Məhkəmə qərarları › İş №8(103)-419/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-419/2021

17.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-419/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat kontorunun 30.03.2021ci il tarixli icra qeydinə əsasən Borclu 951 550 manat pul vəsaitinin Tələbkar xeyrinə tutulmalı olduğunu, tələbin könüllü icrası üçün borcluya vaxt verilməsinə və xəbərdarlıq olunmasına baxmayaraq onların icranı təmin etmədiyini, “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata görə Borclu adına “Vaz 21060 minik” markalı **-OG- *** dövlət qeydiyyat nişanlı və “Qaz 31029 minik” markalı **-OR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin olduğunun aşkar edildiyini, icra sənədinin icrasının təmin edilməsi üçün həmin avtomobillərin üzərinə həbs qoyulması, onların saxlanılaraq müvafiq cərimə duracağına yerləşdirilməsi, tələbin avtomobillərə yönəldilməsi, qərardadın icrasının Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (məhkəmə) 03 iyun 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin olunmuşdur. Həmin qərardaddan Borclu şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini sözügedən icra qeydinin ləğvi ilə bağlı məhkəmədə iddia qaldırdığı, bu səbəblə icra icraatının dayandırılmalı olduğu və məcburi icra tədbirlərinin görülməsinə yol verilmədiyi arqumentlər ilə əsaslandırmışdır. Məhkəmənin 26 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış borclu, tələbkar, habelə icra məmuru məhkəməyə gəlməmişlər. Kollegiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməklə iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Qanunun 50.1-ci və 50.2-ci maddələrində isə təsbit edilmişdir ki, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İş materiallarından aydın olur ki, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat kontorunda aparılmış 29.03.2021-ci il tarixli icra qeydinə əsasən Borclu 951 550 manat pul vəsaiti Tələbkar xeyrinə tutulmalıdır; hazırkı icraatın başlanmasına səbəb olan təqdimatla məhkəməyə müraciət edən icra məmuru da, məhz Borclu məxsus olduğunu bildirdiyi avtomobillər üzərinə “İcra haqqında” Qanunun qeyd olunan müddəalarına əsasən həbs qoyulmasını istəmişdir. Bununla belə şikayətə əlavə olunan sənədlərdən görünür ki, Borclu Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində həmin icra qeydinin ləğvi barədə iddia qaldırmış, iddia icraata götürülmüşdür. “İcra haqqında” Qanunun 17.1.4-cü və 19.1.3-cü maddələrinə əsasən, icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda icra sənədi üzrə icraat mübahisəyə mahiyyəti üzrə baxılanadək məcburi olaraq dayandırılır; 21.8-ci maddəsinə görə isə, dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Şərh olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul olunması üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə və borclunun icra sənədinin ləğvi ilə bağlı qaldırdığı iddia səbəbilə icra icraatının dayandırılıb-dayandırılmadığını araşdıraraq təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-358/2021 saylı iş üzrə 03 iyun 2021-ci il tarixli qərardadı ləğv edilərək iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar