Məhkəmə qərarları › İş №8(103)-421/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-421/2021

16.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-421/2021 16.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Tələbkar açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 ştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(009)-138/2021 saylı qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail rayon İcra və Probasiya şöbəsinin icra məmuru Eldar Hüseynli təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 40/2007 saylı, 11.05.2007-ci il tarixli icra sənədi üzrə borclu Abdullayeva (Akın) Aygül Ağamirzə qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(009)-138/2021 saylı qərardadı ilə təqdimat təmin edilməmişdir. Tələbkar ASC şikayət verərək qərardadın ləğv olunmasını və icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə Səbail rayon İcra və Probasiya şöbəsinin borclu Abdullayeva (Akın) Aygül Ağamirzə qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatının təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsinin çıxarılmasından bu günə qədər 14 il 2 ay keçməsinə baxmayaraq borclu tərəfindən qətnamə üzrə qət edilən borc tam olaraq icra edilməmiş və borclu tərəfindən ən son ödəniş 30.12.2006-ci il tarixdə edilmişdir. Qətnamənin icrasının təmin olunması məqsədilə Səbail rayon icra və probasiya şöbəsinin təqdimatına əsasən, borclu Abdullayeva (Akın) Aygül Ağamirzə qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli 8(009)- 138/2021 saylı qərardadı ilə Səbail rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilməmişdir. Belə ki, yuxarıda qeyd edildiyi kimi borclu qətnamə üzrə borcunu icra etmədiyi üçün qətnamənin icra edilməsi üçün icra məmuru tərəfindən zəruri tədbirlər görülür. Bu tədbirlərdən bir də borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasıdir. Bundan əlavə Abdullayeva (Akın) Aygül Ağamirzə qızı türk vətəndaşı ilə nikaha daxil olduğu üçün tez-tez Türkiyə Respublikasına gedir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 iyul 2021-ci il tarixli, 8(009)-138/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi X2 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında borcluya məlumat verilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsi təqdimatı təmin rədd edərkən qənaətini onunla əsaslandırmışdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi icra tədbirləri heç bir nəticə vermədikdə və icra vərəqəsinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi sübut edildikdə, icra məmurunun məhz bu halları əsaslandırdığı təqdimatı əsasında tətbiq edilə bilər. Bundan əlavə məhkəmə vurğulayır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun və Təlimatın tələblərinə görə, icra məmurunun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimatla məhkəməyə müraciət etməsi üçün icra sənədinin, icraata başlanması barədə borcluya bildiriş verildikdən sonra borclu tərəfindən könüllü qaydada icra edilməməsi və bu əməlin Qanunla nəzərdə tutulmuş hüquqi nəticələri barədə borcluya bildirilməsi və barəsində icra üzrə icraatın başlanması haqqında məlumatı olmasına baxmayaraq, borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi barədə icra məmurunda məlumatın olması zəruridir. Təqdimatda tələb olunan vəsaitin ödənilməsini təmin etmək məqsədilə borclunun əmlak vəziyyətini öyrənmək üçün aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilməsi göstərilsə də, bununla bağlı hər hansı bir sübut, eləcə də sorğular göndərildiyi halda verilmiş cavablarla bağlı məlumat təqdimata əlavə edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, icra məmurunun əsaslandırılmamış təqdimatının buna zərurət olub-olmadığı müəyyən edilmədən təmin edilməsi, qeyri-məhdud sayda vətəndaşın ölkə hüdudlarından kənara getməsinə əsassız maneələr yarada bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməsi üçün kifayət qədər əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsində göstərilir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi və təqdimtaın təmin edilməsi üçün əsasdır. Əvvəla, məhkəmə icra vərəqəsinin borclu tərəfindən üzrlü səbəbdən icra etmədiyinə dair də qərardadında heç bir hala istinad etməmişdir. Əksinə təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borclu hələ bir il əvvəl İcra və Probasiya şöbəsində yazdığı izahatda avtomobilin onun istifadəsində olmadığından və bu tələblə razılaşmadığı üçün heç bir ödəniş etməyi düşünmədiyini bildirmişdir. Demək, icra sənədi ilə bağlı ən azından bir il əvvəl məlumatı olan borclu tələbin könüllü icrası barədə bildirişi əldə etsə də mövqeyi bəlli olmuş və bunu izahatında da açıq-aşkar göstərmişdir. İkincisi, məhkəmə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırmamasını göstərdiyi səbəblərlə əsaslandırmağa çalışsa da, nədənsə 14 il 2 aydan artıq müddətdə dövlətin adından çıxarılmış məhkəmə aktının da icra olunmamasının səbəblərini araşdırmamış yaxud buna əhəmiyyət vermək istəməmişdir. Belə ki, əgər borclu ölkədən getmək hüququnun olduğunu bilirsə, məhkəmə qətnaməsinə əsasən yaranmış vəzifəsini də bilməlidir və bunu icra etməlidir. Əks halda ziddiyyətli vəziyyət yaranır. Çünki, borclu dövlətin adından çıxarılmış məhkəmə aktının icrasından 14 il, 2 aydır ki, yayınır, ancaq ölkədən getmək hüququndan istifadə etmək istəyir. Əlbətdə, yaxşı olardı ki, borclu ölkədən getmək hüququnun olmasını bildiyi qədər, dövlət qarşısında vəzifələrinin olduğunu da bilsin. Ona görə də təqdimatın təmin edilməsi heç də borclunun ölkədən kənara getməsinə maneə yaradan hal kimi qiymətləndirilməməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayəti təmin olunmalı, qərardadı ləğv edilməli, borclu Abdullayeva (Akın) Aygül Ağamirzə qızının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimat təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.3, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Tələbkar açıq səhmdar cəmiyyətinin şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli, 8(009)-138/2021 saylı qərardadı ləğv edilsin və təqdimat təmin edilsin. xx xxxxxx 1972-ci ildə Ucar şəhərində doğulmuş, Bakı şəhəri, Səbail rayonu, Səbail RPİ, A.Abbaszadə küçəsində qeydiyyatda olan, Abdullayeva (Akın) Aygül Ağamirzə qızının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar