərək, cavabdehə (hazırda borcluya) məxsus bir sıra əmlakların, o cümlədən Bakı şəhəri, Nəsimi rayonu, Ə.Topçubaşov küçəsi, 346-cı məhəllədə yerləşən 34 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağa edilməsini xahiş etmiş və onun bu ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-MTT(006)-82/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə təmin edilərək, cavabdehin mülkiyyətində olan bir sıra əmlakın, o cümlədən qeyd edilən mənzilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Həmin mənzil üzərinə qoyulmuş həbs Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin **********/2023-5-1 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu və borclunun əmlakı üzərinə həbsin qoyulması haqqında icra məmurunun xx.xx.2023-cü il tarixli qərarına əsasən qeydə alınmışdır. Bununla belə, qeyd edilən əmlak üzərinə artıq həbs qoyulmuşdur. Bu baxımdan eyni əmlak üzərinə eyni məsələ ilə bağlı yenidən həbsin qoyulmasına hər hansı hüquqi zərurət qalmamışdır. Belə ki, hazırki təqdimat ilk növbədə həmin əmlakın özgəninkiləşdirilməsinin qarşısının alınması, daha sonra ona münasibətdə digər məcburi icra tədbirlərinin həyata keçirilməsi məqsədini daşıyır. İcra qurumu bu əmlakın özgəninkiləşdirilməsini artıq təmin etməklə onun satılmasının qarşısını almışdır. Məhkəmə kollegiyası o halı da nəzərə alır ki, ötən dövr ərzində borclu tərəfindən icra sənədi üzrə ödənilməli olan məbləğin 170.000 manat hissəsinin ödənilməsi təmin edilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən isə bu əmlakdan başqa borclunun mülkiyyətində olan digər əmlaklar üzərində də qadağa qeydə alınmışdır. Bu da öz növbəsində mütənasibliyin təmin edilməsi baxımından ilk növbədə həmin əmlaklarla bağlı zəruri icra tədbirlərinin həyata keçirilməsini şərtləndirir. Qeyd edilənlər öz növbəsində şikayətin əsassız olduğunu təsdiq edir və onun rədd edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqdimatı təmin etməmişdir. Şikayət əsassızdır və bu səbəbdən təmin olunmamalıdır. Birinci instansiya məhkəməsinin qərardadı şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-274/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-418/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-418/2025
19.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver