Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-420/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-984/1999 saylı, 23.05.1999-cu il tarixli icra sənədi üzrə Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin 16.04.2021-ci il tarixli qərarından verilmiş şikayət üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 8(004)-412/2021 saylı 25.06.2021-ci il tarixli qərardadından Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-984/1999 saylı, 23.05.1999-cu il tarixli icra vərəqi ilə X9, X16, X7, Borclu1, Borclu3, X2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 10, mənzil 104-dən çıxarılmalıdırlar. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 16.04.2021-ci il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-984/1999 saylı, 23.05.1999-cu il tarixli icra sənədi “İcra haqqında” Azərbaycan Respulikası qanunun 70.4cü maddəsiə əsasən, məhkəməyə geri qaytarılmışdır. İş üzrə tələbkar X22 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin 16.04.2021-ci il tarixdə tələbkar olduğu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-984/1999 saylı, 23.05.1999-cu il tarixli icra sənədini icra olunmadan məhkəməyə geri qaytarılması haqqında qərarının ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 8(004)-412/2021 saylı 25.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X10 icra edilməyən və ya icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında 16.04.2021-ci il tarixli qərarı ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra sənədində mənzildən çıxarılmalı olan məcburi köçkünləri heç biri yaşamadığından, mənzildə başqa məcburi köçkünlərin yaşadığı nəzərə alınaraq, yeni hüquq-münasibətləri yaratdığına görə icra sənədində göstərilən tələbin təmin edilməsi mümkün olmamış və sözügedən icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinin tələblərinə əsasən 16.04.2021-ci il tarixli qərar qəbul olunaraq məhkəməyə qaytarılmışdır. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-412/2021 saylı, 25.06.2021-ci il tarixli qərardadı ilə qərarın ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 8(004)-412/2021 saylı 22.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 70.4-cü maddəsinə əsasən, icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. İş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 984/1999 saylı, 23.05.1999-cu il tarixli icra vərəqindən görünür ki, X9, X16, X7, Borclu1, Borclu3, X2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 10, mənzil 104-dən çıxarılmaları qət edilmişdir. 21.06.2007-ci il tarixli icraata başlamaq haqqında qərardan və 21.06.2007-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-984/1999 saylı, 23.05.1999-cu il tarixli icra sənidi üzrə icraata başlanılmış və borclular X9, X16, X7, Borclu1, Borclu3, X5 10 gün müddətində icranı könüllü təmin edilməsi təklif edilmişdir. 18.06.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan və 18.06.2019-cu il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-984/1999 saylı, 23.05.1999-cu il tarixli icra sənəd üzrə icraata başlanılmış və borclular X9, X16, X7, Borclu1, Borclu3, X5 10 gün müddətində icranı könüllü təmin edilməsi təklif edilmişdir. X7, X8, X3, X14 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, adı çəkilən şəxslər müvafiq qətnamənin torpaqlar işğaldan azad olunana kimi icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. X4 icra məmuruna ünvanladığı 19.02.2020-ci il tarixli ərizəsindən görünür ki, sonuncu cari ilin aprelin axırı mənzili boşaldacağını bildirmişdir. X22 tərəfindən Yasamal rayon İcra şöbəsinə ünvanlanmış 20.02.2020-ci il tarixli ərizədən görünür ki, sonuncu X4 cari ilin may ayının 1nə kimi mənzili boşaltmasına möhlət istəməsinə etiraz etmədiyini bildirmişdir. 01.04.2021ci il tarixli aktdan görünür ki, sözü gedən mənzildə iş üzrə borclulardan heç birinin yaşamadığı müəyyən edilmişdir. Hazırda mənzildə X6, onun arvadı X14 və övladları X12 və Savalanova Röya şəmsəddin qızının yaşamaları müəyyən edilmişdir. Nəzərə almaq lazımdır ki, İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə aktlarının icrası onların nəticə hissəsi ilə birbaşa bağlıdır. Yalnız qət olunan hissədə göstərilənlər icra hərəkətlərinin predmetini təşkil edir və məcburidir. Buna baxmayaraq, icra sənədi icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, süründürməçiliyə yolverilərək, uzun müddət icra sənədi icra edilməmişdir. İş materialları ilə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tədbiq edilməsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, borclular uzun müddət icra sənədini könüllü icra etməyərək, dəfələrlə ayrı-ayrı vaxtlarda ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədinin icra edilməsinə möhlət verilməsini xahiş etmişlər, tələbkar isə buna etiraz etməmişdir. Nəticədə qətnamənin icrasında süründürməçiliyə yol verilmiş və mənzili tərk edərkən, bu barədə icra məmuruna və tələbkara məlumat verilməmiş, eyni zamanda mənzili rəsmi qaydada təhvil vermədən digər ailə üzvlərini (soyadları eynidir) həmin mənzildə yerləşdirməklə bilərəkdən məhkəmə qətnaməsinin icrasına maneələr yaratmışlar. Bununla da tələbkar qanuni mülkiyyətində olan əmlakından istifadə hüququndan məhrum edilmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayət formal əsaslarla verilmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Yasamal Rayon Məhkəməsisinin 8(004)-412/2021 saylı 25.06.2021-ci il tarixli qərardadından dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-412/2021 saylı 25.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-420/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-420/2021
10.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver