Məhkəmə qərarları › İş №8(103)-42/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-42/2025

04.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-42/2025 04.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: borcun hissə-hissə ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-567/2024 saylı, 19 dekabr 2024cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 236/2024 saylı icra sənədi üzrə X2 məhkəməyə ərizə ilə müraciət edərək, hər ay tərəfindən 300 manat miqdarında hissə-hissə ödənilməsinə şərait yaradılmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-236/2024 saylı qətnaməsinə əsasən cavabdeh (borclu) X8 20.000 manat əsas, 5.000 manat zərərin, 150 manat iddia ərizəsi üçün ödənilmiş rüsumun, cəmi 25.150 (iyirmi beş min yüz əlli) manat pulun cavabdehdən (borcludan) alınaraq, iddiaçı (tələbkar) Tələbkar ödənilməsinə dair iddia tələbi qismən təmin edilərək, 20.000 manat məbləğində vəsaiti və ödənilmiş 150 manat dövlət rüsumu tutularaq iddiaçı (tələbkar) Tələbkar xeyrinə ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. Həmin iş qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda işləmədiyini, ağır ailə vəziyyətini, eləcə də, evdə xəstəlikdən müalicə alan şəxsin olduğunu nəzərə alaraq, eləcə də, Azərb Resp. MPM-nin 231-ci maddəsinin müddəalarını rəhbər tutaraq, tələbin icrasının təmin edilməsi həm də borcluya könüllü olaraq, ödənişin yerinə yetirilməsi üçün şərait yaradılması, həm maddi, həm də prosessual normaların, təkcə imperativ tətbiqini deyil, eyni zamanda, icraya məruz qalmış tərəflərin Konstitusiya ilə nəzərdə tutulmuş humanizm prisniplərindən irəli gələn icra tətbirlərinin tətbiqinin təsbit edildiyini nəzərə alaraq icra işi üzrə qətnamə ilə müəyyən edilmiş borcun hissə-hissə ödənilməsinə yerbəyer olunması ilə bağlı obyektiv vəziyyətin nəzərə alınmasını münasib hesab edir.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-567/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-236/2024 saylı icra vərəqəsi üzrə X2 tərəfindən icra sənədi üzrə tutulmalı olan məbləği ödəmək iqtidarında olmadığına dair hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, habelə borclunun ödənilməli olan pulun hissə-hissə icra etməsi tələbkarın maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olacağından hazırki ərizə əsassız olub rədd edilməlidir.

5. Birinci instansiyası məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə; “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə istinadla əsaslandırmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

7. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 8(004)-567/2024 saylı, 19 dekabr 2024-cü il tarixli qərardadı ləğv edilərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 236/2024 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı- Tələbkar tərəfindən, ondan 20.000 (iyirmi min) AZN əsas, 5.000,0 (beş min) AZN zərərin, 150 (yüz əlli) AZN iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumunun, cəmi 25.150 (iyirmi beş min yüz əlli) AZN pulun ondan alınaraq ona ödənilməsinə dair iddia tələbi qismən, 20.000 (iyirmi min) manat məbləğində pul vəsaiti və ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu tutulraq iddiaçı Tələbkar xeyrinə ödənilməsi hissəsində təmin edilmiş, qalan hissədə təmin edilməmişdir. İş üzrə məhkəmə qərarının icra üsuluna dəyişiklik verilməsinə; hər ay tərəfindən 300 AZN miqdarında hissə-hissə ödənilməsinə şəraitin yaradılmasına dair verdiyi ərizə üzrə 8(004)-567/2024 sayla icraatda olmuş iş üzrə məhkəmənin xx.xx.2024cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmənin 8(004)-567/2024 saylı həmin iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına dair konkret müddəalar (icranın müddəti, ardıcıllığı cək hərəkətlərin və ya ödəniləcək məbləğlərin həcmi və s.) olmasa da, qətnamənin hissə-hissə icrası nəticəsində yaranan ümumi icra müddəti ağlabatan olmalı və məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarların mənafeləri eyni cür qorunmalıdır. Ərizənin məzmunu ətraflı izah olunsa da hakim standart münasibətilə digərinin mövqeyinə və vəziyyətinə əhəmiyyət belə vermədən şəxsi mülahizəyə istinad edib kifayətlənmişdir. Bununla da, məhkəmə qərarının icrasına heç bir zərər gətirməyən ərizəçinin müraciətinə laqeyd münasibəti ilə onun mövqelərini ağırlaşdırmaqla prosessual hüquq normaları ilə nəzərdə tutulmuş hüquqlarının pozulmasına səbəb olan yekun qərar qəbul etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7 yanvar 2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-567/2024 saylı 19 dekabr 2024-cü il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

Tətbiq edilən hüquq normaları:

10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X12 Zavodu və X3rşı”, 09 dekabr 1994-cü il)”.

12. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

12. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

13. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.

14. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.

16. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

17. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

18. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir.

19. Həmin Qərara əsasən borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən də məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir, məhkəmələrə məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbinin nəzərə alınması tövsiyə edilir.

23. Beləliklə qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir.

24. Başqa sözlə desək, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz.

26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.

27. Kollegiya borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq hesab edir ki, borclunun təklif etdiyi icra qaydası göstərilən meyarlara cavab vermir.

28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Borclu orclu X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-567/2024 saylı 19 dekabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar