Məhkəmə qərarları › İş №8(103)-423/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-423/2025

14.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-423/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İcra məmuru Türkay Yusiflinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4171/2022 saylı icra sənədinin verilməsi üçün əsas olmuş qərarın izah edilməsinə dair iş üzrə (açar sözlər: icra sənədinin verilməsi üçün əsas olmuş qərarın izah edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İcra məmuru Türkay Yusifli qətnamənin icra olunması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı icra vərəqəsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olub-olmaması barədə izah verilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)- 4171/2022 icra vərəqəsinə əsasən Tələbkar Bəhrəm oğlunun işdən azad olunması barədə Borclu MMC-nin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmri ləğv edilməsi, Tələbkar Borclu MMC-də supervayzer vəzifəsinə bərpa edilsin və məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İcra tədbirləri tətbiq edilməklə icra sənədi icra edilmişdir. Belə ki, Tələbkar Borclu MMC-yə əvvəlki vəzifəsinə bərpa edilmiş, əmək haqqısı 488 manatdan hesablanmaqla tələbkarın bank hesabına ödənilməklə icra olunmuşdur. Tələbkar şöbəyə ərizə göndərərək əmək haqqısının tam ödənilmədiyini bildirmişdir. Belə ki, Tələbkar ərizəsində qeyd etmişdir ki, işlədiyi müddətdə 2022-ci ilin aprel ayından 2024-cü ilin avqust ayınadək hər ay müxtəlif məbləğlərdə mükafatlar almışdır. Mükafat məbləğləri 1300, 1500, 1700 və s. olmuşdur. Buna görədə mükafat məbəği hər ay təxminən orta hesabla 1500 manat hesablanmasını və ümumi vəsait 28 ay üzrə 42000 manat ödənilməsini xahiş etmişdir. Tələbkar tələbini belə əsaslandırmışdır ki, KDV Azərbaycan MMC bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndində nəzədə tutulmuş 488 manatdan hesablanaraq ödənilmişdir. Halbuki, əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən işçiyə aylıq mükafat verilir. Mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Habelə, bayram günləri işə görə əlavə əmək haqqı ödənilir. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, tələbkar Borclu MMC-nin işçisi olmuşdur. O, Gəncə zonasındakı ticarət komandasının üzvü olmuşdur. İşəgötürənlə işçi arasnda əmək mübahisəsi olmuş və tələbkar işdən çıxarılmışdır. Daha sonra tələbkar məhkəmədə iddia qaldırmış və yekun olaraq Ali Məhkəmənin qəbul etdiyi qərardan sonra o, işə bərpa edilmişdir. 2024-cü ilin iyul ayında iş üzrə icra vərəqi verilmişdir. İcra sənədini könüllü icra edilmişdir. 2 ildən artıq müddətə tələbkara əmək haqqını ödənilmişdir. Ondan sonra tələbkar müəssisədə işləmədi. Oktyabr-noyabr ayında tələbkar müəssisədən bonusları istədi. Bu kimi ticarət şirkətlərində bonus sistemi dəyişir. Bonus tələbkarın fərdi əməyindən, onun performansından asılıdır. O orda işləsəydi, işə həvəsi olardı, necə işləyərdi bunu heç kim deyə bilməz. Bonus fərdi şəkildə müəyyən edilir. Daha sonra hazırkı məhkəmə mübahisəsi başlanmışdır. Həmçinin bildirir ki, qarşı tərəfin özündə də sübut yoxdur ki, ona nə qədər bonus verilməlidir. Çünki bonus işçisin performansından asılı olaraq dəyişirdi. Tələbkar məhkəməyə yazılı qaydada müraciət edərək, işlədiyi müddətdə 2022-ci ilin aprel ayından 2024-cü ilin avqust ayınadək hər ay müxtəlif məbləğlərdə mükafatlar almışdır. Mükafat məbləğləri 1500,1700, 2000 və s. olmuşdur. Buna görədə ona orta hesabla 1500 manat hesablanlanmaqla və ümumi olaraq 28 ay üzrə 42000 manat vəsait ödənilməlidir. Belə ki, KDV Azərbaycan MMC bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuş 488 manatdan hesablanaraq ödənilmişdir. Halbuki, əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən işçiyə aylıq mükafat verilir. Mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Habelə, bayram günləri işə görə əlavə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı -müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanunun mənasından görünür ki, mükafat əmək haqqının tərkib hissəsidir. Əmək Məcəlləsinin 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif maaşı, əlavələr və mükafatlar daxildir. Tələbkar ilə KDV Azərbaycan MMC arasında bağlanmış əmək müqaviləsinin 4-cü hissəsində nəzərdə tutulmuş 488 manat göstərilmiş, 4.3-cü bəndində isə işçiyə aylıq mükafat verilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin 4-cü hissəsindən də göründüyü kimi aylıq tarif maaşı, əlavələr və mükafatlar əmək haqqı başlığında qeyd edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-73/2025 nömrəli qərardadına əsasən, ərizənin təmin edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olmaması” kimi başa düşülməsinə dair izah verilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu MMC-yə bildiriş təqdim edilmişdir. İş materiallarından görünür ki, Borclu MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Tələbkar Bəhrəm oğlunun işdən azad olunması barədə Borclu MMC-nin xx.xx.2022-ci il tarixli, 012K nömrəli əmrinin ləğv edilməsi, “Əmək və Məşğulluq"’ altsistemində Tələbkar Bəhrəm oğlunun xx.xx.2022-ci il tarixli, 012K nömrəli xitam əmrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət olunması, Tələbkar Bəhrəm oğlu “KDV Azərbaycan" MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi, Tələbkar Bəhrəm oğlunun əmək kitabçasında əmrin ləğvi ilə bağlı müvafiq qeydlərin aparılması, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Tələbkar Bəhrəm oğlunun hesabına ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Borclu MMC ilə Tələbkar Bəhrəm oğlu arasında bağlanmış xx.xx.2020-ci il əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən əmək haqqı 333 manat məbləğində tarif dərəcəsi (vəzifə maaşı) və 155 manat məbləğində əlavədən ibarətdir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən işçiyə aylıq mükafat verilir, mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından aslıdır. Məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə verilmiş anlayışdan da görünür ki, mükafat işçinin əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə dair maddi marağının artırılması üçün ödənilən həvəsləndirici pul vəsaitidir. Hər nə qədər tələbkarın təqsiri olmasa da, mübahisəsiz qaydada müəyyən olunur ki, işəgötürənin əmri ilə tələbkarın işdən azad edildiyi gündən məhkəmə qətnaməsi ilə onun işə bərpa olunduğu günədək o, müəssisədə işləməmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərindən də görünür ki, mükafat tələbkarın da üzvü olduğu ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Yəni ki, komanda olaraq ticarət nümayəndələrinin satdığı məhsuldan asılı olaraq komanda üzvlərinə aylıq mükafat verilir. Göründüyü kimi tələbkara ödənilən mükafatın miqdarı həm onun özünün əməyindən, həm də onunla birlikdə işləmiş digər işçilərindən əməyindən asılıdır. Belə olduğu təqdirdə isə malların satışında iştirak etməmiş tələbkara aylıq mükafatların verilməsinin hər hansı hüquqi əsası yoxdur. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddənin Qeyd hissəsində bildirilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Qeyd edilən maddənin tələbləri nəzərə alınaraq məhkəmə qətnamə qəbul edərkən məcburi iş buraxma müddəti üçün əmək haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Məhkəmə Əmək Məcəlləsinin 300-cü maddəsinin Qeyd hissəsi ilə birlikdə hazırkı mübahisəyə tətbiq edərək tərəflərin diqqətinə çatdırır ki, məcburi işburaxmaya görə əmək haqqı dedikdə orta əmək haqqı nəzərdə tutulur. Ona görə də məhkəmə hesab edir ki, qətnaməyə göstərilən qaydada izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olmaması” barədə izah edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)- 73/2025 nömrəli qərardadından şikayət verərək Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(011)-73/2025 saylı qərardadının ləğv edilməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olması” kimi başa düşülməsinə dair izah verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə icra məmuru Türkay Yusiflinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsinə dair ərizəsi təmin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olması” kimi başa düşülməsinə dair izah verilməsi qərara alınmışdır. Borclu MMC həmin qərardaddan şikayət verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət borclu tərəfindən ötürüldüyündən, Borclu MMC-nin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət geri qaytarılmışdır. Borclu MMC xx.xx.2025-ci il tarixində şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-73/2025 nömrəli qərardadının ləğv edilməsini və şikayətə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Borclu xx.xx.2025-ci il tarixli qərardadına həmçinin prosessual müddətin bərpası barədə ərizə əlavə edərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün üzrlü səbəbdən buraxılmış prosessual müddətin bərpa edilməsi və şikayətə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-73/2025-saylı qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsində “məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” tələbində əmək haqqı dedikdə 488 manatla yanaşı aylıq ödənilmiş mükafatların əmək haqqının tərkib hissəsi olmaması” kimi başa düşülməsinə dair izah vermişdir. Bildirir ki, işlədiyi müddətdə 2022-ci ilin aprel ayından 2024-cü ilin avqust ayınadək hər ay müxtəlif məbləğlərdə mükafatlar alıb. Mükafat məbləğləri 1500,1700, 2000 və s. olmuşdur. Buna görə də ona orta hesabla 1500 manat hesablanlanmaqla və ümumi olaraq 28 ay üzrə 42000 manat vəsait ödənilməlidir. Belə ki, KDV Azərbaycan MMC bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndində nəzərdə tutulmuş 488 manatdan hesablanaraq ödənilmişdir. Halbuki, əmək müqaviləsinin 4.3-cü bəndinə əsasən işçiyə aylıq mükafat verilir. Mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Habelə, bayram günləri işə görə əlavə əmək haqqı ödənilir. Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qanunun mənasından görünür ki, mükafat əmək haqqının tərkib hissəsidir. Əmək Məcəlləsinin 157.3-cü maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif maaşı, əlavələr və mükafatlar daxildir. Tələbkar ilə KDV Azərbaycan MMC arasında bağlanmış əmək müqaviləsinin 4-cü hissəsində nəzərdə tutulmuş 488 manat göstərilmiş, 4.3-cü bəndində isə işçiyə aylıq mükafat verilməsi nəzərdə tutulmuşdur. Əmək müqaviləsinin 4-cü hissəsindən də göründüyü kimi aylıq tarif maaşı, əlavələr və mükafatlar əmək haqqı başlığında qeyd edilmişdir. Odur ki, əmək haqqı 488 manatla yanaşı mükafat məbləğindən ibarətdir. Məhkəmə qərardadında hüquqi əsaslandırmasında Əmək Məcəllənin 157-ci maddəsinə istinad etsə də düzgün hüquqi nəticəyə gəlməmişdir. Məhkəmə qərardadında qeyd edir ki, əmək müqaviləsinin şərtlərinə əsasən, mükafat tələbkarın da üzvü olduğu ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Yəni ki, komanda olaraq ticarət nümayəndələrinin satdığı məhsuldan asılı olaraq komanda üzvlərinə aylıq mükafat verilir. Tələbkara ödənilən mükafatın miqdarı həm onun özünün əməyindən, həm də onunla birlikdə işləmiş digər işçilərindən əməyindən asılıdır. Belə olduğu təqdirdə isə malların satışında iştirak etməmiş tələbkara aylıq mükafatların verilməsinin hər hansı hüquqi əsası yoxdur. Lakin, Əmək Məcəllənin 157-ci maddəsinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı-işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə-əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafatəməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək müqaviləsində nəzərdə tutulmuş mükafat həvəsləndirici pul vəsaiti və hər ay mütəmadi olaraq həmin vəsaiti alıb. Bankdan çıxarış işə əlavə olunmuşdur. Digər tərəfdən Məhkəmənin qeyd etdiyi kimi işə bərpa olunduğu günədək həmin şirkətdə işləməyi KDV Azərbaycan MMC-nin qanunsuz əmri olmuşdur və həmin əmr Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə ləğv olunmuşdur. Bu səbəbdən mükafatın ona verilməməsi barədə qərardad ədalətli deyil. KDV Azərbaycan MMC-nin nümayəndəsi ifadəsində onun mükafatın məbləği barədə sübut təqdim etmədiyini bildirmişdir. Lakin, o hər ay aldığı mükafatları sübut edən bank çıxarışlarını icra məmuruna və məhkəməyə təqdim etmişdir. İcra məmuru təqdimatı verərkən həmin bank çıxarışına əsaslanmışdır. Nümayəndə şirkətdə işləmədiyini bildirmişdir. Şirkət onu işə bərpa etməsinə baxmayaraq işdən çıxmağı üçün ona süni əngəllər yaratmış, qəsdən ona yaşayış yerindən yüzlərlə kilometr uzaqda ərazini təhkim etmişdir. Həmçinin işəgötürənin qeyri-etik və kobud davranışları onu işdən çıxmağa məcbur etmişdi. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-73/2025 nömrəli qərardadından verdiyi verdiyi şikayətinin təmin edilməməsi, şikayətin 8(011)-73/2025 nömrəli mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 154.

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 157

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər.

3. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir.

4. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir.

5. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir.

6. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Maddə 177.

1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

4. Orta əmək haqqı müəyyən edilərkən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş əməyin ödənilməsi üzrə bütün növ ödənclər hesaba alınır.

5. Orta əmək haqqının hesablanması qaydası bu Məcəllənin 60, 77, 123, 170, 172, 179, 181, 198, 224, 230, 232, 236, 243, 244, 245 və 293-cü maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilir.

6. Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 300. 1.Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 2.İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. İcra haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 14.1. İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2.kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Tələbkar Bəhrəm oğlunun işdən azad olunması barədə Borclu MMCnin xx.xx.2022-ci il tarixli 012K nömrəli əmrin ləğv edilməsi, Tələbkar Bəhrəm oğlunun Borclu MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, 100 manat məbləğində dövlət rüsumunun Borclu MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4171/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmiş, Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında Borclu MMC-yə bildiriş təqdim edilmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, Borclu MMC-nin xx.xx.2024-cü il tarixli əmri ilə Tələbkar Bəhrəm oğlunun işdən azad olunması barədə Borclu MMC-nin xx.xx.2022-ci il tarixli, 012K nömrəli əmri ləğv edilməsi, “Əmək və Məşğulluq"’ altsistemində Tələbkar Bəhrəm oğlunun xx.xx.2022-ci il tarixli, 012K nömrəli xitam əmrinin ləğv edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə müraciət olunması, Tələbkar Bəhrəm oğlunun “KDV Azərbaycan" MMC-də supervayzer vəzifəsinə bərpa edilməsi, Tələbkar Bəhrəm oğlunun əmək kitabçasında əmrin ləğvi ilə bağlı müvafiq qeydlər aparılması, məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq Tələbkar Bəhrəm oğlunun hesabına ödənilməsi əmr edilmişdir. Borclu MMC ilə Tələbkar Bəhrəm oğlu arasında bağlanmış xx.xx.2020-ci il əmək müqaviləsinin 4.2-ci bəndinə əsasən işçinin əmək haqqı 333 manat məbləğində tarif dərəcəsi (vəzifə maaşı) və 155 manat məbləğində əlavədən ibarətdir. Həmin müqavilənin 4.3-cü bəndinə, əsasən işçiyə aylıq mükafat verilir, mükafatın məbləği ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından aslıdır. İcra sənədi üzrə tələbkarın şikayətinin dəlillərindən müəyyən olunur ki, o, işəgötürənin təqsiri üzündən işləmədiyindən hesab edir ki, ona əmək haqqı ilə yanaşı əmək müqaviləsində nəzərdə tutulan mükafatda ödənilməlidir. Kollegiya qeyd edir ki, orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir. Orta əmək haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə təsdiq edilmişdir. Eyni zamanda, orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclər Nazirlər Kabineti tərəfindən müəyyən edilir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 126 saylı qərarı ilə təsdiq edilmiş Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı) Qanunsuz olaraq işdən çıxarılmış işçilərin müdafiəsinin mühüm təminatlarından biri də qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsidir. Qanunsuz olaraq işdən çıxarılmış və əvvəlki işinə bərpa olunmuş işçiyə əmək mübahisəsinə baxan məhkəmə işdən çıxarıldığı gündən etibarən məcburi iş buraxdığı müddət üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edir. Əgər məhkəmə qətnaməsinə əsasən işçinin işdən azad edilməsi qanunsuz hesab edilərsə, o zaman, işçi öz iş yerində bərpa edilməli və işəgötürən işçiyə məhkəmə müddətində yaranan bütün məcburi işburaxma müddəti üçün orta əmək haqqı ödəməlidir. Belə ki, ƏM-in 300-cü maddəsinə əsasən, əgər, işəgötürən əmək müqaviləsini ƏM-in tələblərinə əməl etmədən, işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə məcburi iş buraxma müddəti üçün işçiyə əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. ƏM-in 300-cü maddəsinin - qeyd hissəsinə əsasən isə bu hallarda, işçiyə - işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddət üçün orta əmək haqqı ödənilir. Əmək qanunvericiliyinə əsasən mükafat işçinin əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə dair maddi marağının artırılması üçün ödənilən həvəsləndirici pul vəsaitidir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən, işçiyə mükafatın verilməsi üzvü olduğu ticarət nümayəndələri komandasının satdığı məhsulun miqdarından asılıdır. Göründüyü kimi tərəflər əmək müqaviləsi bağlayarkən isətənilən halda deyil, komanda olaraq ticarət nümayəndələrinin satdığı məhsulun həcmindən asılı olaraq komanda üzvlərinə aylıq mükafat veriləcəyi şərtini müəyyən etmişlər. İcra sənədi üzrə tələbkar işləmədiyindən, əmək müqaviləsinə əsasən ona ödənilməli olan mükafatın miqdarı həm onun özünün əməyindən, həm də onunla birlikdə işləmiş digər işçilərin əməyindən asılı olduğundan, malların satışında iştirak etməmiş tələbkara aylıq mükafatların verilməsinin hüquqi əsası yoxdur. Belə ki, tərəflər əmək müqaviləsi bağlayarkən mükafatın verilməsini görülən işin həcmindən asılı etmişlər. İstinad olunanlara əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olduğundan, şikayətin dəlilləri qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-73/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar