Məhkəmə qərarları › İş №8(103)-424/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-424/2021

10.08.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-424/2021 10.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Tələbkarın nümayəndəsi X2 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 23 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair X6, Borclu2 və Borclu3 ərizəsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 8(003)-155/2021 saylı 30.06.2021-ci il tarixli qərardadından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 23 aprel 2021-ci il tarixli qərarı ilə ”İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.1-ci maddəsinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli, 18.04.2019-cu il tarixli icra vərəqəsi tələbkarın ərizəsinə əsasən geri qaytarılmışdır. Borclular X6, Borclu2 və Borclu3 Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin 23 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsinə dair ərizə ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 8(003)-155/2021 saylı 30.06.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Mübariz Abbasovun Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli, 18.04.2019-cu il tarixli icra sənədinin geri qaytarılmasına dair 23 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli, 18.04.2019-cu il tarixli icra sənədi üzrə icra tədbirləri davam etdirilməsi qərara alınmışdır. Qeyd olunan qərardaddan narazı qalan tələbkar şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı mübahisələndirilən icra vərəqəsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilməsi və şikayətə orada baxılmalı olduğu halda, Bakı şəhəri Xəzər rayon Məhkəməsində baxılmış və bununla da aidiyyət qaydası pozulmuşdur. Bundan başqa icra sənədinin geri qaytarılması “İcra Haqqında” qanunun 23cü maddəsi ilə tənzimlənir. Həmin maddənin 23.1.1-ci maddəsinə əsasən icra prosesinin hər hansı bir mərhələsində tələbkar tərəf icra işinin qismən və ya tam icrası istiqamətində icra sənədinin məhkəməyə geri qaytarılması ilə bağlı ərizə verə bilər və bu məsələ ilə bağlı qanunvericilikdə heç bir məhdudiyyət nəzərdə tutulmayıb. “İcra Haqqında” Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin tələbkarın ərizəsi əsasında geri qaytarılması norması imperativ norma olduğundan bu barədə icra məmurunun qərarı əsaslıdır. Eləcə də, borclu tərəfin hüquq və qanunla qorunan mənafeyinin pozulmasının hazırkı vəziyyətdə nədən ibarət olması məhkəmə tərəfindən açıqlanmamış və İcra Haqqında AR Qanununun 23.1.1-ci maddəsinə əsaslanaraq qəbul edilmiş qərar nəticə etibarı ilə borclunun heç bir hüquq və qanunla qorunan mənafeyinin pozulması hesab edilmir, belə ki, mövcud qərarın qəbulu ilə bağlı borclu barəsində görülən bütün icra tədbirləri ləğv edilir və bu da öz növbəsində borclunu icra prosesindən kənarlaşdırır. Bütövlükdə hesab edir ki, məhkəmə ədalətli araşdırmanın norma və prinsiplərinə riayət etməyərək, birtərəfli mövqe tutmuş və bununla da tələbkar tərəfin qanunla qorunan hüquq və mənafelərinə xələl gətirmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 8(003)-155/2021 saylı 16.07.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən tələbkarın nümayəndəsi X3 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin birinci bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Həmin qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsasən, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.1-ci maddəsinə əsasən, tələbkarın ərizəsi əsasında, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. İş materiallarından görünür ki, Hərrac Mərkəzi "xxxx" MMC tərəfindən göndərilmiş hərrac sənədlərindən görünür ki, Borclu2 məxsus əmlaklara dair keçirilmiş hərraclar 29.03.2021-ci il tarixli bildirişlərə əsasən, baş tutmamış elan olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1108/2019 nömrəli, 18.04.2019-cu il tarixli icra vərəqəsi üzrə ipotekaya qoyulmuş əmlaklara dair təkrar hərracın keçirilməsi mərhələsində tələbkar "xxxx" ASC-nin məktubu əsasında icra sənədi geri qaytarılmışdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məhkəmə aktlarının icrası onların nəticə hissəsi ilə birbaşa bağlıdır. Yalnız qət olunan hissədə göstərilənlər icra hərəkətlərinin predmetini təşkil edir və məcburidir. Buna baxmayaraq, icra sənədi icra edilməsi üçün Bakı şəhəri Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilsə də, icra sənədi icra edilməmişdir. Nəzərə almaq lazımdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorunur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Göründüyü kimi tələbkar ona verilmiş hüquqlardan sui-istifadə etməklə icra sənədinin icra edilmədən məhkəməyə geri qaytarılmasını xahiş etməklə qanuni qüvvəsini almış məhkəmə qərarının icrasına məhdudiyyətlər törətmiş olmaqla, icra tədbirlərinin həyata keçirilməsinə maneələr yaratmaqla borclulara münasibətdə üstün mövqe əldə etmiş olur. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli, C.İsmayılzadənin şikayəti üzrə 6 iyun 2014-cü il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarları). Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində yer alan hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatına böyük önəm verilir. Belə ki, bu hüquq əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Məhkəmə müdafiəsi hüququ pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 3 noyabr 2008-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarları). Göründüyü kimi, hazırkı ərizəyə apellyasiya insansiyası məhkəməsi tərəfindən baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə zidd olaraq, tərəflərin qəbul ediləcək müvafiq məhkəmə qərarına yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasını məhdudlaşdırır. Bu isə tərəflərin yuxarıda qeyd olunan məhkəməyə müraciət etmək hüququ və məhkəmə müdafiəsi hüququnun təmin edilməsinə ziddir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayət formal əsaslarla verilmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi edilməsi üçün hüquqi əsaslar müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tələbkar tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 8(003)-155/2021 saylı 30.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsisinin 8(003)-155/2021 saylı 30.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar