Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-420/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Xətai Rayon İcra Şöbəsinin icra məmuru tərəfindən verilmiş, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimata dair iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından borclu Amid Rütəmovun şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, icra məmurunun təqdimatı təmin olunsun, Xətai RM tərəfindən (011)-3506/2010 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixdə və 2(011)- 4870/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixdə verilmiş, uşağın saxlanması üçün Borclu Tələbkar xeyrinə aliment tutulması barədə icra vərəqələrinin icrasının təmin edilməsi üçün borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi 2 şərt mövcud olduqda qeyd olunan məhdudlaşdırma tətbiq edilə bilər: könüllü icra üçün müəyyən olunmuş müddətin bitməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi. Hazırkı işdə hər 2 şərt mövcuddur. Borclunun aliment borcu var. O, həmin borcun üzrlü səbəbdən əmələ gəldiyini bildirir. Ailə Məcəlləsinin 107.2-ci maddəsinə görə, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzrlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. Lakin belə məhkəmə qərarı yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını qərara almaqla düzgün nəticəyə gəlib və gəldiyi nəticəni qərardadda lazımi qaydada əsaslandırıb. Ona görə də qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №8(103)-420/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-420/2022
20.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver