Məhkəmə qərarları › İş №8(103)-420/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-420/2023

30.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-420/2023 30.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru təqdimatla Bakı şəhəri Xəzər rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, məhkəmənin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 3960 manatın Tələbkar xeyrinə tutulmalı olduğunu, borcluya tələbin könüllü icrası üçün bildiriş göndərilməsinə baxmayaraq icranın təmin olunmadığını, buna görə də borclunun əmlak vəziyyətinin yoxlanıldığını və ona məxsus bir-neçə əmlak aşkar edildiyini bildirmiş, icra sənədinin icrasının təmin edilməsi üçün həmin əmlakların üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat qismən təmin edilməklə xx.xx.2022-cu il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu məxsus 1 ədəd mətbəx mebelinin, 1 ədəd qonaq dəsti mebelinin, 1 ədəd televizor və 1 ədəd divanın üzərinə həbs qoyulması qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə Borclu ərizəsinin təmin edilməməsi qərara alınmış, bu qərardaddan onun verdiyi şikayət isə xx.xx.2023-cü il tarixli qərardadla təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Borclu şikayətini onunla əsaslandırmışdır ki, üzrlü səbəbdən qərardaddan vaxtında şikayət verə bilməmiş, lakin məhkəmə müddəti bərpa etməməklə məhkəməyə müraciət etmək hüququnu, eyni zamanda ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. İş materialları ilə müəyyən olunur ki, əmlakın üzərinə həbs qoyulması barədə qərardaddan şikayət verməklə həmin qərardaddan narazılığını ifadə etmişdir. Lakin prosessual forma və məzmun düzgün olmadığından şikayəti geri qaytarılmışdır. Daha sonra lazımi qaydada şikayət və prosessual müddətin bərpası barədə ərizə versə də, məhkəmə azyaşlı uşağının olmasını və onun xəstə olması barədə dəlillərinin sübut olmaması qənaətinə gələrək ərizəni təmin etməmişdir. Məhkəmə əmlak üzərinə qanunsuz olaraq həbs qoymuş, həmin qərardadın ləğv edilməməsi üçün onun şikayətini geri qaytarmış, müddətin bərpası barədə ərizəni əsassız olaraq təmin etməmişdir. Qeyd edilənlər məhkəmənin qərəzli mövqe nümayiş etdirməsidir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmayaraq birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Borclu xx.xx.2023-ci il tarixli qərardadı xx.xx.2023-cü il tarixdə qəbzə imza etməklə almış, qərardaddan şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni isə xx.xx.2023-cü il tarixdə elektron sistemə yükləmişdir. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Hazırki işin halları baxımından isə belə hallar yoxdur və Borclu qərardaddan şikayət vermə müddətini üzrlü səbəbdən buraxmış olması qənaətinə gəlmək mümkün olmamaqla, bununla bağlı hər hansı sübut ümumiyyətlə təqdim edilməmişdir. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-176/2023 saylı iş üzrə 11 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar