Məhkəmə qərarları › İş №8(103)-422/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-422/2022

26.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-422/2022 26.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, Xəzər Rayon Məhkəməsinin 8(003)-337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından Tələbkar ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Bakı şəhəri Xəzər rayon icra şöbəsinin icra məmuru Yaqub Qafarov, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5894/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir.

2. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5894/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 11474,68 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017- ci il tarixdə Bakı şəhəri Xəzər rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu oglunun icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən Borclu oglu məxsus olan " Chevrolet Aveo" minik markal, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir.

3. Xəzər Rayon Məhkəməsinin 8(003)-337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

4. Tələbkar tərəfindən həmin qərardaddan verilmiş şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Şikayətə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür.

7. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və təqdimat təmin edilməlidir.

8. Rayon Məhkəməsi qeyd etmişdir ki, iş üzrə borclu fiziki şəxsdir, yerinə yetirilməli olan icra hərəkəti isə tələbkarın xeyrinə pul tutulmasından ibarətdir. İcra məmuru tərəfindən icra sənədinin icrasını təmin etmək məqsədi ilə icra şöbəsi tərəfindən borcluya məxsus cari hesablardakı pul vəsaitlərinin, bank rekvizitlərinin, eləcə də cari və hesablaşma hesablarının, olub-olmaması barədə müxtəlif instansiyalara sorğuların olunması qeyd etsə də bununla bağlı hər hansı bir sənəd təqdimata əlavə edilməmişdir. Odur ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmək mümkün deyildir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən borclu şəxsin adına pul vəsaitlərinin olub-olmamasının müəyyənləşdirilməsinə yönəlmiş hərtərəfli icra hərəkətlərinin aparıldığı görünmür.

9. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər.

10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.

11. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35)

12. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).

13. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)

14. Qeyd olunanlardan müəyyən olunur ki, birinci instansiya məhkəməsi «İcra Haqqında» Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinin imperativ tələbinə əhəmiyyət verməyərək, icra edilməyən icra sənədinin icrasına mane olmuşdur ki, bu da məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda istinad olunan qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini pozur.

15. Göstərilənlər əsasən, tələbkarın şikayəti təmin edilməli, qərardad ləğv edilməli, təqdimat təmin edilməli, Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

18. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qəraraaldı:

Tələbkar ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Xəzər Rayon Məhkəməsinin 8(003)-337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin və Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus “Chevrolet Aveo” minik markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar