Məhkəmə qərarları › İş №8(103)-423/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-423/2024

02.12.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-423/2024 02.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 8(011)-355/2024 saylı qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli Borclu Elmar qızına məxsus olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması haqqında təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-769/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Elmar qızından 12000 manat pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu Elmar qızının icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu bugünədək heç bir ödəniş etməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına müəyyən olunmuşdur ki, Borclu Elmar qızına məxsus olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi onun əmlakının üzərinə həbs qoymaq və əmlakını satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-355/2024 saylı 06 may 2024-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, Borclu Elmar qızının mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Daha sonra maraqlarına toxunan şəxs Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-355/2024 saylı 06 may 2024-cü il tarixli qərardadı ilə “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbsin ləğv olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən avtomobili o, xx.xx.2012-ci il tarixdə baş etibarnamə ilə almış, lakin həmin vaxt maddi imkanı olmadığı üçün avtomobili rəsmiləşdirə bilməmiş və ona xx.xx.2012-ci il tarixli 811817 nömrəli etabarnamə ilə 14 il 4 ay müddətinə avtomobilə dair “sürücülük hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək, bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar adından ərizə vermək, digər hərəkətləri yerinə yetirmək” səlahiyyətləri verilmişdir. Göründüyü kimi Maraqlı şəxs avtomobili aldığı üçün mülkiyyətçi tərəfindən ona bu səlahiyyətlər verilmişdir. Sonradan ona həmin etibarnamə kifayət etdiyi üçün bu etibarnamə ilə avtomobilə sahiblik və istifadə etmişdir. Lakin bu yaxınlarda xəstəliyi ilə bağlı ona pul lazım olmuş və o avtomobili satmaq qərarına gəlmişdir. Buna görə də alqı-satqını rəsmiləşdirmək zərurəti yaranmışdır. Bu səbəbdən də avtomobili rəsmiləşdirmək üçün o, Gəncə şəhərində 9 saylı rayonlar arası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə müraciət etmiş və ona orada bildirmişlər ki, Borclu Elmar qızının borcu olduğu üçün avtomobilin üzərinə həbs qoyulmuşdur. Maraqlı şəxs avtomobilin faktiki olaraq onun sahibliyində və istifadəsində olduğunu nəzərə alaraq, bu halı ədalətsiz hesab etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-355/2024 saylı 15 avqust 2024-cü il tarixli qərardadına əsasən maraqlarına toxunan şəxs Maraqlı şəxs ərizəsi təmin edilməmişdir. Həmin qərarardaddan maraqlarına toxunan şəxs Maraqlı şəxs şikayət verərək ləğv edilməsi və “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobil faktiki olaraq onun sahibliyində və istifadəsindədir. O, avtomobili əvvəllər tanımadığı Borclu Elmar qızından xx.xx.2012-ci il tarixdə almış və hazırda da avtomobil faktiki onun mülkiyyətindədir. Borclu Elmar qızının borcuna görə avtomobilin üzərində həbs olmağı Maraqlı şəxs konstitusiyon hüquqlarının pozulmasına gətirib çıxarır. Məhkəmə qərardad qəbul edərkən yuxarıda göstərdiyi halların heç birinə hüquqi qiymət verməmişdir. Bununla onun bütün hüquqlarını tapdalanmışdır. Şablon, heç bir hüquqi əsası olmayan hallara əsaslanmışdır. Baş etibarnamə verilməklə Maraqlı şəxs avtomobili almışdır. Maddi imkanı çox aşağı olduğu üçün rəsmi olaraq mülkiyyətinə keçirə bilməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, etibarnamə hər-hansı əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd deyildir. Lakin bununla bağlı bildirmişdir ki, ona verilən həmin etibarnamə 14 illik olmaqla yanaşı bütün hüquqları verir. Bu hal avtomobilin faktiki onun istifadəsində və sərəncamında olduğunun sübutudur. Bu hal isə onu deməyə əsas verir ki, həmin avtomobil faktiki onun mülkiyyətindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli 8(011)- 355/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı maraqlarına toxunan şəxs Maraqlı şəxs aid hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 769/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu Elmar qızından 12000 manat pul vəsaiti iddiaçı Tələbkar xeyrinə tutulmalıdır. İş materiallarında olan məktubun surətindən məlum olmuşdur ki, Xətai Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərar və icra sənədinin surəti xx.xx.2022-ci il tarixdə Borclu Elmar qızına göndərilmiş, xx.xx.2023-cü il tarixdə Borclu Elmar qızı həmin qərarla tanış olmuşdur. İş materiallarında olan “Elektron icra” informasiya sistemindən alınan çıxarışın surətindən məlum olur ki, Borclu Elmar qızının mülkiyyətində “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarına münasibətdə qeyd edir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir və bu tədbirin tətbiqinin mümkünlüyünə müvafiq əsasların mövcud olub-olmadığı, habelə, icra məmuru tərəfındən “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq icra sənədinin icrası məqsədilə icra hərəkətlərinin yerinə yetirilib-yetirilmədiyi və tələbin borclunun əmlakına yönəldilməsi ilə bağlı prosedur qaydalarına əməl olunub-olunmadığı kontekstində qiymət verilməlidir. Bu mənada, bu tədbirin tətbiqi əsası, icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi ilə şərtləndirilmişdir (“İcra haqqında” Qanunun 43-cü və 44-cü maddələri). “İcra haqqında” Qanunun 50.2-ci maddəsinə əsasən isə, “borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir”. Bununla belə nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 45-ci maddəsində isə tələbin borclunun əmlakına yönəldilməsinin bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarət olduğu vurğulanaraq (45.1-ci maddə) bu icra tədbirinin həyata keçirilməsinin ardıcıllığı müəyyənləşdirilmiş, icra sənədləri üzrə tələbin ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldildiyi (45.2-ci maddə), tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələbin borcluya məxsus olan digər əmlaka yönəldildiyi (45.6-cı maddə) nəzərdə tutulmuşdur. İşin faktiki hallarından göründüyü kimi avtomobilin üzərinə həbs qoyulması zərurəti məhz icra sənədi üzrə borclunun öz öhdəliklərini könüllü icra müddətində icra etməməsidir. Belə ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış və bu barədə xx.xx.2022-ci il tarixli qərar eləcə də icra sənədinin surəti borcluya göndərilmişdir. Borclu Elmar qızı isə xx.xx.2023-cü il tarixdə həmin qərarla tanış olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, məcburi icra tədbirinin tətbiqi üçün əsas yaranmışdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd olunan müddəalarına və işin faktiki hallarına əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, Borclu Elmar qızının mülkiyyətində olan “Vaz 21074” minik markalı, **-XF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, Maraqlı şəxs üzərinə həbs qoyulmuş avtomobili etibarnamə əsasında əldə etdiyinə əsaslanmaqla avtomobilin faktiki olaraq onun mülkiyyətində olmasını bildirmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur və nə qədər ki, qeyd olunan avtomobil borclunun mülkiyyətindədir eləcə də hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-769/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilməmişdir, belə olan halda həmin avtomobilin üzərinə həbs qoyulmalıdır. Bu isə digər şəxslərin mülkiyyət hüququnu məhdudlaşdırılması demək deyil. Digər tərəfdən borclunun mülkiyyət hüquqları da məhdudlaşdırılmamışdır, çünki borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir, hazırki işin hallarından da göründüyü kimi həmin tədbirlərin həyata keçirilməsi üçün müvafiq əsaslar olmuşdur Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli 8(011)-355/2024 saylı qərardadı maraqlarına toxunan şəxs Maraqlı şəxs aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar