Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-422/2020 14.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, X1 iştirakı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-567/2020 saylı qərardadından X2, X10, X3 və X8 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2, X10, X3 və X8 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-12140/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasına 2 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-12140/2016 saylı qətnaməsinə əsasən onlardan müştərək qaydada 5097,13 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaitinin alınaraq tələbkara ödənilməsi haqqında xx.xx.2016-cı il tarixli qətnamə qəbul edilmişdr. X11 sahibkarlıq fəaliyyətini dayandırdığını və bu səbəbdən hazırda heç bir gəlirə malik olmadığını, adı çəkilən məhkəmə qərarını icra etməkdə çətinlik çəkdiyini bildirmişdir. X15 tək başına yetkinlik yaşına çatmayan övladını böyüdür və özü isə onkoloji xəstə olaraq mütəmadi müalicə almalı olur. X12 həyat yoldaşı xəstə olduğundan ona davamlı olaraq müayinə və müalicə tələb olunur. Bu da özlüyündə maddi imkansızlıqla səbəb olur. X6 hazırda maddi sıxıntı içərisində yaşadığına görə borcla bağlı məhkəmə qətnaməsinin özünə aid hissəsini icra edə bilmir. Odur ki, borclular qətnamənin icrasına möhlət verilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-567/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan borclular tərəfindən verilmiş şikayət məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin məzmunu ərizə ilə eynilik təşkil etməklə, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında borclu X7 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi və şikayətdə göstərdiklərinə uyğun izahat verdi. Digər borclular və tələbkar məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası borclunun izahatını dinləyib, şikayətin dəlillərini araşdırıb, işdə olan materialları tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-567/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət isə təmin edilməməlidir. Borclular tələb olunan pulu ödəməyə maddi imkanlarının olmadığını göstərsələr də, bunun təsdiqi olaraq borcun ödənilməsi ilə bağlı yaranmış hər hansı əlverişsiz hal barəsində heç bir sübut təqdim etməmişlər. Məhkəmə hesab etmişdir ki, iş üzrə qətnamə xx.xx.2016-cı il tarixdə qəbul olunduğundan və hal-hazıra kimi borclular tərəfindən icra olunmadığından, qətnamənin icrasına möhlət verilmə barədə ərizə təmin oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, borcluların qətnamənin icrasına möhlət verilməsi barədə hazırkı mövqeyi icra sənədinin icrasının ağlabatan olmayan müddətdə təmin olunması, xeyrinə məhkəmə qətnaməsi çıxarılmış tələbkarın hüquqlarının və qanunla qorunan mənafeyinin pozulması deməkdir və məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi ilə bağlı ərizənin təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli qərarında qeyd olunur ki, məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi, ərizənin təminindən imtina edərkən düzgün olaraq belə nəticəyə gəlmişdir ki, borclu və tələbkarın mənafeyini, borc məbləği tutulmuş məhkəmə qərarının icrasına möhlətin verilməsi üçün müstəsna hal olmadığından borcluların qətnamə üzrə tutulmalı olan məbləğin hissə-hissə ödənilməsi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X2, X10, X3 və X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə İş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 8(004)-567/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №8(103)-422/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-422/2020
14.10.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver